əs-Saffat (Səf-səf duranlar) surəsi
(Məkkədə nazil olmuşdur, 182 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
- (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)
- Və Quran oxuyanlara!
- Həqiqətən, sizin Allahınız birdir!
- O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.
- Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
- (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
- Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
- (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab gözləyir!
- Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) təqib edər.
- İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
- Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
- Onlara (Quranla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
- Bir möcüzə gördükdə isə ona istehza edərlər.
- Və belə deyərlər: Bu ancaq açıq-aşkar bir sehrdir.
- Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
- Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!
- (Ya Peyğəmbər!) De: Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
- O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
- Və deyəcəklər: Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!
- (Mələklər isə onlara belə deyəcəklər): Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!
- (Allah mələklərə belə buyuracaqdır: ) Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -
- Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
- Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!
- (Mələklər istehza ilə onlara deyəcəklər: ) Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?
- Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!
- Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.
- (Tabe olanlar öz başçılarına) deyəcəklər: Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız).
- (Başçıları) deyəcəklər: Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.
- Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.
- Buna görə də Rəbbimizin sözü (əzab vədəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!
- Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!
- O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.
- Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.
- Onlara: Allahdan başqa heç bir tanrı yoxdur! deyildiyi zaman təkəbbür göstərirdilər.
- Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?! deyirdilər.
- Xeyr, o, haqla (Quranla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.
- Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!
- Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
- Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).
- Məhz onlar üçün məlum bir ruzi vardır.
- (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar
- Nəim cənnətlərində.
- Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
- Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.
- Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).
- Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.
- Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.
- Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
- Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.
- Onlardan biri belə deyəcək: Mənim bir yoldaşım var idi.
- O deyirdi: Sən, doğrudan da, inanmırsan ki,
- Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)
- (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: Siz (indi onun nə halda olduğunu) bilirsinizmi? (Onlar: Xeyr, - deyə cavab verəcəklər).
- O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək
- Və (ona üz tutub) deyəcəkdir: Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin!
- Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!
- Biz artıq ölməyəcəyik, elə deyilmi?
- (Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzab da görməyəcəyik!
- Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!