61. Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.
62. Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz.
63. Lakin (kafirlərin) qəlbləri bundan (Qurandan) xəbərsizdir (bu barədə cəhalət içindədir) . Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar).
64. Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər.
65. (Onlara belə deyirlər: ) Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!
66. Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız).
67. (Kəbə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Quran və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz).
68. Məgər (müşriklər) kəlam (Allah kəlamı - Quran) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Quranın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?)
69. Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər?
70. Yaxud: Onda divanəlik var? dedilər. Xeyr, Peyğəmbər onlara haqla (Quranla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır.
71. Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Quranı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər.
72. Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
73. Əslində sən onları doğru yola (islam dininə) dəvət edirsən!
74. Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!
75. Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər).
76. Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).
77. Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar).
78. Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın nemətlərinə) çox az şükür edirsiniz.
79. Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz.
80. Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz?
81. Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər.
82. (Keçmiş ümmətlər) belə demişdilər: Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik
83. Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) vəd olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir.
84. (Ya Rəsulum! Bu müşriklərə) de: Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?
85. Onlar mütləq: Allahındır! deyə cavab verəcəklər. Sən də de: Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?
86. De: Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?
87. (Müşriklər) mütləq: (Bunlar) Allahındır! deyə cavab verəcəklər. Onda sən də de: Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?
88. De: Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?
89. Onlar mütləq: (Bu qüdrət, bu vəsflər yalnız) Allahındır! deyə cavab verəcəklər. Sən də de: Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz
90. Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!
91. Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
92. O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!
93. (Ya Rəsulum!) De: Ey Rəbbim! Əgər (müşriklərə) vəd etdiyin əzabı mənə göstərəcəksənsə,
94. Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim! (Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!)
95. (Ya Rəsulum!) Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!
96. Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik!
97. Və de: Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
98. Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!
99. Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
100. Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.
101. Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
102. Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.
103. Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
104. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.
105. (Onlara deyilər: ) Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!
106. Onlar deyərlər: Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq!
107. Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq.
108. (Allah) buyurar: Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)
109. Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan! deyirdilər.
110. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.
111. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!
112. (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: Yer üzündə neçə il qaldınız?
113. Onlar: Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş! deyə cavab verəcəklər.
114. Allah buyuracaq: Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).
115. Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?
116. Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).
117. Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!
118. (Ya Rəsulum!) De: Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!