50. (Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub təriflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, möminlərin yanında onların ehtiramını və mərtəbəsini ucaltdıq).
51. (Ya Rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
52. Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.
54. (Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
55. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi).
56. (Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) bir peyğəmbər idi.
57.Biz onu yüksək bir məqama (Cənnətə, yaxud dördüncü göyə) qaldırdıq.
58. Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir].
59. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).
60. Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar.
61. Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir.
62. Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: Salam! eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır.
63. Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.
64. (Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir. (Cəbrail Quranı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!)
65. O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər)
66. (Qiyaməti inkar edən) insan: Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?deyə soruşur.
67. Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?
68. (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
69. Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik).
70. Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.
71. Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).
72. Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!
73. Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?deyə soruşarlar.
74. Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.
75. (Ya Rəsulum!) De: (Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin. Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.
76. Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!
77. (Ya Rəsulum!) Ayələrimizi inkar edib: (Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!deyən adamı (As ibn Vaili) gördünmü?
78. Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!
79. Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.
80. Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).
81. (Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.
82. Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.
83. (Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
84. Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).
85. O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.
86. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
87. Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).
88. (Müşriklər: ) Rəhman özünə övlad götürmüşdür!dedilər.
89. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)!
90. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-
91. (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!
92. Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.
93. Çünki, göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
94. And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.
95. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.
96. Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır).
97. (Ey Muhəmməd!) Biz (Quranı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.
98. Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib kökünü kəsəcəyik).