Qadin.NET / Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

 Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

56. Biz peyğəmbərləri yalnız (möminlərə Cənnətlə) müjdə verənlər və (kafirləri cəhənnəm əzabı ilə) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik. Kafirlər isə batil (sözləri) ilə haqqı (Quranı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna) mübahisə aparırlar. Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar.

57. Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər).

 58. Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların (öz əzab) vaxtı vardır (O zaman) onlar (Allahın əzabından qaçıb canlarını qurtarmağa) əsla bir yer tapa bilməzlər!

 59. O məmləkətlərin əhalisini (Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (vədə) müəyyən etmişdik.

60. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!

61. Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.

62. Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!

63. O isə: "Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!", deyə cavab verdi.

65. (Musa: ) "Elə istədiyimiz də (axtardığımız da) budur!", dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar.

66. (Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.

67. Musa ondan soruşdu: "Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?"

68. (Xızır) belə cavab verdi: Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).

69. Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?

Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

 

 

70. (Musa) dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!"

71. (Xızır: ) "Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!", dedi.

72. Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)."

73. (Xızır) belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?"

74. (Musa) dedi: "Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!"

75. Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: "(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)."

76. (Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?

77. (Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)."

78. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın."

Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

79. (Xızır) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!

80. Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.

81. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.

82. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

83. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!"

84. (Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!"

85. Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).

86. O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı).

87. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!"

88. O (İsgəndər) belə cavab verdi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!

89. İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik! (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).

90. Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.

Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

 

 

91. Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).

92. (Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).

93. Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.

94. Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yəcud-Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.

95. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?"

96. O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

97. Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!", dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!", dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).

98. (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.

99. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!" (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yəcuc-Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).

100. O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik.

101. O gün Biz Cəhənnəmi (gətirib) kafirlərə əyanən göstərərik.

Qurani-Kərimin Ər-Kəhf surəsi - 2

102. O kəslər ki, gözləri Məni anmaqdan qapalı (pərdəli) idi və eşitməyə də qadir deyildilər. (Onlar Quranın ülviyyətini, Mənim ayələrimi, qüdrətimə dəlalət edən əlamətləri görmür, öyüd-nəsihətlərimi də eşitmirdilər).

103. Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, İsanı və başqalarını) özlərinə dost (hami) edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi Mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!

104. (Ya Rəsulum!) De: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?"

105. O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

106. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!

107. Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası - Cəhənnəm!

108. İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!

109. Onlar orada (o cənnətlərdə) əbədi qalıb oradan ayrılmaq (başqa yerə getmək) istəməyəcəklər!

110. (Ya Rəsulum! Quranda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: "Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!"

111. De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!

31 yanvar 2014
GO BACK