Qadin.NET / Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

Ər-Kəhf (Mağara) surəsi 
(Məkkədə nazil olmuşdur, 110 ayədir) 
Bismillahir rəhmanir-rəhim!
1. Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! 
2. (Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
3. Onlar orada (Cənnətdə) əbədi qalacaqlar! 
4. O, həm də (Quranı): Allah Özünə övlad götürdü! deyənləri qorxutmaq üçün nazil etdi.
5. Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!
6. (Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
7. Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.
8. (Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına etibar yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan hər şey məhv olacaqdır).
9. (Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir).
10. (Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!) demişdilər.
11. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.
12. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
13. (Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq.
14. Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq! dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.
15. Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?!
16. (Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın).
Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

17. (Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!
18. (Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
19. (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: (Mağarada) nə qədər qaldınız? Onlar: Bir gün və ya bir gündən az! deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!
20. Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!
21. (İnsanlarıTərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir! Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik! dedilər.
22. (Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: Onlar üçdür, dördüncüsü köpəkləridir! - deyəcəklər. Bəziləri: Onlar beşdir, altıncısı köpəkləridir!deyəcəklər. Digərləri (möminlər) isə: Onlar yeddidir, səkkizincisi köpəkləridir! söyləyəcəklər. (Ya Rəsulum!) De: Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır! (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Quranda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
23. Və heç bir şey barəsində: Mən onu sabah edəcəyəm! demə!
24. Ancaq: İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm! de. (İnşallah deməyi) unutduğun zaman Rəbbinin yada salıb: Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə vesin!) de.
25. Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar).
26. (Ya Rəsulum!) De: Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların (yer və göy əhlinin) Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə (səltənətinə) şərik etməz! (Çünki Allahın heç bir şərikə ehtiyacı yoxdur!)
27. Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)
Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

28. Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!
29. Və de: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!
30. İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!
31. Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!
32. Onlara (biri mömin, digəri kafir olan) iki adamı misal gətir. Onların birinə (kafirə) iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin (zəmi) saldıq.
33. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq.
34. (Bu adamın) başqa sərvəti (gəliri) də var idi. O öz (yoxsul mömin) yoldaşı ilə söhbət edərkən (təkəbbürlə) ona dedi: Mən səndən daha dövlətli və əşirətcə (qəbilə, qohum-əqrəba, övlad, qulluqçu və s. cəhətdən) səndən daha qüvvətliyəm!
35. O (küfrə düşdüyü üçün) özünə zülm edərək bağına girib dedi: (Bu bağın) nə vaxtsa yox (məhv) olacağını güman etmirəm.
36. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən (qayıdış yeri) taparam!
37. Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
38. Lakin (mən inanaraq deyirəm ki) Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!
39. Bağına girdiyin zaman barı: Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və qüdrət) yalnız Allaha məxsusdur! deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə,
40. Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!
41. Yaxud suyu (tamamilə) çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!
42. Beləliklə, (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb bağa) qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O (qarşısındakı mənzərəyə baxaraq): Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım! deyirdi.
43. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da (öz-özünə) kömək edə biləcək bir halda deyildi.
44. Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.
45. (Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir!
46. (Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!
47. O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
48. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək: ) Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!
Qurani-Kərimin Ər-Kəhf surəsi - 1

49. (Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki! Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)
50. (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə Adəmə (təzim məqsədilə) səcdə edin! demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!
51. Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım!
52. O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: (Mənə ortaq olduqlarını) iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər. Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar edərik!
53. Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin edəcək və oradan baş götürüb qaçmağa (kənara çıxmağa) bir yer tapa bilməyəcəklər.
54. Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar).
55. İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri düçar etdiyimiz müsibətlərin) onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib onlara yetişməsini gözləməlidirlər. 
26 yanvar 2014
GO BACK