56. De: (Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!
57. Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!
58. Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!
59. Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk.
60. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!) demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!
61. Yenə yadına sal ki, bir zaman mələklərə: Adəmə səcdə edin! deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?! demişdi.
62. (İblis) həmçinin: (Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm).
63. (Allah) buyurdu: Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
64. Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
65. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!
66. Sizin üçün (bol) nemətindən özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!
67. Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!
68. Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
69. Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz
70. Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)
71. Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.
72. Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!
73. (Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.
74. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!
75. (Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz).
76. (Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər). Əgər onlar belə etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
77. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi).
78. Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
79. (Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!
80. De: Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver! (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz qalsınlar!)
81. De: Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!
82. Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.
83. İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!
84. De: Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!
85. (Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!
86. Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Quranı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).
87. Lakin (bunu etməməyimiz) Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən, Onun sənə olan neməti böyükdür!
88. (Ya Peyğəmbərim!) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.
89. Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdi).
90. (Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik.
91. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca;
92. Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə;
93. Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq! (Ya Rəsulum!) De: Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam! (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
94. (Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: Allah bir insanımı peyğəmbər göndərdi? demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
95. (Ya Rəsulum!) De: Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!
96. De: Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!
97. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!
98. Bu, ayələrimizi inkar etdiklərinə və: Sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq? dediklərinə görə onların cəzasıdır.
99. Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı olmurlar).
100. (Ya Peyğəmbərim, müşriklərə) de: Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə yoxsulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir!
101. Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir), - demişdi.
102. (Musa da) ona: Sən bunları məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni (küfrə düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm! deyə cavab vermişdi.
103. (Firon) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fironu) və onunla birlikdə olanların hamısını (suya) qərq etdik.
104. Və bundan sonra İsrail oğullarına dedik: Siz (Şam) ərazisində sakin olun. Axirət vədəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Firon əhlini, yaxud möminləri və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!
105. Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. Səni də yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.
106. İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik.
107. (Ya Rəsulum, müşriklərə) de: İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
108. Və: Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir! deyərlər.
109. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.
110. (Ya Rəsulum!) De: İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!
111.Və de: Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun! Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)