Qadin.NET / Qurani-Kərim ər Hicr surəsi- 2

Qurani-Kərim ər Hicr surəsi- 2

 

Qurani-Kərim ər Hicr surəsi- 2

46. Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!

47. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.

48. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).

49. (Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!

50. Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!

51. Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!

52. O zaman ki, onlar onun hüzuruna daxil olub: Salam! dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) Biz, həqiqətən, sizdən qorxuruq! dedi.

53. Onlar: Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik! deyə cavab verdilər.

54. (İbrahim: ) Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız? deyə soruşdu.

55. (Mələklər: ) Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini üzənlərdən olma! dedilər

56. (İbrahim) dedi: (Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!

57. Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir? dedi.

58. (Mələklər) belə cavab verdilər: Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik.

59. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik!

60. Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!

61. Elçilər (mələklər) Lutun yanına gələndə

62. (Lut) dedi: Siz yad adamlarsınız (mən sizi tanımıram)

63. (Mələklər) belə cavab verdilər: Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!

64. Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!

65. Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!

66. Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq.

67. (Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.

68. (Lut) dedi: Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!

69. Allahdan qorxun və məni xar etməyin!

70. Onlar: Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi? deyə soruşdular.

Qurani-Kərim ər Hicr surəsi- 2

71. (Lut) dedi: Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!

72. (Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).

73. Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.

74. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.

75. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!

76. Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!

77. Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!

78. Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şüeyb tayfası da) zalım idi. (Onlar Allaha asi olmaqla özlərinə zülm etdilər).

79. (Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar).

80. Həqiqətən , (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar.

81. Biz onlara (Hicr əhalisinə) möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu möcüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər).

82. Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular.

83. Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü.

84. Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).

85. Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!).

86. Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!

87. (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.

88. (Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir), möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et!)

89. Və de: Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!

90. Eynilə (Quranı) bölənlərə endirdiyimiz (əzab) kimi!

91. O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bəzisi Quranı şer, bəzisi sehr, bəzisi isə kahinlik əsəri adlandırırdı).

92. (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik -

93. (Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)

94. (Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

95. Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik.

96. O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər!

97. (Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik!

98. Sən isə Rəbbini tərifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol!

99. Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!

16 noyabr 2013
GO BACK