Qadin.NET / Qurani-Kərimin Yusuf surəsi (1)

Qurani-Kərimin Yusuf surəsi (1)

Qurani-Kərimin Yusuf surəsi (1)

Yusuf (Yusif) surəsi 
(Məkkədə nazil olmuşdur, 111 ayədir) 
Bismillahir rəhmanir-rəhim!

  1. Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir!
  2. (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız.
  3. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.
  4. Bir zaman Yusif atasına demişdir: Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.
  5. (Atası Yəqub) dedi: Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.
  6. . (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!
  7. Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.
  8. Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!
  9. (Aralarında biri dedi: ) Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!
  10. Bir başqası (Rubil və ya Şəmun) belə dedi: Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər
  11. Onlar dedilər: Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən?
  12. Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!
  13. (Yəqub) dedi: Onu aparmağınız məni çox məyus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!
  14. Onlar: Biz güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki! deyə cavab verdilər.
  15. (Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən! deyə vəhy etdik.
  16. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.
    Qurani-Kərimin Yusuf surəsi (1)
  17. Və dedilər: Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!
  18. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!
  19. Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: Müjdə! Bu bir oğlandır! dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!
  20. (Yusifi təqib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: Bu bizim qaçmış köləmizdir!  deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yəqubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.
  21. (Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək! Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
  22. (Yusif gəncliyinin) ən yetkin dövründə (17, 18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!
  23. Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: Di gəlsənə! dedi. (Yusif isə: ) Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar! deyə cavab verdi.
  24. Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!
  25. (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!
  26. (Yusif) dedi: O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi! Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
  27. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.
  28. (Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!
  29. Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.
    Qurani-Kərimin Yusuf surəsi (1)
  30. Şəhərdəki qadınlar dedilər: Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.
  31. (Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): Onların qarşısına çıx! deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir! - dedilər.
  32. (Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!
  33. (Yusif) dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.
  34. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!
  35. (Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).
  36. Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram. Digəri (aşpaz) isə belə dedi: Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!
  37. (Yusif) belə cavab verdi: Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!
  38. Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!
  39. Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!
  40. (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!
    Qurani-Kərimin Yusuf surəsi (1)
  41. Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir! (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)
  42. (Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: Ağanın yanında məni də yada sal! Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.
  43. (Bir gün) padşah (Misir padşahı) belə dedi: Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!
  44. Onlar: (Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik! deyə cavab verdilər.
  45. (Zindandakı) iki (cavan) oğlandan (edamdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana  Yusifin yanına) göndərin!
  46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mənasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!
  47. (Yusif) belə cavab verdi: Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.
  48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
  49. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər).
  50. (Bunları eşidən) hökmdar: Onu mənim yanıma gətirin! dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!
  51. (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar:) Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik! deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır.
19 noyabr 2013
GO BACK