83. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar).
84. Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!
85. Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!
86. Əgər möminsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!
87. Onlar (istehza ilə) dedilər: Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!
88. (Şüeyb onlara) belə cavab verdi: Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
89. Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn müsibətlər, sizin də başınıza gələr).
90. Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!
91. Onlar dedilər: Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!
92. (Şüeyb) dedi: Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!
93. Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!
94. (Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).
95. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu!
96. Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik -
97. Firona və onun əyan-əşrafında. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi.
98. (Firon) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!
99. Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!
100. Bu, (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur.
101. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.
102. Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!
103. Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.
104. Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq.
105. (Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!
106. Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir.
107. Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar möminlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).
108. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bəzi kamil möminlərin daha yüksək mərtəbələrə - ərşi-əlaya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.
109. Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!
110. Biz Musaya kitab (Tövrat) verdik və onun (Quranın) barəsində də ixtilaf düşdü (yəhudilərin bəzisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Quranın) barəsində də şəkk-şübhədədirlər!
111. Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!
112. (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!
113. Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!
114. (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
116. Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.
117. Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!
118. Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar.
119. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mömin və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam! - sözü tamamilə yerinə yetdi!
120. (Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!
121. İman gətirməyənlərə de: Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik!
122. Və (düçar olacağınız əzabı) gözləyin. Biz də gözləyirik!
123. Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!