Qadin.NET / Ət-Tövbə surəsi - 3

Ət-Tövbə surəsi - 3

 

87. Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.

 88. Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

 89. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!

 90. Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

 91. Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

92. (Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: Sizin minməyiniz üçün bir heyvan tapmıram, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!

93. Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!

94. (Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: (Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!

95. Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!

96. Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!

97. Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

98. Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və (bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. (Möminlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir, biləndir!

99. Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

100. (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!

 

101. Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.

102. (Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

103. (Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.

104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!

105. De: (Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!

106. (Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

107. (Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik, - deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!

108. (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!

109. Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!

110. Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

111. Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!

112. (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!

113. Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!

114. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.

115. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!

116. Həqiqətən, göylərin və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!

117. Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları əshabələri ilə birlikdə olun!)

bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.

118. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

119. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun)

120. Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

121. Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!

122. (Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!

123. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!

124. Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.

125. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!

126. Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!

127. (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: (Müsəlmanlardan) sizi görən varmı? deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!

128. (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!

129. (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)

30 sentyabr 2013
GO BACK