Qadin.NET / Ət-Tövbə surəsi - 2

Ət-Tövbə surəsi - 2

 

Ət-Tövbə surəsi - 2

43. Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?

44.Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!

45. Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar.

46. Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: (Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun! - deyildi.

47. Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır!

48. Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.

49. Onlardan (münafiqlərdən): Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma! deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!

50. Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: Biz tədbirimizi qabaqcadan görmüşük! deyər və sevincək halda dönüb gedərlər.

51. De: Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!

52. De: Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik!

53. (Münafiqlərə) de: İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

54. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.

55. (Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

56. (Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.

57. Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.

58. Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.

59. Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!eyəydilər!

60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

61. (Münafiqlər içində) Peyğəmbəri incidib: O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır, - deyənlər də var. De: O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!

62. (Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!

63.Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.

64. Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!

65. (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik),- deyə cavab verərlər. De: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!

66. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!

67. Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!

Ət-Tövbə surəsi - 2

68. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!

69. (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!

70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

71. Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

72. Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!

73. Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!

74. (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!

75. (Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq.

76. (Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!

77. (Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.

78. Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!

79. Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!

80. (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!

81. (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): Bu istidə döyüşə çıxmayın! dedilər. (Ya Peyğəmbərim!) De: Cəhənnəm odu daha istidir! Kaş biləydilər!

82. Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!

83. Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!

84. Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.

85. Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.

86. Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun! deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq! deyərlər.

25 sentyabr 2013
GO BACK