Qəlbi Allah sevgisi ilə döyünən insan hər şeyə sevgi ilə yanaşar. Aləm gözündə gözəlləşər. Yaranan hər varlıqda Rəbbindən bir dəlil axtarar. Onu tapdıqda isə heyrət onu bürüyər, gözləri yaşla dolar və düşünər ki, “Ey Rəbbim, mən sənə necə səcdə edim ki, rahat olum.” Allah kimə lütf edib doğru yola yönəldərsə, o insan özü də hiss etmədən günbəgün gözəlləşər. Bu, həm zahirən, həm də daxilən baş verən dəyişiklikdir ki, bunu da yalnız iman sahibləri görə bilər. Belə insanlar düşdükləri çətinliklərə və əziyyətlərə baxmayaraq, özlərini çox xoşbəxt və rahat hiss edərlər. Bu səbəbdən də, ətraflarındakı insanlara da mərhəmət və sevgi ilə yanaşar və onları Allahın buyurduğu gözəl din əxlaqı ilə yaşamağa dəvət edərlər. Bu əxlaqda olan insan gözəl davranışı ilə hər kəsə nümunə olar. Ona qarşı edilən kobud və sərt münasibətdə belə, Mərhəmətli Rəbbimizi düşünürək səbir və təmkinlə davranar. Öz gözəl əxlaqı ilə qarşı tərəfi utandırar. Belə davranış həm də əxlaqi-tərbiyyəvi əhəmiyyət kəsb edir. Belə ki, Allahı sevən və Ondan qorxan insan hər addımında Uca Rəbbimizin Ondan razı qalması üçün əlindən gələni əsirgəməz. Sahib olduğu nemətləri Allah rizası üçün xərcləyər və özü də bundan razı qalar.
Allahı sevmək...! Bunu sözlərlə ifadə etmək kifayət deyil. Bu hissi yaşamaq lazımdır. Çoxları deyə bilər ki, “Allahı biz də sevirik.” Lakin kor-koranə həyat yaşayar, dil vərdişi olaraq bu ifadəni dillərinə gətirərlər. Allah sevgisini yaşayan insan səmimi, mehriban, mərhəmətli, qayğıkeş, səbirli, təvazökar, inamlı, düzgün qərarlı olar və bu gözəl hissi yaşamaq ona çox böyük hüzur və rahatlıq gətirər. Bu, Allahın çox böyük lütfüdür.
Unutmayaq ki, Uca Rəbbimiz bağışlayan, çox mərhəmətli, çox lütfkar və sevilməyə ən çox layiq Olandır!
...De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Ali İmran surəsi, 73)