Qadin.NET / Əl-Ənfal surəsi - 1

Əl-Ənfal surəsi - 1

 

Əl-Ənfal surəsi - 1

 

Əl-Ənfal (Qənimət) surəsi
(Mədinədə nazil olmuşdur, 75 ayədir. 30-36-cı ayələr Məkkədə nazil edilmişdir) 
Bismillahir Rəhmanir-Rəhim!

1. (Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!

 

 2. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

 

3. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

 

4. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

 

5. (Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması) möminlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bəzi möminlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bəzilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).

Əl-Ənfal surəsi - 1


6. Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.

 

7. O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

 

8. (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.

 

9. O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram! deyə duanızı qəbul buyurmuşdu.

 

10. Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! 

11. O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.

 

12. (Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!

 

13. Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.

 

14. Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gözləyir.

 

15. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

 

16. (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

 

17. (Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!

 

18. Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

Əl-Ənfal surəsi - 1


 

19. (Ey müşriklər!) Əgər siz (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!

 

20. Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Quranı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!

 

21. Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): Eşitdik! deyənlər (münafiqlər) kimi olmayın!

 

22. Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.

23. Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.

 

24. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!

Əl-Ənfal surəsi - 1


25.Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!

 

26. (Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

 

27. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)

 

28. Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

 

29. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!

 

30. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

 

31. Ayələrimiz onlara oxunduğu zaman: Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir! söyləyərlər. Bir zaman da: Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər! demişdilər.

 

32. Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!

 

33. Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!

 

34. Onlar Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!

 

35. Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,...

 

(Ardı var)

16 iyul 2013
GO BACK