Allah təkdir! O yeri, göyü,canlıları, insanları yaratdı və yaratdı ki ona ibadət edək, ona pənah gətirək. Biz insanlar günah işlədib gizləyə bilərik, özümüz özümüzü aldada bilərik, amma əsla Onu aldada bilmərik, çünki Allah hər şeyi görəndir və duyandır. Gəlin Allaha daha yaxın olaq, dualarımızı əksik etməyək. İbadətimizi vaxtlı-vaxtında edək. Haramdan və günahdan, qeybətdən və yalandan uzaq duraq. İnsaflı olaq, nəfsimizə sahib çixmağı bacaraq. Rəbbimiz bizə başqa canlılardan fərqli olaraq şüur verdi, ağıl verdi, əğər biz halal-haram tanımasaq, nəfsimizə sahib çıxa bilməsək, başqa canlılardan nə fərqimiz olar? Allaha yaxın olaq, ruhumuz paklaşsın, qəlbimiz paklaşsın. Allahın bizə bəxş etdiyi ömrü elə yaşayaq ki axirətdə üzüqara olmayaq, səbirli olmaq bizə xeyir gətirər, səbir ən gözəl ölçü vahididir - bunu unutmayaq.
Rəbbimizə addım-addım yaxınlaşırıq. Bu addımlardan biri də qəflətdən ayılıb məsuliyyət daşımaqdır, belə ki, insan bu dünyaya əbəs yerə gəlməmişdir. Qurani-Kərimdə buyurulur: Yoxsa sizi əbəs yerə yaratdığımızı və qiyamət günü dirildib haqq-hesab üçün hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz (Möminun- 115)? Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan (Ali İmran-191)! Lakin əfsuslar olsun ki, bəziləri hətta ölüm ayağına qədər qəflət yuxusundan ayılmırlar. İnsanlar yuxudadırlar, öləndə ayılırlar. Ancaq nə faydası var ki, ölümdən sonra oyanmaq təkcə peşmançılığa və həsrətə səbəbdir. Allah-Təala insanları belə gündən çəkindirərək buyurur: Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut (Məryəm-39).
Səccad (ə) dua edərkən qəflət yuxusundan Allaha pənah apararaq belə deyir: İlahi! Tənbəllikdən, süstlükdən, kədərdən, paxıllıqdan və qəflətdən sənə pənah gətirirəm... Sübh duasında oxuyuruq: Ey o kəs ki əmin-amanlıq beşiyində məni yuxuya apardın! Nemətlərə və yaxşılıqlara yetişmək üçün məni ağır yuxudan oyatdın! Ona görə də ey müsəlman qardaş və bacım, nə qədər ki gec deyil, qəflət yuxusundan ayılıb axirət yolunun qayğısına qal. Sabaha qalsa gec olar, əcəl qəflətən səni yaxalayar...