Qadin.NET / Qurani-Kərim Əl-Əraf surəsi - 4

Qurani-Kərim Əl-Əraf surəsi - 4

Qurani-Kərim Əl-Əraf surəsi - 4
141. (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
142. Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!
143. Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım! dedi. Allah: Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm! dedi.
144. (Allah) belə buyurdu: Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu nemətlərə görə) şükür edənlərdən ol!
145. Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!
146. Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.
147. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!
148. (Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.
149. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!
150. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz? (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!
151. (Musa) dedi: Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!
152. Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!
    Qurani-Kərim Əl-Əraf surəsi - 4
    153. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!
    154. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar! - (deyə yazılmışdı).
    155. Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
    156. Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük! (Allah) buyurdu: İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!
    157. O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!
    158. (Ya Rəsulum!) De: Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!
    159. Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.
    160. Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: Əsanı daşa vur! deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin! dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
    161. (Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, hittə (bizi bağışla) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!
    162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.
    163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün ) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.
    164. Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd nəsihət verirsiniz? dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: (İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər! dedilər.
    165. Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik.
    166. Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: Həqir (zəlil) meymunlar olun! deyə əmr etdik.
    167. (Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!
    168. (Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.
    169.Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: Biz (Allah tərəfindən) bağışlanacağıq! Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
    Qurani-Kərim Əl-Əraf surəsi - 4
    170. Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!
    171. Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz! demişdik.
    172. (Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: Mən sizin Rəbbiniz deyiləmmi? soruşmuş, onlar da: Bəli, Rəbbimizsən! deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: Biz bundan qafil idik.
    173. Və ya: Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən? deməməniz üçündür.
    174. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!
    175. (Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.
    176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
    177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!
    178. Allahın doğru yola yönəltdiyi kimsə  doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
    179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!
    180.Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar! 
7 iyul 2013
GO BACK