İnsanlarla mehribanlaşma duası
Allahım! Məni ailəmlə, qonşularımla, dostlarımla, iş yoldaşlarımla mehriban et! Bir-birimizi başa düşməyən anlarımız olur, aramızda küsülülük, inciklik yaranır. Yalvarıram, mənə səbr, güzəştə getmək bacarığını ver. Allahım! İş yoldaşlarımla da çətinliklər yaranır, mübahisələrdən məni çəkindir, bütün problemləri məntiqlə, səbrlə sevgi ilə həll etməyə yardım et! Allahım! İnsanları sevməyi, onların pis cəhətlərinə göz yummağı, ancaq yaxşı cəhətlərini görməyi nəsib et! İnsanlarla münaqişə etməyim, kinli olmağım rahat həyat sürməyimə, səmərəli iş görməyimə mane olur. Bu maneələri aradan götür, kini məndən uzaq et, ey mərhəmətlilərin ən mərhəmətlisi olan Allah!
Qazanc, ruzi əldə etmək duası
Allahım! Mənə bol bol nemətlər yetir! Kasıbçılığı, kiməsə möhtac olmağı məndən uzaq et! Allahım! Mənə rahat, geniş ev, ruzi bərəkət yetir. Çoxlu imkanlar ver ki, mən də kasıblara, yetimlərə, dul qadınlara, kimsəsizlərə, qocalara öz yardımımı göstərim. Hər zaman insanlara yardım əlini uzatmaq arzusu ilə yaşayıram. Bu arzumu ürəyimdə qoyma, ey gözəl Allahım! Valideynlərimi, övladlarımı, qohumlarımı, sevdiklərimi ehtiyacsız etmək üçün, onlara yaxşı baxmaq üçün, yemək -içməklərini, geyimlərini təmin etmək üçün imkanlar, ruzi ver, dolanışığımı yüngülləşdir. Özündən başqa məni heç kimin öhdəsinə buraxma, ey ruzi verənlərin ən Mehribanı!