61. (Nuh) dedi: Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
63. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?
64. Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.
65. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?
66. (Hud) tayfasının kafir başçıları ona: Biz səni səfehlik içində görür və yalançılardan (biri) hesab edirik! deyə cavab verdilər.
67. (Hud) dedi: Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
68. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.
69. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!
70. (Hud tayfasının kafirləri) dedilər: Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!
71. (Hud) onlara belə dedi: Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!
72. Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.
73. Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!
74. (Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!
75. Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi? deyə soruşdular. Onlar: Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq! deyə cavab verdilər.
76. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: Sizin inandığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq! dedilər.
77. Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək! dedilər.
78. Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
79. (Saleh) onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!
80. Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?
81. Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!
82. (Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır! deməkdən başqa bir şey olmamışdı.
83. Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz küfrü səbəbilə) həlak oldu.
84. Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!
85. Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!
86. Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!
87. Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!
88. (Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz! dedilər. (Şüeyb) belə cavab verdi: (Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?
89. Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!
90. (Şüeyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: Əgər (dininizi atıb) Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!
91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
92. Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
93. (Şüeyb) onlardan üz döndərib dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?
94. Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!
95. Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq.
96. Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
97. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?
98. Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?
99. Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
100. Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?
101. (Ya Rəsulum!) O məmləkətlərin bəzi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (möcüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (möcüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.
102. Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.
103. Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!
104. Musa dedi: Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
105. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə bərabər (babalarının vətəni olan Şama) göndər!