Qadin.NET / Əl-Ənam surəsi

Əl-Ənam surəsi

Əl-Ənam surəsi
101 - O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.
102 - Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilahi yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.
103 - Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) xəbərdardır.
104 - (De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
105 - Biz ayələri beləcə izah edirik ki, onlar: “Sən dərs almısan”– desinlər və Biz də onu (Quranı) bilən adamlara izah edək.
106 - Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa ilah yoxdur. Müşriklərdən isə üz çevir.
107 - Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə gözətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.
108 - (Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə etdikləri barədə onlara xəbər verəcəkdir.
109 - (Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”
110 - Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.
111 - Əgər biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir.
112 - Beləliklə, biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.
113 - (Bu ona görədir) ki, axirətə inanmayanların ürəkləri (təmtəraqlı sözlərə) meyl etsin, bundan razı qalsınlar və gördükləri (pis) işləri bir daha görsünlər.
114 - (De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
115 - Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir.
116 - Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.
117 - Həqiqətən, sənin Rəbbin, onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır.
118 - Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə onun adı çəkilmiş (– “bismilləh” deyilib kəsilmiş heyvanlardan) yeyin.
119 - Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bil-dirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.
120 - Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.
Əl-Ənam surəsi
121 - Üstündə Allahın adı çəkilməmiş (– “bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.
122 - Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.
123 - Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər.
124 - Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər.
125 - Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.
126 Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir xalqa izah etdik.
127 - Onlar üçün Rəbbinin dərgahında əmin-amanlıq yurdu hazırlanmışdır. Gördükləri (yaxşı) işlərə görə onların Himayəçisi Odur.
128 - (Allah) onların hamısını (bir yerə) toplayacağı gün (deyəcəkdir): “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.
129 - Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.
130 - Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər.
131 - Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz.
132 - Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.
133 - Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə dilədiyini gətirər.
134 - Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.
135 - De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.
136 - Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmır, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!
137 - Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.
138 - Onlar öz (batil) iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”– deyirlər. (Müşriklər )mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də( kəsərkən) üstündə Allahın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.
139 - Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, o, müdrikdir, biləndir.
140 - Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.
Əl-Ənam surəsi
141 - Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.
142 - (Üstündə) yük daşınan və yük daşınmayan mal-qaranı da (yaradan odur). Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
143 - (Allah, o heyvanlardan) səkkiz cift (yaratdı); qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.
144 - Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz.
145 - De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah bağışlayandır, Rəhmlidir.
146 - Yəhudilərə dırnaqlı hey-vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, siz doğru danışanlarıq.
147 - Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.
148 - Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.
149 - De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
150 - De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inan-mayanların istəklərinə uyma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar.
151 - De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
152 - Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.
153 - Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.
154 - Sonra biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.
155 - Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və (Allahdan) qorxun ki, bəlkə sizə rəhm oluna.
156 - (Biz bunu ona görə nazil etdik ki, siz): “Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik”– deməyəsiniz
157 - və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.
158 - Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.
159 - Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
160 - Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
161 - De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.
162 - De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!
163 - Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.
164 - De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir.
165 - Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Bilin ki, O, bağışlayandır, Rəhmlidir.



16 iyun 2013
GO BACK