İslam tarixində Səfər ayında bir neçə hadisələr baş verib. Səfər ayının 28-i Məhəmməd Peyğəmbərin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günüdür. Səfərin sonuncu günü İmam Rzanın (ə) doğum günüdür. İmam Məhəmməd Baqir (ə) Səfərin 3-ü, İmam Kazım (ə) Səfərin 7-si doğulub. Həzrət Harun (ə) Səfərin 12-də, Peyğəmbərin (s.ə.s) ən yaxın səhabələrindən biri Salman Farsi isə Səfərin 8-də vəfat edib. Səfərin 20-də Peyğəmbərin (s.ə.s) səhabələrindən biri Cabir ibn Abdullah Kərbəla şəhidlərini ilk dəfə ziyarət edib. Həzrət Məhəmməd deyir ki, bu ayda sədəqə vermək savabdır. "Səfər" kəlməsi "sıfır" sözündən götürülüb. Səfər 3 haram aydan sonra gələn ilk aydır. İslamdan qabaq cahiliyyət dövrünün adamları bu haram aylardan sonra yaşayış yerlərini boş qoyaraq tərk edir, yenidən soyğunçuluğa başlayırdılar. Məhz bu səbəbdən də bu ay "içi boş" mənasını verir.