Uşaqları məscid və Qurani- Kərimdən uzaqlaşdıran davranışlardan uzaqlaşdırmaq lazımdır. Təəssüf ki, bu gün bir çox məscidlərimizdə namaza və dini mərasimlərə gələn uşaqlara "burada uşaqların nə işi var, danışıb, səs-küy salırlar" deyirik. Bu qısa bir zamanda mənim fikrimcə düzəldilməsi lazım gələn xətalarımızdan biridir.
Bu gün məscidlərdə uşaqlara qarşı gördüyümüz sərt münasibətlər Allah Rəsulunun sünnətini bilməməkdən qaynaqlanır. Bir türk alimin (Murat Kayanın) yazdıqlarını sizlərə təqdim edirəm:
"Rəsulallah (s..ə.s) bir axşam namazında yanımıza gəlmişdi. Həsən və Hüseyindən birini çiyninə götürmüşdü.
Qabağa keçib uşağı yerə qoydu. Sonra təkbir gətirib namaz qılmağa başladı. Namaz müddətində səcdəni çox uzatdı. Başımı qaldırıb baxdım. Bir də nə görərəm!? Səcdədə olan Rəsulallahın belinə uşaq minib. Mən tez səcdəmə davam etdim. Namaz qurtarınca camaatdan:
-Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdiniz ki, bir hadisə meydana gəldiyini və ya sənə vəhy gəldiyini zənn etdik.- deyə soruşdular. Rəsulallah (s.ə.s) cavab verdi:
-Xeyr! Bunlardan heç biri olmadı. Lakin, nəvəm belimə mindi. Mən də tez həvəsi keçmədən enməsini uyğun görmədim."
Zaman keçmiş, Allah Rəsulu rüku zamanı ayaqlarının arasından keçmək istəyən uşaq üçün ayaqlarını aralayıb, müdaxilə edib ürəyini qırmayıb.
Qızı Zeynəbdən olan nəvəsi Ümamə çiynində olduğu halda namaz qılmış, rüku və səcdəyə getdikcə yerə qoymuş, qiyama qalxarkən yenə də çiyninə götürmüşdür...
Uşaq əgər məscidə gəlibsə və ya gətirilibsə, bu Allah tərəfindən pis işlərdən vaxtında uzaqlaşdırılmasına, gözəl işlərə meyl etməsinə yardımçı olur. Bu zaman uşağı mehribanlıq və məhəbbət yaradan kəramətlərlə tərbiyə etmək lazımdır. Uşağın təbiətini nəzərə almaqla onun dini baxımdan əxlaqını saflaşdırmaq lazımdır. Yəni hansı təmiz qüvvə uşaqda özünü əvvəl büruzə verirsə, onun təkmilləşdirilməsi əvvələ salınmalıdır. Bu işdə isə valideynlərin və ətraf mühitin rolu böyükdür.
Bəzən insanın etdiyi hərəkət uşağa qarşıdırsa, bu insanlıqdan kənar hərəkət deməkdir. Belə insanlar nəinki bu dünyada, heç axirətdə də rahatlıq tapa bilməyəcəklər.