Qadin.NET / Duanın fəziləti barədə

Duanın fəziləti barədə

Duanın fəziləti barədə
Duanın fəzilətləri, faydaları barədə yəqin ki bir çoxumuzun məlumatı var. Dua barədə kitab oxuyurdum və belə qərara gəldim ki, duanın fəzilətləri barədə mütləq paylaşmaq lazımdır.

Dua bizim həyatımızın ayrılmaz bir hissəsidir. Həyatımızda nə olursa olsun daim dua edirik. Bəzən heç dua etdiyimizi bilmədən belə dilimizdə dua dolu sözlər olur. İnsana edilən ən gözəl dua "Allah köməyin olsun" duasıdır. Allah hamımızın köməyi olsun. Duanı biz hər zaman etməliyik, şad gündə də, pis gündə də. Unutmayaq ki, yaxşı günündə Allahı anmayanı Allah pis günündə də anmaz. Bir çox insanlar deyirlər ki, dua etməyimizə baxmayaraq duamız qəbul edilmir. Bunun ən birinci səbəbi odur ki, həmin tip insanlar yalnız duaya ehtiyac gördükdə, yəni pis anlarda Allahı yada salırlar. Ona görə də dualarının heç bir bəhrəsini görmürlər.

Dua etmək əslində Allaha itaət etməkdir. Çünki Allah buyurub "...Mənə dua edin..."(Ğafir-60). Demək biz dua etməklə həm ibadət etmiş oluruq, həm də itaət etmiş oluruq.

Duanın digər bir fəziləti də ondan ibarətdir ki, dua edən şəxs hər zaman təkəbbürlükdən, riyakarlıqdan istər-istəməz uzaq olur. Dua insanla günahlar, təkəbbürlük, riyakarlıq  arasında pərdə yaradır. Təbii ki bu səmimi qəlbdən edilən duaya aiddir. Təkəbbürlü insan onsuz da dua edə bilmir. Ona görə ki dua etmək elə insanların fikrincə alçalmaq və özünü sındırmaq deməkdir. Allah-Təala bu barədə Qurani-Kərimdə qabaqcadan deyib ki, Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60). 

Duanın fəziləti barədə

Yuxarıda qeyd etdiyim kimi dua ibadətdir və Allaha ən əziz əməldir. Yaradılanın dua etməsi təbiidir ki yaradanın xoşuna gəlir. Çünki insan dua etməklə hər şeyin onu yaradanın əlində olduğunu qəbul etmiş olur. Buna görə də Dua etmək Allahın qəzəbinin qarşısını alır.

Dua bəlanın baş verməməsinin qarşısını alır və ya bəlanın baş verməsindən sonra bəlanın aradan qaldırılmasına səbəb olur. İnsanlar arasında gözəl ünsiyyət yaradır və bu ünsiyyətin daim sıx, yeni və təmiz olmasına gətirib çıxarır. Ona görə də daim bir-birimizə həm gizlin, həm də aşkarda dua etməliyik.

Ən sonda unutmayaq k, dua etmək Allahın mömin bəndələrinin sifətlərindəndir. Biz də özümüzdə bu sifəti aşılayaq və daim həm özümüz üçün, həm də digər müsəlmanlar üçün dua edək.

Allah cümlə müsəlmanların köməyi olsun və bizi şeytan əməlindən, cəhənnəm əzabından qorusun. Amin!

12 aprel 2013
GO BACK