Əziz Qadin.Net xanımları, bəzilərimiz hicab bağlayırıq, bəzilərimiz bağlamırıq və yaxud da bağlamaq istəyirik, amma bağlaya bilmirik. Mən bu xəbərimi hicab bağlayan və bağlamaq istəyən xanımlara hazırlamışam. Bir gün kompyuterin qarşısında oturub maraqlandım, görəsən bir-birindən gözəl, müxtəlif formalarda baş örtüklərini necə bağlayırlar? Türk saytlarından bir neçə video və bir hekayə qarşıma çıxdı. Hekayəni oxudum və çox təsirləndim. Sizlərlə də bölüşmək istədim. Fikirləriniz mənim üçün çox dəyərlidir. Qadin.Netlilər hicab haqqnda nə düşünür?
***
Buyurun hekayəni sizlər də oxuyun:
Bura bir parça bazarıdır, mən də bir zamanlar dəbdə olan və çox satılan parça idim. Amma indi əvvəlki kimi mənə hörmət etmirlər və heç üzümə baxan da yoxdur. Modam keçib. Rənglərim gözoxşayan deyilmiş. Keçmişdə qalmışam. Buna görə digər parlaq rənglərin altında qalmış, əzilmə təhlükəsiylə üz-üzə idim. O qaranlıq və tozlu yerdə illərdir gözləyirdim. Üstümdəki top parçaların parçaları qurtarır, yeniləri gəlirdi.
Ustam parçaları səliqəyə salarkən bəzən mənə gözü sataşır, təəssüflə:
- Yer tutursan illərdir burada. Səni artıq buradan götürmək lazımdır -deyirdi öz - özünə.
- Xeyr- deyə avazım çıxdığı qədər qışqırmaq istəyirdim. -Bir gün əlbət məni də alan biri olacaq.
Digər göz oxşayan və havalı rənglər lağ edərək:
- Komik olma, artıq sənin üzünə baxan yoxdur- dedilər.- Bir də bizə bax, nə qədər də gözəl və cazibədarıq! Rənglərimiz və naxışlarımız göz oxşayır. Halbuki sən nə qədər ürək sıxan rəngdəsən!
Özümü müdafiə edərək:
- Heç də ürək sıxan deyiləm! Bir vaxtlar mən də çox satılırdım. Axtarılan bir parça idim!
- O bir vaxtlar idi, indi qadınlar daha gözəl görsənmək istəyirlər. Daha cazibədar, daha göz qamaşdırıcı olmaq istəyirlər- dedi solğun çəhrayı parça.
Budur hər gün belə sözlər eşidir, getdikcə ümidim təmiz kəsilirdi. Əslində düz deyirdilər. Mənim çoxdan modam keçmişdi. Halbuki əvvəldən qadınlar diqqət çəkməmək üçün məni seçərdilər. Məndən ümumiyyətlə hicab edərdilər.
Mən bunları fikirləşərkən içəriyə gənc bir qadın girdi. Ağır hərəkətləri ilə, sadə geyimiylə təmkinli birinə oxşayırdı. Mən bütün olanları digər parçaların altında kiçik bir aradan görürdüm və eşidirdim. Ustam müştərini görüncə:
- Buyurun xanım, necə kömək edə bilərəm?- dedi. Gənc qız sakit bir ədayla baxışlarını parçaların üzərində gəzdirib
- Hicablıq bir parça axtarıram- dedi. Bunu eşidər-eşitməz, ürəyimdən vuruldum. Bizim olduğumuz yerə doğru gəlirdilər. Üstümdəki al əlvan rəngli parçalar gözəllik yarışına girmiş kimi idilər. Mənim eşitdiyimi onlar da eşitmiş üstümdə vurnuxub dayanırdılar. Pıçıldayaraq -susun gəlirlər- dedim.
Portağal rəngli bir parça:
- Eee sənə nə olur? Biz varkən sənin heç şansın yoxdur!- gülərək dedi.
- Şansmı, qismətmi, görəcəyik!- dedim. Gənc qızın məni görməsini çox istəyirdim. Amma necə? O qədər dərinlikdə qalmışdım ki, ustam məni zəhmət edib çıxarardımı?
Ustam əlinə fındıq yaşılı bir parçanı alıb
- Xanım bu rəng sizə çox yaraşar. İndi gənc qızlar həmişə bu rənglərdən istifadə edirlər.- dedi.
Gənc qız parçaya göz ucuyla baxdı. Digər parçaları araşdırır, getdikcə gül üzünə bir qayğı gəlib otururdu. Ustam da gənc qıza köməkçi olurdu.
- Yenə siz bilərsiniz, amma məncə yaşınıza bu çəhrayı, narıncı rənglər çox uyğundur.- dedi. Rəngli parçalar hamısı bir ağızdan "Bəliii!" dedi. Özümü göstərmək üçün cəhd etdim. Amma digərləri məni itələyir, özləri önə keçmək üçün məni əzirdilər. Əsəbləşmişdim - Ahh boğuluram, çəkilin üstümdən !- deyə qışqırmaq istəyirdim. Mütləq məni axtarırdı. Gənc qız məyusluqla:
- Axtardığım burada deyil yəqin!- dedi.
- Mən buradayam, kiçik xanım, nə olar davam edin!- deyə qışqırmaq istəyirdim. O qədər altda qalmışdım ki, gördüyüm tək şey qaranlıq idi.
-Allahım nə olar mənə kömək et! -dedim. Gənc qız parçalara kədərli bir şəkildə baxıb:
- Təşəkkür edirəm.- dedi ustama. Budur, gedir. Ustam məni unutdu.
- Usta! Eşitmirsənmi məni? Bax mən buradayam!- dedim çarəsizliklə.
Bilirdim ki, məni eşitməyəcək. Qismətimin gül üzü gedirdi. Ustam üstümdəki parçaları düzəldərkən bir şey xatırlamış kimi birdən:
- Xanım bir dəqiqə!- deyib üstümdəkiləri boşaltmağa başladı. Aman Allahım getdikcə rahatlaşırdım, sakitləşirdim. Digər parçalar astadan mızıldanırdı. Cəld bir hərəkətlə məni sürətlə çəkib:
- Səni tamamilə unutmuşam- dedi öz-özünə yenə.
- Öyrəşmişik ,usta, artıq buna- dedim. Gənc qız məni görüncə sürətlə yanımıza gəldi.
Gözləri parıldayırdı. Mənə sevgiylə toxundu, budur bir-birimizə ilk vurulduğumuz an. Gözlərini məndən çəkə bilmirdi. Mən də onun nurani üzündən. Tale bizi bir araya gətirmişdi nəhayət. Digər parçalar bizə qibtəylə baxırdı.
- Əfsus- dedi. -Əfsus, çox gözyaşı görəcəksən!
- Bəli- dedim- xoşbəxtlik gözyaşları.
Evə gəldiyimizdə gənc qız dəqiqələrlə aynanın qarşısında məndən gözünü çəkə bilmədi. İllərdən bəri bu cür dəyər verilməmişdi mənə. Məni başına örtüb namaz qılır, Quran oxuyurdu. Heç belə duyğular yaşamamışdım. Çöldə gözəl üzlümü bir qalxan kimi qoruyur, pis gözlərdən qoruyurdum. Onunla çox gözəl günlərə şahid oldum. Yoldaşları tərəfindən çox sevilən bir qız idi. Bəzən dostluqlarını qısqanırdım. Mənim onu sevdiyim kimi, görəsən, o da məni sevirdimi? Davamlı dərs hazırlayır, kitablar oxuyur, uzun - uzun fikirləşirdi. Bəzi gecələr stulun başında yatırdı.Bəzən xəyallara gedər, axşam olduğunda bir su zanbağı kimi özünü daxili dünyasına bağlayardı. Sonra gözləri mənə sataşar, nurlu üzü bir azda nurlanardı.
Bir gün ikimiz də qorxunc bir haqsızlıqla üzləşdik. Xoşbəxt günlər sona çatmışdı artıq. Nur üzlüm artıq oxumayacaqdı. Məktəbinə davam edə bilməyəcəkdi. Oxuma haqqını əlindən almışdılar. Çünki məni seçim etmişdi. Hicabı... Gözləmədiyi təhqirlərə düçar olur, hər kəs gələcəyini bilir kimi qaranlıq nağıllar uydururdular. Nur üzlüm zülmə, sürgünə düçar edilmişdi. Bunun səbəbi isə hicab sevdası idi. Bunlara baxmayaraq nur üzlüm hicabdan əl çəkmədi. Səbr et nur üzlüm, səbr et! Bu an qaranlıq, bəlkə gecənin ən tünd olduğu bir vaxtdır. Sübh yaxındır nur üzlüm, şəfəq yaxındır. Allahın rəhmət qanadının altında görüşəcək bir gün əllərimiz.
***
Çox təssüfki, belə hadisələr çox olur. Dünyada hicab bağlayanlara çox qadağalar qoyulur. Sizdə belə düşünürsünüzmü?
Bu videoda hicab bağlamaq qaydaları göstərilir. Biri-birində gözəl. Hicablı xanımlar geyim əsnasında şalın düz bağlanması və gedəcəyi yerə uyğun, gözəl bir görünüş almasını təmin etmələri üçün çox zaman ayıraraq məşğul olurlar. Bu videonun köməkliyi ilə istədiyimiz formada bağlamaq qaydasını örgənək.