Qadin.NET / Allahı sevmək

Allahı sevmək

 

Allahı sevmək

 

Rəhman və Rəhm olan Rəbbimi sevdiyim bir həqiqətdir. Yaşadığım, hiss etdiyim, nəfəs aldığım bir həqiqətdir bu. Lakin sevirdim, nə edirdim? Yoxsa quru bir sevgi idimi bu?

Halbuki, sevmək fədakarlıq istəyirdi, vəfa istəyirdi. Sevmək - sevgili üçün yaşamaq və sevgili üçün ölmək demək idi.

Sevmək, sevgilini razı etmək, sevgilini sevindirmək idi..

Sevgilini sevindirmək!...

Belə bir istəyin bütün qəlbimi doldurduğunu hiss etdim.

Bəli!.. Rəhman və Rəhm olan Rəbbimi sevindirmək, razı salmaq, çox razı salmaq istəmişdim. Rəbbimi sevindirmək üçün Ona nə verməliydim, Ona nə təqdim etmək lazım olduğunu düşündüm. Rəhman olan Rəbbimə elə bir şey təqdim etmək istədim ki, təqdim edəcəyim şey Onda olmasın!.

Lakin O, bütün mülkün sahibi idi..

Onda olmayan nə vardı ki məndə!.

Yenə aciz qaldığımı başa düşdüm. Çarəsizliklə bükülən boynum, titrəyən dodaqlarım eyni gerçəyi ifadə edirdi. Mən acizd idim... Rəbbimdə olmayan və Rəbbimə təqdim edəcəyim şey, ancaq acizliyim olacaqdı. Mən bir məxluqdum. Hər zamanda və hər məkanda yaradıcıya möhtac bir varlıqdım.

Dəstəmaz alıb namaza durdum. Başımı səcdəyə qoyaraq acizliyimi və boynu büküklüyümü təqdim etdim Rəbbimə...

Dua etmək və Rəbbimlə danışmaq istədim.

Ovuclarıma damlayan göz yaşlarıma baxaraq niyə ağladığımı fikirləşdim!. Sevgidənmi, acizlikdənmi, bilmirdim! Lakin xoşuma gəlmişdi bu göz yaşları. Nəfsi bir istəkmi onu da bilmirəm, lakin həqiqətən xoşuma gəlmişdi bu göz yaşları.

Sanki ovuclarımda incilər daşıyırdım!.

Sanki mənə qürur vermişdi, məni şərəfləndirmişdi bu göz yaşları. Ovuclarıma damlayan göz yaşlarımı Rəbbimə təqdim edərkən "Bax, Ya Rəbbi, məndə olub, Səndə olmayan budur" deyirdim.

1 aprel 2013
GO BACK