Qadin.NET / İmam Həsən ibn Əli ibn Əbu Talibdən hekayə

İmam Həsən ibn Əli ibn Əbu Talibdən hekayə

İmam Həsən ibn Əli ibn Əbu Talibdən hekayə
İslam dininə görə varlı və imkanlı şəxslər kasıb və imkansız qardaşlarına qarşı böyük məsuliyyət sahibidirlər. Dini qardaşlığa əsasən, varlı müsəlmanlar kasıb müsəlmanların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. Peyğəmbərimiz (s.a.s.) və onun davamçıları olan dini rəhbərlər bu barədə yalnız tövsiyyə etməklə kifayətlənməmişlər, eyni zamanda hərə öz hakimiyyəti dövründə əməlləri ilə nümunə olmuşlar.
Bu yolun davamçılarından biri olan Həsən ibn Əli ibn Əbu Talib elm, təqva, zahidlik və ibadətlə yanaşı, eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi, miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi, hansı ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Ehtiyacı olan bir insan özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam Həsən onun ehtiyacını ödəyər və onun xəcalət təri tökməyinə, utanmağına razı olmazdı. Bir sözlə, Həsən ibn Əli bir çox əxlaqi dəyərlər və insani keyfiyyətlərə malik biri idi. O, alicənab, səbrli, vüqarlı, mətin, səxavətli və camaatın rəğbətini qazanmış bir şəxsiyyət idi. Onun haqqında bir çox hekayələr rəvayət olunmuşdur, bunlardan birini sizlərlə bölüşmək istəyirəm:

Bir gün şamlılardan bir nəfər İmam Həsəni yolda gördükdə onu söyməyə başlayır. Susduqdan sonra İmam Həsən ona salam verib gülümsünür və həmin adama buyurur:

- Zənn edirəm ki, qəribsən. Əgər üzr istəyərsənsə, səndən razı olaram. Əgər bir şey istəyərsənsə, verərəm. Əgər hidayət olmaq istəyirsənsə, səni hidayət edərəm. Əgər acsansa,  səni doyuraram. Əgər fağırsansa, varlı edərəm. Əgər çılpaqsansa, sənə paltar verərəm. Əgər qovulmuşsansa, sənə sığınacaq verərəm. Əgər möhtacsansa, ehtiyacını qarşılayaram. Evimiz genişdir, həm də çoxlu var-dövlətimiz var, əgər bizə gəlib qonağımız olarsansa, sənin üçün daha yaxşı olar.

Şamlı bu sözləri eşitdikdə ağlayır:

- Şəhadət verirəm ki, sən Allahın xəlifəsi və imamısan. Allah yaxşı bilir xilafət və risaləti kimə tapşırır. Ey Allah peyğəmbərinin nəvəsi, sizinlə görüşməzdən əvvəl, siz və atanız mənim nəzərimdə ən pis şəxsiyyətə malik idiniz. Amma indi sizi Allahın ən yaxşı məxluqu hesab edirəm.

Bu söhbətdən sonra o şəxs İmam Həsənin evinə gedir və Mədinədə qaldığı son günə qədər onun qonağı olur.

3 mart 2013
GO BACK