Qadin.NET / Məhəmməd peyğəmbərin həyatı (4-cü hissə)

Məhəmməd peyğəmbərin həyatı (4-cü hissə)

Məhəmməd peyğəmbərin həyatı (4-cü hissə)


Məhəmmədin (s.a.v) yetimliyi...

Musa peyğəmbər də (s.a.v) yetim olubmuş, onu yad adamlar böyüdübmüş. Allah İsmayıl peyğəmbərin (s.a.v) atasına onu səhraya qovmağı əmr edibmiş. İsa peyğəmbərin (s.a.v) isə  heç atası da olmayıbmış. Allahın əmri ilə Cəbrayıl İsanın (s.a.v) ruhunu bakirə qız Məryəmin bətninə üfləyibmiş. Allah istəmirmiş ki onun peyğəmbərlik üçün seçdiyi adamın atası olsun. Atalar nə üçünsə peyğəmbərliyə mane olurlar. Yetim Məhəmmədi də (s.a.v) allahlar taleyin ixtiyarına buraxmayıbmış. O da ölməyib, sağ qalıbmış.

Bəs uşaqlıqda, Həlimənin yanında olanda, onun ürəyini qarla təmizləyən, ağ geyimli o iki nəfər? O, hələ indi də necə uzandığını xatırlayır, içərisində, ürəyində həmin dəhşətli soyuğu hiss edir.

Məhəmməd (s.a.v) dua etməyi çox sevərdi, ələlxüsus da gecələr. Gecənin çox hissəsini ibadətdə keçirən Məhəmməd (s.a.v) səhər yuxudan gümrah, xoş əhval-ruhiyyə ilə oyanardı.

Həniflər kimi o da ildə üç dəfə: qırx, doqquz və yeddi gün müddətində oruc tutar, gün çıxandan gün batana kimi ağzına nə bir tikə çörək, nə də bir qurtum su almazdı. Hətta bəzi tərki-dünya nəsranilər kimi bir  neçə gün tamam yeməməyi də sınamışdı. Amma görmüşdü ki, bunun xeyri yoxdur, belə orucdan allahlar da narazıdır - neçə gün ac qalan adam zəif düşür, əhval-ruhiyyəsi pis olur, belə vaxtlar işləmək də olmur.

Bu illərdə Məhəmməd (s.a.v) işgüzarlığı ilə seçilirdi. O, xəyalpərəst deyildi, adətən həmişə gümrah olardı. Ancaq hərdən, əlbəttə, bu hal onda az-az olurdu, qəm-kədər onu bürüyərdi. Belə vaxtlarda o təkliyi sevərdi, şəhərdən kənardakı kimsəsiz təpələrdə, günəşdən yanmış səhrada tək-tənha dolaşar, saatlarla oturub öz daxili aləminə qapanar, ürəyində, qəlbində danışardı.

595-ci ildə Məhəmməd (s.a.v) ticarətdə əligətirən, təmiz adam kimi Məkkənin varlı tacirlərindən biri olan, dul qadın Xədicənin diqqətini cəlb edir. Xədicənin ailə həyatı uğursuz olmuşdu, hər iki əri vəfat etmişdi. Məkkədə böyük hörmət sahibi idi. Ticarət işində ona kömək edən xüsusi adamlar vardı. Bu adamlar rəsmi qaydada təyin edilmiş haqq almırdılar, hər dəfə əldə edilən mənfəətin müəyyən hissəsi onlara çatardı. Xədicə özünün sədaqətli qulu Məysur vasitəsi ilə Məhəmmədə  (s.a.v) sifariş göndərdi və təklif etdi ki, onun ticarət işlərini öz üzərinə götürsün. Məhəmməd (s.a.v) əmisi Əbu Taliblə məsləhətləşəndən sonra Xədicənin təklifini qəbul etdi və ömründə ikinci dəfə kiçik karvanla Suriyaya yola düşdü. O bu yolla birinci dəfə yeniyetmə olarkən əmisi ilə getmişdi. İndi isə Xədicənin ticarət karvanının taleyi ondan asılı idi. Xədicə sadiq qulu, ticarətdə səriştəsi olan və lazım gələndə faydalı məsləhət verməyi bacaran Məysuru da onunla birlikdə yola salmışdı. O, həm də Məhəmmədə göz olmalı idi.

Məhəmməd (s.a.v)  və onun yol yoldaşları Məkkədən çıxdılar. Doğrudur, Qureyşilər Suriyaya gedən yolun keçdiyi ərazidəki tayfalarla ittifaq və karvanların qorunması haqqında müqavilə bağlamışdılar. Ancaq bu, tam təhlükəsizliyi hələ təmin etmirdi, hadisələr baş verməyə davam edirdi.


Ardı var…

29 yanvar 2013
GO BACK