Qadin.NET / Çətinliklərlə qarşılaşdıqda

Çətinliklərlə qarşılaşdıqda


 

Çətin hadisələrin də bərəkəti vardır. O cümlədən:
1. İnsanın Allaha diqqətini artırar.

2. İnsanı düşündürər və istedadlarını çiçəkləndirər.

3. Günahlarının kəffarəsi olar.

4. Nemətlərin qiymətini daha çox bilər.

İnsanlar hadisələr qarşısında üç qrupdurlar. Bir süfrədə mümkündür ki, həm turşu olsun, həm istiot, həm də şirniyyat. Uşaqlar süfrədəki şirniyyat və halvadan ləzzət alarlar; istiota, turşuya dillərini vuranda isə narahat olarlar. Ancaq böyüklər hər ikisinin süfrədə olmasını lazımlı hesab edirlər. Yeniyetmələr isə turşu və istiotu yeyəndə, dözürlər. Çünki valideynləri pul verib turşu və istiot alıblar. Görürük ki, eyni məsələyə 3 cür yanaşma var.

Quran buyurur: “Ona bir pislik üz versə, cəzə-fəzə edər”. (“Məaric” surəsi, 20).

“Əlbəttə ki, Biz sizi bir az qorxu ilə, bir az aclıqla, bir az da can itkisi, mal və məhsul qıtlığı ilə imtahan edirik. Səbir edənlərə müjdə ver!”. (“Bəqərə” surəsi, 155).

Bir neçə adam Peyğəmbəri-Əkrəmin (s) yanına gəlirlər ki, onları cihada və cəbhəyə göndərsin. Həzrəti buyurur: “Mənim atım və qılıncım yoxdur ki, sizə verim”. Onlar cəbhəyə getmədikləri üçün ağlayırlar.

Çətinliklərdən və acı hadisələrdən tədbirlilik, səbir və Allahdan yardım diləyərək, ən yaxşı şəkildə bəhrələnmək olar. Necə ki, turş limondan şirin limonad düzəltmək olur. Əgər insan mahir aşbaz olarsa, portağal qabığından da mürəbbə bişirər. Günümüzdə insanlar hətta zibildən belə faydalı nəsə düzəldə bilirlər.

Həzrət Zeynəb (ə) zülmkarların sarayında elə xütbələr söylədi və Kufə və Şamda öz əsirliyindən elə istifadə etdi ki, Yezid lənətliyin rejimini sarsıtdı. Şam məscidində İmam Səccad (ə) minbərin üstünə çıxıb, Bəni-Umməyə rejimini kəskin şəkildə tənqid etdi. Yezid İmamın (ə) səsini kəsmək üçün azan verənə əmr edir ki, yüksək səslə azan versin. Bəlkə bu zaman o, çıxışını kəsər. Ancaq Həzrət bu səhnədən də istifadə edir, azanın sözlərini elə təfsir edir ki, saraya çaxnaşma düşür. Xüsusilə də “Əşhədu ənnə Muhəmmədən Rəsulullah” deyəndə buyurdu: “Ey Yezid! Bu Muhəmməd (s) mənim cəddimdir, yoxsa sənin? Bu əsirlər onun nəslindən deyilmi?”.

İmam Kazım (ə) zindanda təkadamlıq kameraya aparanda buyurdu: “İbadət üçün nə yaxşı yerdir”.

Bir çox alimlər öz kitablarını çətin şəraitlərdə və zindanlarda yazmışdılar.

12 sentyabr 2010
GO BACK