Əməllərimiz
Bir padşahın dörd arvadı vardı. O dördüncü xanımını həddən artıq çox istəyirdi. Onunla diqqətlə rəftar edər və ona gözəl və qiymətli paltarlar hədiyyə edərdi. Üçüncü xanımını da çox istəyərdi, amma qonşu padşahlara özünü şirin satdığından qorxurdu ki, onu tərk edə.
İkinci xanımı etibarlı, səbirli və mehriban idi. Hər vaxt padşah bir çətinliklə üzləşsəydi ona etimad edərdi, o da bu çətinlikdə həyat yoldaşına köməklik göstərərdi. Padşahın birinci xanımı vəfadar və sədaqətli olması ilə yanaşı, həyat yoldaşının sərvət və hökumətinin qorunmasında böyük rolu vardı. O padşahı səmimi qəlbdən sevirdi, amma hökmdar bu istəyi çox az başa düşərdi.
Bir gün padşah xəstələndi və başa düşdü ki, artıq vaxtı tükənib, getməlidir. O şok halında özünün təmtəraqlı həyatı haqda fikrə dalmışdı: Mənim dörd həyat yoldaşım var, amma ölüm halında tək qalmışam. Bu halda dördüncü xanımını çağıraraq dedi: “Mən xanımların hamısından çox sənin aşiqin olmuşam. Səni gözəl paltarlarla bəzəyərdim və hamıdan çox sənə diqqət edərdim. İndi mən ölüm halındayam, mənimlə birgə ölməyə hazırsan?” Həyat yoldaşı cavab verdi: “Xeyr, heç vaxt!” Və bəhanəylə otağı tərk etdi. Onun sözləri padşahın qəlbinə bir bıçaq kimi sancıldı. Padşah qəmli halda üçüncü xanımından soruşdu: “Bütün ömrüm boyu sənə məhəbbət bəsləmişəm, amma indi ölüm ayağındayam. Sən mənimlə birgə ölməyə hazırsan?” Həyat yoldaşı cavab verdi: “Yox, yaşamaq çox yaxşıdı və mən sənin ölümündən sonra yenidən ərə gedəcəyəm.” Bu sözləri eşidən padşahın ürəyi qırıldı. Sonra ikinci xanımına tərəf gedib dedi: “Mən həmişə kömək üçün sənə tərəf gəlmişəm və sən də həmişə mənim çətin günlərimdə kənarımda olmusan. İndi isə ölüm ayağındayam, sən də mənimlə ölümə hazırsan?” Xanımı cavab verdi: “Təəssüf ki, bu işdə sənə kömək edə bilməyəcəm. Amma ən azından qəbrinin üstünə kimi səninlə gələ bilərəm.” Bu xanımının sözü də sanki atəş olub padşahı viran etdi.
Birdən bir səs eşitdi: “Mən səninlə gedəcəm, həmişə sənin yanındayam və fərqi yoxdur hara gedirsən.” Padşah səs gələn tərəfə baxdıqda birinci həyat yoldaşını gördü. Padşah ona yemək-içmək baxımından fikir vermədiyindən çox zəifləmişdi. Padşah həddən artıq qəmli halda dedi: “Kaş o vaxt ki, fürsət var idi sənə çox fikir verəydim.”
* * *
Həqiqətdə bizim hər birimizin dörd həyat yoldaşımız var:
Dördüncü həyat yoldaşımız bizim elmimizdir. Bu işə nə qədər imkan və vaxt sərf etsək də sonda ayrılır.
Üçüncü həyat yoldaşımız bizim mövqeyimizdir. O da bizdən sonra başqalarının ixtiyarına keçir.
İkinci həyat yoldaşımız bizim həmkarlarımızdır. Fərq etməz ki, nə qədər bir yerdə olmuşuq. Ən çox bunu edə bilərlər ki, qəbristanlığa kimi bizimlə yol yoldaşı olsunlar.
Birinci həyat yoldaşımız bizim etdiyimiz bütün əməllərdir. Sərvət, güc və xoşgüzaranlıq arxasıyca gedəndə onu yaddan çıxarırıq. Amma unutmamalıyıq ki, tənha əməllərimizdir ki, həmişə bizimlədir.
13 sentyabr 2010
GO BACK