Ramazan ayında qadınlarla bağlı on məsələ
Allahdan bu risaləni oxuyan hər bir mömin bacımız üçün faydalı etməsıni, onlar üçün bu əzəmətli ayda Allaha itaətdə, Onun razılığını və məğfirətini qazanmaqda kömək olmasını diləyirik.
Birinci məsələ: Ramazan ayı elə bir nemətdir ki, buna görə şükr etmək vacibdir.
Əziz bacım! Həqiqətən Ramazan ayı Allah Təalənin öz mömin qullarına bəxş etdiyi ən əzəmətli nemətlərindən biridir. Ramazan ayı rəhmətlərin endiyi, günah və pis əməllərin bağışlandığı, əcrlərin (savabların) və dərəcələrin Allah yanında ikiqat artdığı, Allah Təalənin qullarını Cəhənnəm odundan azad etdiyi bir aydır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «Ramazan ayı girdiyi zaman Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və şeytanlar isə zəncirlənər.» (Buxari, Müslim)
Həmçinin, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «Kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutaraq başlayarsa bütün keçmiş günahları bağışlanar, kim də Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və digər əməllər nəzərdə tutulur) bütün keçmiş günahları bağışlanar.» (Buxari, Müslim)
Allah Təalə bir qüdsi hədisdə belə buyurur: «Adəm övladının hər bir əməli onun özü üçündür, yalnız onun orucu mənim üçündür, mükafatını da mən verəcəm.» (Buxari, Müslim)
Həmçinin, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «Həqiqətən Allahın Ramazan ayının hər bir (günündə) gündüz və gəcəsində Cəhənnəm odundan azad etdiyi kimsələr vardır və həqiqətən hər bir müsəlmanın duası vardır ki, o duanı etdiyi zaman onu Allah Təalə qəbul edər.» (İmam Əhməd səhih isnadla rəvayət edib)
Bu ayda Qədr gecəsinin də özünəməxsus yeri var. Necə ki, Allah Təalə buyurur: «Qədr gəcəsi min aydan daha xeyrlidir…» (Qədr, 3)
Ey müsəlman bacım! Bunlar səxavətli olan Ramazan ayının bəzi fəzilətləridir. Allah Təalə sənə bəxş etdiyi nemətinin əzəmətliyini bəyan edir ki, səni başqalarının içindən seçdi, oruc üçün, qiyam (namaz) üçün hazırladı. Neçə-neçə insanlar keçən il Ramazanda bizimlə oruc tuturdularsa indi onlar torpaq altında öz qəbirlərində daşlaşıblar. Müsəlman bacım! Bu nemətə görə Allaha şükr et və sənə verilən nemətləri yetərincə dəyərləndir, onu günah və pis işlərlə qəbul etmə ki, yoxsa yox olub silinər.
İkinci məslə: Ramazan ayını necə qarşılamalısan?
1- Tövbə etməyə tələsməklə və tövbəndə sadiq olmaqla.
Allah Təalə buyurur: «Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!» (Nur, 31)
2- Bütün münkər olan şeylərdən: yalandan, qeybətdən, nəmiməlikdən (söz gəzdirməkdən) pis və murdar işlərdən, musiqidən, açıq saçıqlıqdan və kişilərə qarışaraq onların arasında gəzməkdən və digər əməllərdən qurtulmaqla.
3- Ramazan ayını saleh əməllərlə və qiymətli vaxtı faydasız işlərlə itirməməklə keçirməyə möhkəm iradə və sadiq əzmlə əqd etməklə.
4- Çoxlu zikr və dua etməklə, bağışlanma diləmək və Quran oxumaqla.
5- Beş namazın vaxtı vaxtında qılınmasını mühafizə etməklə, tələsmədən, tam rahatlıqla, huşu içində (Allahdan qorxaraq) qılmaqla.
6- Fərz əməllərdən sonra nafilələri etməklə.
Üçüncü məsələ: Orucun əhkamlarını öyrən!
Müsəlman qadına tutduğu orucunun Allah qatında qəbul olması üçün orucun əhkamlarını, fərzlərini, sünnətlərini və ədəblərini öyrənmək vacibdir.
Bu orucun əhkamları haqqında qısa bir məqalədir:
1- Oruc müsəlman olan, həddi buluğa çatmış, ağlı başında olan müqim (səfərdə olmayan), orucu tutmağa qadir olan (xəstə olmayan) heyz və nifasda salamat olan qadına vacibdir.
2- Qız (Ramazanda) günorta vaxtı həddi buluğa çatarsa günün qalan hissəsini oruc tutmalıdır. Çünki artıq o, oruc vacib olan kimsələrdən olar, bundan öncə isə ona oruc vacib deyildir, ona görə də tutmadığı günlərin qəzasını tutması lazım deyil.
3- Fərz orucu üçün niyyət etmək şərtdir. Həmçinin, bütün vacib, qəza, sünnə və kəffarə oruclarında da niyyət etmək şərtdir.
Hədisdə belə deyilir: «Kim oruca gecədən niyyət etmirsə onun orucu yoxdur.» (Əbu Davud)
Əgər gecənin hər hansı hissəsində, fəcrdən bir an qabaq olsa belə niyyət etsən orucun düzgün olar.
4- Orucu pozan yeddi şey bunlardır:
- Cinsi əlaqədə olmaq;
- Öpmə, qucaqlaşma və buna bənzər yollarla məninin (sperma) çıxması;
- Yemək və içmək;
- Yemək və içmək mənalı şeylər, yəni müqaviməti qüvvətləndirmək üçün vurulan iynə və s. kimi şeylər;
- Hicamə və damar kəsməklə qan çıxartmaq;
- Bilə-bilə qusmaq;
- Heyz və nifas qanının çıxması.
5- Heyzli qadının artıq təmizləndiyini bildirən ağ su, yəni heyz qurtaran zaman ana bətninin (rəhm, uşaqlıq) ifraz etdiyi ağ mayeni görərsə gecədən oruca niyyət edib orucunu tutmalıdır. Təmizləndiyinin aydın olmadığı halda ağ pambıq və ya ağ bir şeylə örtünər, pambıq təmiz çıxarsa orucunu tutmalı, qan qayıtdıqda isə orucunu pozmalıdır.
6- Heyzli qadına əfzəldir ki, olduğu halda qalsın (yəni oruc tutmasın), Allahın ona yazdığı ilə (qədərlə) razılaşsın, heyzi saxlayan vasitələr axtarmasın. Bu Allahın adəmin qızlarına yazdığı bir şeydir.
7- Nifas halında olan qadın qırx gündən tez təmizlənərsə orucunu tutar və namaz üçün qüsl alar. Nifas qırx gündən artıq olarsa qüsl alıb oruca niyyət edər. Nifas qırx gündən artıq davam edən günləri istihadə adlanır (istihadə-adətə xilaf olaraq və ya xəstəliklə bağlı qanın axması deməkdir). Yalnız bu heyz olan günlərə müvafiq olarsa onda bu günlər heyz günləridir.
8- İstihadə qanı orucu pozmaz.
9- Hamilə və süd əmizdirən qadını xəstə ilə qiyas etmək daha düzgündür. Onlara orucu açmaq caizdir və yalnız orucu açdıqları günün qəzasını tutarlar. Necə ki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «Allah Təalə müsafirin üzərindən orucu və namazın yarısını, hamilə və süd əmizdirən qadınların üzərindən də orucu qaldırmışdır.» (Tirmizi, həsən hədis)
10- Oruc tutan kəsə yeməyin dadına baxmasında bir qəbahət yoxdur, lakin onu udmamalı, tüpürərək ağzından çıxarmalıdır. Bu onun orucunu pozmaz.
11- Məğrib namazından qabaq orucu açmağa tələsmək və sühuru gecikdirmək müstəhəbdir.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «İnsanlar iftarı tezləşdirdikcə xeyir içində olacaqlar.» (Buxari, Müslim)
Dördüncü məsələ: Ramazan yemək yox, oruc ayıdır.
Müsəlman bacım! Allah Təalə Ramazan ayını müsəlmana dözümlü və səbirli olması üçün fərz etmişdir ki, bununla o, nəfsinə, şəhvətinə hakim, Rəbbindən qorxan bir kəs olsun.
Allah Təalə buyurur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!» (əl-Bəqərə, 183)
Bəzi sələfilərdən soruşulduqda: “Oruc tutmaq nə üçün vacib olunub?” Onlar: «Varlı aclığı dadıb kasıb olanları unutmasın» deyərək cavab verərdilər.
Təəssüflər olsun ki, baxdıqda görürük ki, insanların çoxu bu ayda yemək içməkdə israfçılıq edirlər. Çünki Allahın rəhm etdiyi kimsələrdən başqa hər bir ailənin bu ayda işlətdiyi yemək və ərzaqlar ilin başqa aylarında işlədiləndən daha artıq olur. Həmçinin, qadın günün müəyyən saatların çoxunu mətbəxdə cürbəcür yemək hazırlamaqla keçirir.
Bəs nə vaxt Quran oxuyacaq?!
Bəs nə vaxt Allahı zikr edib duası ilə Ona üz tutacaq, bağışlanma diləyəcək?!
Bəs nə vaxt orucun əhkamlarını, qiyamın ədəblərini öyrənəcək?!
Bəs nə vaxt Allaha itaət üçün boş vaxt tapacaq?!
Əziz bacım! Bu ayda Allaha itaət və ibadətsiz bir şey ilə vaxtını keçirməkdən çəkin. Ramazan ayına yetişən insan, bu ayda bağışlanmayan kəs artıq uğursuzluq və xəsarətdədir.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: «Adəm ovladının ən şərli doldurduğu qab qarnıdır. Adəm övladına qamətini düzəltmək üçün bir neçə loxma yetər. Yox əgər, mümkün olmayacaq dərəcəsindədirsə onda (mədəsinin) üçdə birini yemək, üçdə birini içmək, üçdə birini isə nəfəs almaq üçün ayırsın.» (Əhməd və Tirmizi, Şeyx Albani səhihləşdirmişdir)
Beşinci məsələ: Ramazan Quran ayıdır.
Ramazan ayında Quranla bağlı başqa aylarda olmayan xüsusiyyətlər vardır.
Allah Təala buyurur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir» (əl-Bəqərə, 185)
Ramazan ayı və Quran bir-biri ilə bağlılır. Ramazan zikr edildikdə Quran da zikr olunur.
Səhiheyndə (yəni Buxari və Müslimdə) İbn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: «Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanların ən səxavətlisi idi, Ramazan ayında Cəbrail ilə görüşdükdə dahda səxavətli olardı, Cəbrail ona Ramazanın hər gecəsi Quranı öyrədərdi və Peyğəmbər Cəbraillə qarşılaşdıqda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı.»
Bu hədis Ramazan ayında Quran oxumağın, öyrənməyin müstəhəb olmasına dəlalət edir. Xüsusən də gecələr, çünki gecə bütün məşğuliyyətlərə son qoyur, enerji cəm olur, qəlb və dil düşünmək üçün rahatlaşır.
Allah Təala buyurur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir.» (əl-Müzzəmmil, 6)
Sələfilər Ramazanda Quran oxumağı çoxaldardılar, bəziləri hətta Quranı Ramazan qiyamının hər üç gecəsindən bir, bəziləri həftədə bir dəfə, bəziləri də hər on günündə xətm edərdi.
Qatədə (Allah ona rəhmət etsin) daim Quranı həftədə bir dəfə, Ramazanda üç gündən bir, Ramazanın axır on günündə hər gecə xətm edərdi.
Zühri (Allah ona rəhmət etsin) Ramazan girəndə deyərdi: «Həqiqətən O (Ramazan) yalnız Quran oxumaq və yemək yedirtməkdir.»
İbn AbdulHəkim (Allah ona rəhmət etsin) belə demişdir: «Malik (Allah ona rəhmət etsin) Ramazan girdikdə hədis oxumağı və alimlərlə oturmağı tərk edib Mushafdan Quran oxumağa üz tutardı.»
AbdurRazzaq (Allah ona rəhmət etsin) demişdir: “Sufyan əs-Sovri (Allah ona rəhmət etsin) Ramazan ayı girdikdə bütün ibadətləri tərk edib Quran oxumağa üz tutardı.”
Ey Müsəlman bacım! Gərək sənin də oxumaq üçün Qurandan bir payın olsun, qəlbin onunla dirilsin, nəfsin onunla paklaşsın, əzaların onun üçün qorxsun, bununla da Qiyamət günündə Quranın şəfaətinə müstəhiq (layiq) olasan. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Oruc və Quran Qiyamət günü qul üçün şəfaətçi olacaqlar. Oruc deyəcək: “Ey Rəbbim! Onu yeməkdən, şəhvətdən saxladım, məni onun üçün şəfaətçi et!”, Quran deyəcək: “Onu gecə yatmağa qoymadım, məni onun üçün şəfaətçi et!” deyəcək və şəfaət edəcəklər.» (Əhməd və Hakim Səhih isnadla rəvayət etmişlər)
Altıncı məsələ: Ramazan səxavət və yaxşılıq ayıdır.
Müsəlman bacım! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qadınları sədəqə verməyə rəğbətləndirərək belə demişdir: «Ey qadınlar! Sədəqə verin və çoxlu bağışlanma diləyin, mən Cəhənnəm əhlinin çoxunun siz olduğunuzu gördüm.» (Müslim)
Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Ey qadınlar! Zinət əşyalarınızdan olsa belə sədəqə verin.» (Buxari)
Möminlərin anası Aişədən (Allah ondan razı olsun ) oruc tutduğu günlərin birində yüz min sədəqə verdiyi rəvayət olunur. Bu zaman xadiməsi ona belə deyir: “Heç payladığının bir dirhəminə ət alıb onunla iftar etməyi bacarmadınmı?” dedi: O isə “yadıma salsaydın belə də edərdim» deyərək cavab verir.
Amma Ramazanda olan səxavət başqa aylardan daha əfzəldir. Ona görə də Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazanda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səxavəti səxavətin bütün növlərini: Elm və mal sərf etməyi, Allahın dinini izhar etməyi, Allahın qullarını hidayətə gətirməyi, faydalı şeylərin onlara bütün yollarla çatdırılmağı, acları doyurmağı, cahillərini moizə etməyi, həcətlərini ödəməyi, ağırlıqlarını daşımağı əhatə edərdi.
Ramazanda olan səxavətlərdən: Oruc tutanları yedizdirmək:
Müsəlman bacım! Oruc tutan kəsə iftar etməsi üçün yemək verməyə həris ol! Çünki onun əzəmətli əcri və xeyri vardır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Oruc tutan bir kəsin iftarını verən, orucu tutan kəsin əcri kimi əcr vardır, lakin bu, oruc tutanın əcrindən bir şeyi azaltmaz.» (Əhməd və Tirmizi, həsən səhih isnad olduğunu demişlər)
Həmçinin, daimi qalan sədəqəyə həris ol!
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Adəm övladı öldükdə bu üç əməldən başqa bütün əməlləri dayanar: Daimi qalan sədəqə, özündən sonra qoyub getdiyi faydalı elm və onun üçün dua edən saleh övlad.» (Müslim)
Yeddinci məsələ: Ramazan qiyam ayıdır.
Müsəlman bacım! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecəni namazda keçirərdi, hətta dabanları çatlayardı. Ona dedilər: “Ya Rasulallah! Sənin keçmiş və gələcək günahların bağışlanıb və sən niyə belə edirsən?” Allah Rəsulu isə belə cavab verdi: “Məgər şükr edən qullardan olmayımmı?» (Buxari, Müslim)
Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Kim Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və digər əməllər nəzərdə tutulur) bütün keçmiş günahları bağışlanar.» (Buxari, Müslim)
Qadın Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha əfzəldir. Necə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Qadınlarınıza məscidlərə getməsini qadağan etməyin! Evləri onlar üçün daha xeyrlidir.» (Əhməd, Əbu Davud, Albani səhihləşdirmişdir)
Hafiz Deyləmi (Allah ona rəhmət etsin) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, ala qaranlıq – yəni zülmət – olduğundan tanınmazdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz salamını verdikdən sonra kişilərə qadınlar gedənə qədər “yerinizdə qalın!” deyərdi.” Bununla belə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) «namazlarını evlərində qılmaları daha əfzəldir” demişdir. Bəs bəzənmiş, ətirlənmiş, zinət əşyaları ilə süslənmiş, ən gözəl paltarını geyib çıxmış qadını necə zənn edirsən?!
Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qadınların ondan sonra nə edəcəklərini bilsəydi, onlara məscidə getmələrini qadağan edərdi.»
Subhanəllah! Aişənin (Allah ondan razı olsun) bu sözü birinci əsrin səhabə qadınları haqqındadırsa, necə güman edirsən, zəmanəmizin qadınlarını görsəydi nə deyərdi?!
Ağıl sahibi olan qadınlara: Əgər məscidə getmək istəsəniz onda sələf qadınların çıxdığı görkəmdə çıxın.
Həmçinin, saleh niyyət ilə, namaz qılıb Allahın ayələrini dinləmək üçün məscidə gedin. Bu onları sükunətli, vüqarlı olmağa çağırar və yad gözlərin onlara baxmasının qabağını alar.
Bəzi qadınlar məscidə yalnız sürücü ilə gedirlər, bu da onlara nafilə ibadət üçün cəhd göstərdikləri halda belə harama girmələrinə gətirib çıxarır. Bu da cahilliyin ən pis, axmaqlığın ən şiddətli dərəcəsidir.
Qadına ətirlənib, buxurlanıb (tüstü şəklində olan ətirlər) evindən çıxması caiz deyildir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Buxurlanan qadın bizimlə işa namazını qılmağa gəlməsin.» (Müslim)
Qadınlar özləri ilə uşaqlarını məscidə gətirməsinlər, çünki bu onları namaz qılmaqdan yayındırır, başqalarına isə ağlamaq və qışqırmaqla ilə əziyyət edirlər, məsciddə olan kitab və əşyaları isə qarışdırırlar.
Səkkizinci məsələ: Əzaların orucu
Ey müsəlman bacım! Bil ki, əzalarını günahlardan, gözlərini harama baxmaqdan, qulaqlarını harama, yalana, qeybətə, nəmmamlara, musiqiyə və batilin bütün növlərinə qulaq asmaqdan, əllərini harama basmaqdan, ayaqlarını harama getməkdən, dilini yalandan, fahiş sözlərdən, yalançı şahidlikdən, qarnını yeyib içməkdən, fərcini zinadan, cimadan qoruyan kəs oruc tutmuş sayılar. Danışanda yalnız fayda verən səmərəli olan söz danışar, orucuna xələl gətirən və ya batil edən fahiş, pis sözlərdən uzaq olar. Həmçinin, müsəlmanların namusuna yalan, qeybət, nəmmamlıq, kin, həsəd, iftira ilə toxunmasın. Bilirsən ki, bu münkərlərin ən pisi, günahların ən böyüyüdür.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Kim yalan danışmağı, yalançı və cahil əməlləri tərk etməzsə, Allah Təalənin onun yeyib-içməsinə ehtiyacı yoxdur.” (Buxari)
Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Oruc tutduğunuz gün səs-küy salıb pis sözlər danışmayın, əgər onu (oruc tutanı) kimsə söysə və ya onunla vuruşmaq istəsə ona “mən orucam” desin.» (Buxari, Müslim)
Oruc tutub müsəlman qardaşlarının namusu ilə, onların ətlərini yeməklə iftar edən kəslər haqqında Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: «Elə oruc tutan vardır ki, orucdan onun payı yalnız ac və susuz qalmasıdır.» (Əhməd və İbn Macə səhih isnadla rəvayət etmişlər)
Doqquzuncu məsələ: Ramazanda vaxtı düzgün qorumaq üçün yollar.
Qadın bu əzəmətli ayda vaxtını Qiyamət günü ona zəfər və xoşbəxtlik gətirəcək, onu Cənnətə yaxınlaşdırıb, Cəhənnəmdən uzaqlaşdıran əməllərlə məşğul olmalıdır. Buna Allaha itaət, günahlardan uzaq olmaq ilə nail olmaq olar. Qadın bu səxavətli ayda vaxtını qorumaq istəyirsə, aşağıdakıları etməlidir:
1-Evdən çıxmamaq. Yalnız ehtiyac, zərurət və ya Allaha itaət etmək hallarından başqa;
2-Bazarları gəzməkdən uzaq olmaq, xüsusən Ramazan ayının son on günündə. Bayram günü üçün paltarları Ramazan ayının son on günündən və ya Ramazandan qabaq almaq olar;
3-Səbəbsiz yerə qonaq və kimisə ziyarətə getmək. Əgər ziyarət etməyə səbəb varsa, məsələn kimsə xəstədirsə orada çox qalmamaq şərti ilə ziyarət etmək olar;
4-Pis işlər olan məclislərə getməmək. Qeybət, nəmmamlıq, yalan, kiməsə istehza və tənə edilən məclislər kimi;
5-Vaxtını yarışlarda, tapmaca həllində, film və seriallara baxmaq, cürbəcür maraqlı televiziya kanalları axtarmaqla itirmə! Müsəlman bu cür şeylərlə məşğul olsa Ramazanla vidalaşa bilər;
6-Fəcr namazına kimi oyaq qalmaqdan çəkin! Bu namazlara və günün əksər hissəsini yatmağa səbəb olur;
7-Pis və şərr kimsələrlə yoldaşlıq etmə!
8-Günün əksər hissəsini yataraq vaxtını keçirməkdən çəkin! Bəziləri sabah namazından sonra yatıb yalnız gün batana yaxın oyanırlar, məgər bu oruc tumaq sayılırmı?!
9-Əvvəlki sözlərimizdə dediymiz kimi, vaxtını yemək hazırlamaqla itirmə!
10-Vaxtını güzgü qabağında çox oturub bəzənməklə keçirmə!
11-Vaxtını telefonla danışmaqda keçirmə! Bu zəif imanlı kəslərin aclıq və susluğa tab gətirmək üçün istifadə etdikləri vasitələrdir. Allahın Kitabını öyrənmək və oxumaq onlardan daha xeyirli olar;
12-Vaxtın itməsinə və harama aparan mübahisə və ixtilafdan çəkin! Hər kimsə səni buna sövq etsə “mən oruc tutmuş qadınam” de!
Onuncu məsələ: Ramazanın son on günü.
Ey müsəlman bacım! Ramazanın artıq iyirmi günü keçib, geriyə yalnız bu on gün qalıb. Hələ ki, əcr qazanmaq üçün fürsət var. Əvvəlki günlərdə nöqsana yol vermişdinsə bu günlərdən istifadə et, həqiqətən əməllər sonuna görədir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının son on günü girdikdə pərdələri bağlayar, gecələr ibadətə qalxar və əhlini bunun üçün oyadardı. (Buxari, Müslim)
Həbib Əbi Məhəmmədin (Allah ona rəhmət etsin) arvadı gəcə ona belə deyir: “Artıq gecə getdi, önümüzdə uzun yol var, tədarükümüz isə azdır, salehlərin karvanı bizi ötüb keçib, yalnız biz qalmışıq.”
Qədr gecəsinin Ramazan ayının son on gündə olması Allah Təalənin biz-insanlara olan böyük bir lütfüdür, qədr gecəsi son on günün tək günlərindədir.
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə deyərdi: «Qədr gecəsini Ramazan ayının axır on gününün tək günlərində axtarın.» (Buxari, Müslim) Qədr gecəsi əzəmətli bir gecə, böyük fürsətdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunun haqqında belə demişdir: «Bu ay (Ramazan) artıq gəlib çatıb, onda min aydan xeyirli bir gecə vardır. Ondan məhrum olan xeyrin hamısından məhrum olmuşdur. Onun xeyridən yalnız məhrum olmuş kəslər məhrum olar.” (İbn Məcə, Albani səhihləşdirmişdir)
Əziz müsəlman bacım! Bu gecəyə müvəffəq olmaq üçün səy göstər, belə böyük bir əcirdən özünü məhrum etmə, bil ki, Ramazan ayının son on gününü ibadət və itaətlə keçirsən şübhəsiz be gecəyə Allahın izniylə əzəmətli əcrə, böyük savaba müvəffəq olarsan.
-Qədr gecəsində edilən dua.
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi : «Qədr gecəsinə müvəffəq olsam onda nə deyim?” Dedi: “de ki, “Allahım, Sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla.»” (Əhməd və Tirmizi, həsən səhih)
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın
salavatı və salamı olsun.Səid İsrafilov
24 iyul 2010
GO BACK