ŞEYTAN
Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: "Allahım, bizə verdiyin hər şey üçün Sənə şükürlər olsun!" - deyə dua edərdi.
Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: "Allah yoxdur, Allah yoxdur!" - deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, "Allah yoxdur, Allah yoxdur" - deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına "tələ qurmağı" qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, "Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün Sənə şükürlər olsun!" - deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: "Allah yoxdur, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!". Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: "Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətdirmisən"...
22 iyul 2010
GO BACK