Qadin.NET / Müraqəbə

Müraqəbə

Müraqəbə

İnsan özünün hər bir işində gərək nəzərdə tutsun ki, o, öz Xaliqinin, yəni Allah-təalanın nəzarəti altındadır; ən xəlvət yerlərdə də o, tək deyil, Allah-təala oradadır və onu görür. Buna MÜRAQƏBƏ  deyilir.  

Bir alim öz tələbələrini qaldırıb, onların hərəsinə bir quş verdi və dedi ki, bu quşları elə bir yerdə kəsin ki, sizi heç kəs görməsin. Onların hərəsi bir xəlvət yer tapıb, quşları kəsdilər və gətirib ustada göstərdilər. Yalnız bir tələbə quşu diri halda qaytarıb gətirdi və alimə dedi: Mən elə bir yer tapa bilmədim ki, orada vahid və yeganə olan Allah məni görməsin.

Alim bu tələbəyə “afərin” dedi; sonra tələbələrə izah etdi ki, bu işdə onun məqsədi o idi ki, Allah-təalanın hər yerdə hazır olduğunu onlara bildirsin.

Rəvayət edirlər ki, bir cavan oğlanın yaxşı ibadət etdiyini görüb soruşdular ki, o, hansı əsas və etiqada görə bu cür ixlasla ibadət edir? Oğlan dedi ki, mən dörd xislət əsasında buna nail olmuşam:

1.Gördüm ki, mənim ruzilərim öz vaxtında mənə yetişir, fövt olmayır; bildim ki, Allahın vədəsi doğrudur. Odur ki, Onun vədəsinə inanıb etibar etdim və arxayın oldum.

2.Bildim ki, mənə lazım olan əməli başqa bir adam mənim üçün etməyəcək; ona görə bu işlə özüm məşğul oldum.

3.Bildim ki, əcəlim qəflətən gələcək; odur ki, axirət tədarükü ilə məşğul oldum.

4.Bildim ki, xəlvətdə və aşkarda mən Allah-təalanın nəzərindən ğayib ola bilmərəm; ona görə hər halda özümə fikir verirəm və özümü nəzarət altında hesab edirəm.

Həqiqətən, insan özünü nəzarət altında hesab etsə, heç vaxt günah etməyə cəsarət etməz.

11 fevral 2012
GO BACK