Qadin.NET / Şükrün neçə mərtəbəsi var?

Şükrün neçə mərtəbəsi var?

Şükür - insana çatan ehsan və nemətin müqabilində təşəkkür etmək deməkdir. Əxlaq alimlərinin nəzərinə görə, şükrün üç mərtəbəsi vardır: elm, hal və əməl.

Elm halın yaranmasına səbəb olar, hal da əməlin yaranmasına səbəb olar.

Şükür üç mərtəbədə həyata keçər.

Birinci mərtəbədə elmdə üç şey aydın olmalıdır:

1. Nemətin özü və necəliyi.

2. Neməti verənə qarşı elm əldə etmək.

3. Nemət və ehsan məkanı.

İkinci mərtəbədə insan nemətin haradan gəldiyini dərk edəndən sonra, onda bəxş edənə qarşı məhəbbət və şadlıq meydana gələr. Əsil şükür odur ki, insan neməti verənə görə sevinsin və şadlansın, nəinki nemətə görə.

İnsan uzun illər arzuladığı şeyə çatdığına görə neməti verənə məhəbbət hiss edər.

Üçüncü mərtəbədə insan hasil olan şadlığına əməl edər. Bu əməl qəlbində, dilində, əza və bədənində özünü göstərər. Qəlbində niyyətin paklığına, dilində şükrə və təşəkkürə, bədənində həmin nemətdən istifadə etməyə gətirib çıxardar.

Məsələn, iki gözün neməti odur ki, başqalarında gördüklərinə göz dikməsin və onlara əl uzatmasın. "Buna görə də Allahdan qorxun ki, bəlkə şükür edəsiniz". ("Ali-İmran" 123).

İmam Sadiq (ə) buyurur: "Nemətə şükür etmək ibarətdir İlahi haramlardan çəkinmək, şükrü kamil şəkildə yerinə yetirmək. Əlhəmdulillahi Rabbil-aləmin kəlməsini deməkdir".

İmam Sadiq (ə) buyurur: "O kəsə ki, şükür etmək halı verilər - nemətinin artması da ona verilər".

Beləliklə deyə bilərik ki, şükür etməyin üç mərtəbəsi vardır: elm, hal və əməl.

Əgər insan bu üç mərtəbəni yerinə yetirərsə, o zaman həqiqi şükrü yerinə yetirmiş olar. Allah bizlərə həqiqi şükür etmək tövfiqini əta etsin.


Milli.az

7 sentyabr 2020
GO BACK