Qadin.NET / ZINAKARLIQ

ZINAKARLIQ

ZINAKARLIQ


Əziz oxucular, dində vacib olan bəzi məsələləri sizə xatırlatmaq, özünün də xəbəri olmadan yavaş-yavaş şeytanın dalınca addım-addım gedən soydaşlarımızı gözləyən təhlükələrdən hamınızı xəbərdar etmək məqsədi ilə bu risaləni yazmaq qərarına gəldik. Bu dəfəki mövzumuz indiki dövrümüzdə əvvəlki vaxtlara nisbətən daha da aktuallaşan, tarixdə sayı bizə məlum olmayan qədər cəmiyyətləri daxildən sarsıdıb məhv edən bir məsələ barədə olacaq. Bu risalədə millətimiz, dövlətimiz, cəmiyyətimiz ən nəhayət və ən əsası müsəlman ümmətimiz üçün dəhşətli silahlardan da qorxulu olan əxlaqsızlıqdan və zinakarlıqdan söhbət açacaq, bu əməlin törədə biləcəyi fəsadlar haqqında sizi bir daha məlumatlandıracağıq. Həmişə olduğu kimi bu dəfə də toxunduğumuz problemin meydana gəlmə səbəblərini ortaya qoyacaq və onun aradan qaldırılması yollarını sizlərə çatdıracağıq. Həmişə olduğu kimi bu risalədə də məsələləri Quran ayələri və Peyğəmbərimizdən səllallahu aleyhi və səlləm bizə gəlib çatan dəlillərlə əsaslandıracağıq. Hesab edirik ki, hər birimiz bu risalədə yazılanların bizim şəxsi fikrimiz olmadığını, yalnız Yaradanın əmr və tövsiyələri olduğunu nəzərə alıb onları qulaq ardına vurmayacaq, hamılıqla birlikdə belə pis əməllərlə mübarizə aparmağa qalxacağıq; yalnız bir məqsədlə - Uca Allahın razılığını qazanmaq naminə. Bəli, yalnız Allahın razılığını qazanmaq. Və bu yazını yazmaqda yenə də köməyi Ondan diləyirik.

Uca Allah buyurur: «Zinaya yaxınlaşmayın! Həqiqətən də bu iyrənc bir əməl və murdar bir yoldur» .
Həmd Allaha olsun! Həqiqətən də O hər şeyi biləndir. Zina nəinki ona qurşanmış tərəflərin, həmçinin bütün cəmiyyətin son nəticədə alçalması, cılızlaşması və məhv olması həddinə gətirib çıxaran murdar bir əməldir. Bunu bizdən də yaxşı bilən Uca Allah bizi ondan bu ayə vasitəsi ilə çəkindirmişdir. Əgər Allah bizə bu əməlin murdar olduğunu deyirsə, deməli bu əməli edən və ya ona şərait yaradan kəslər günahkardırlar. Lakin biz sonrakı qeydlərimizdə bu ifadəni, onu törədən şəxsin əməli olaraq sadəcə zinakar adlandıracağıq. Hesab edirəm ki, bu əməli törədənləri belə adlandırmaqla heç kəs bizdən inciməyəcək. Zinakarlığın təhlükəsini və çirkinliyini başa düşən Yusuf peyğəmbər aleyhissəlam də ondan çəkinmiş və zindana düşməyi zina etməkdən üstün tutaraq belə dua etmişdir: «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən mən onlara meyl edər və cahillərdən olaram» .
Yusuf peyğəmbərin aleyhissəlam bu duası doğrudan da təqdirəlayiqdir. Qadının istəyini hansı vəziyyətdə və nə cür əxlaqla rədd etməsini sizə desək və ya sadəcə olaraq siz özünüz Qurani Kərimi əlinizə alıb “Yusuf” surəsini 20-ci ayəsindən 30-cu ayəsinədək oxusanız buna şahid olar, bir çoxları isə hətta heyrətlənər də. Biz isə öz növbəmizdə bir çoxlarının namaz qılıb Quran oxumaqdan başqa hər bir işə vaxt tapdıqlarını nəzərə alıb həmin hadisəni qısaca xatırlatmaqla Yusuf peyğəmbərin aleyhissəlam həqiqətən necə sadiq mömin olduğunu bir daha bəyan etmək istərdik.
Qardaşları həsədləri ucbatından Yusufu aleyhissəlam quyuya atdıqdan sonra yoldan keçən karvan onu xilas edir. Yusufun çox gözəl olması Misir vəzirinin zövcəsinin diqqətindən yayınmır və o, günlərin bir günü otağın qapılarını bağlayaraq Yusufa onunla yaxınlıq etməyi əmr edir. Sözsüz ki, qadın yuxarıda qeyd etdiyimiz şəkildə rədd cavabı alır. İndi isə üzümüzü sizə tutaraq deyirik: “Ey etdiyi zinaların sayına görə öyünən insan, və ya ey imanının zəifliyindən şəhvət hisslərini cilovlaya bilməyən müsəlman, və ya ey üzdə özünü mömin kimi göstərib xəlvətə çəkildikdə isə zina və digər çirkin işlərini davam etdirən kəslər, Yusuf peyğəmbərin aleyhissəlam hərəkətinə bax və ibrət al!” Birincisi, Yusuf həddən artıq gözəl idi və onun bu gözəlliyi qarşısında qadınlar tab gətirə bilmirdilər. O isə başqasının qadınına pis gözlə baxmadı. İkincisi, o gənc idi və deməli onda olan şəhvət hissi də güclü olmalı idi. Buna baxmayaraq o, şəhvətinə qalib gələ bildi. Üçüncüsü, o qəriblikdə idi və şübhəsiz ki, zina edəcəyi təqdirdə heç kəsin, xüsusən də yaxınlarının və tanışlarının xəbər tutmayacağı fikri də onu bu işə sövq edə bilərdi, lakin etmədi. Dördüncüsü, o qul idi və qadın da onun ağası idi. O bunu əmrə tabe olaraq qorxusundan da edə bilərdi, lakin qorxmadı. Beşincisi, qadın zadəgan ailəsindən idi. Bir çox cahillər varlı və zadəgan qadınla eyş-işrət arzusunda olarkən, Yusuf bundan imtina edirdi. Altıncısı, qadın zina etməyə hazır idi və bu halın özü Yusufu yoldan çıxara bilərdi, necə ki, indi bir çoxları bir işarəyə bənddirlər. Yeddincisi, onların yanında heç kəs yox idi və bu vəziyyət də gənc Yusufa təsir edə bilərdi lakin etmədi. Səkkizincisi, qadın qapıları bağlamışdı və bu da Yusufu arxayınlaşdıra bilərdi, lakin o buna getmədi. Doqquzuncusu, qadın Yusufdan yapışaraq onu özünə tərəf çəkirdi ki, bu da onda ehtiras yarada bilərdi, lakin o buna əhəmiyyət vermədən qapıya tərəf qaçdı. Onuncusu isə, qadın onu hədələyir, lakin Yusuf hətta hədə-qorxu qarşısında belə sınmır. Həqiqətən də bu ayələrin mənasında və ümumən “Yusuf” surəsində başa düşənlər üçün böyük ibrətlər vardır ki, biz də onun bəzi məqamlarını qeyd etdik. Uca Allah bu surədə sadiq, heç kəsin sözünə, hədəsinə, marağına, təklifinə əhəmiyyət verməyərək batili ayaqları altına atıb yalnız Allaha tapınan, Onu razı salan işlər görən Yusuf peyğəmbəri aleyhissəlam bütün insanlara xüsusən də çaşaraq yolunu azanlara nümunə göstərir. Sözsüz ki, Yusuf peyğəmbər də aleyhissəlam bizim kimi bir insan idi və deməli onun da qadına (xüsusən də yuxarıda qeyd edilən vəziyyətdə) meyli ola bilərdi. Lakin peyğəmbərdəki Allah qorxusu, Allaha imanı və sadiqliyi onu bu əməldən çəkindirir. Çünki Yusuf şəhvətinin, nəfsinin, şeytanın qulu deyildi. O, aləmlərin Rəbbi, Din gününün Hökmdarı, Uca Allahın qulu idi. Allahın qulu olmaq nə böyük şərəf, nə böyük səadətdir!
Zina etməyin nə cür çirkin bir iş olduğunu Peyğəmbərimizdən səllallahu aleyhi və səlləm bizə gəlib çatan bir hədisdən də görmək olar. «Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Ey Allahın elçisi, izn ver zina edim». Əshabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Yaxın gəl!» O yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi:
– Öz anana rəva bilərsən?
– Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən?
– Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin!
– Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər.
Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: «Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»
Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi» .

ZINAKARLIQ


ZINANIN FƏSADLARI

– Namusu ləkələyir.
– Zinakar şəxs insanlar arasında gözü kölgəli (rüsvay) olur.
– Zina qəlbi qaraldır və onu sıxıntıya salır.
– Ailədə fəsad törədir, ərlə arvad arasında olan münasibətləri korlayır.

– Uşaqların tərbiyəsinə pis təsir edir.
– Əksər hallarda dünyaya gələn uşağın atasının kim olduğu bilinmir.
– Əsil-nəcabətin bilinməməsi və soy kökünün itib batmasına səbəb olur.
– Bəzən zinakarlar qeyrətin qurbanına çevrilirlər.
– Zinakarların əksəriyyəti narahatlıq hissi ilə yaşayır, yaxınlarının onların bu çirkin əməllərindən xəbər tutacağından qorxurlar.
– Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxardır.
– QİÇS və s. kimi təhlükəli yoluxucu xəstəliklərin yaranmasına və onların yayılmasına səbəb olur.
– Zinanın çoxalması Qiyamətin yaxınlaşmasıdır.
– Zina malın israf olmasına səbəb olur.
– Bir nəfərin zina etməsi onun bütün xalqının adına xələl gətirir.
– Zina edən şəxs tez-tez yalan danışmaq məcburiyyətində

Son olaraq hamımız üçün Uca Allahdan bağışlanma diləyir və bizi düz yoldan azdırmamağı arzulayırıq. Qoy Uca Allah Öz ayələrindən irəli gələn həyat tərzini bizim qəlblərimizə və beyinlərimizə hakim etsin. Bizi bu ayələri inkar edənlərin fitnə-fəsadından qorusun!

ZINAKARLIQ



Əlixan Musayev

Eləcə də baxa bilərsiniz:

"Lə iləhə illəllah"ın dindəki yeri,əhəmiyyəti və önəmi

Adətlər və qadın

Sevginin qaynağı Allahdır

"Yasin" surəsi Ərəbcə dinlə,türkcə oxu
7 iyun 2010
GO BACK