Xanımlar,Namaza başlamazdan əvvəl hər bir müsəlmanın bilməsi vacib olduğu məqamları ilk dərslərimizdə sizlərə açıqlamaq istəyirəm. Suallarınız olarsa buyurub verə bilərsiniz. Hər zaman sizə yardımçı olmağa hazıram.
32 Fərz
Dünya və axirət səadətini qazanmaq hər bir müsəlmanın əsas hədəfidir.
Bunun üçün Allaha və Peyğəmbərimizə iman etməklə yanaşı, həyatımız boyu bizə vacib olan bəzi dini məsələləri bilməli və bunlara əməl etməliyik. 32 fərz konkret olaraq bu dini və zəruri məsələləri hər kəsə bu şəkildə açıqlayır:
• İmanın 6 şərti
• İslamın 5 şərti
• Dəstəmazın 4 fərzi
• Qüslün 3 fərzi
• Təyəmmümün 2 fərzi
• Namazın 12 fərzi
Sual: İmanın şərtləri nədir?
1. Allahın varlığına və birliyinə iman etmək.
2. Mələklərə iman etmək.
3. Müqəddəs kitablara iman etmək.
4. Peyğəmbərlərə iman etmək.
5. Axirət gününə iman etmək.
6. Qədərə-xeyrin və şərrin Allah tərəfindən olduğuna iman etmək.
Sual: İslamın şərtləri nədir?
1. Kəliməyi-şəhadət demək (Əşhədu ən la ilahə illallah va əşhədu ənna Mühəmmədən Rəsulullah)
2. Namaz qılmaq.
3. Oruc tutmaq.
4. Zəkat vermək.
5. Həccə getmək.
Sual: Dəstəmazın fərzləri hansılardır?
Dəstəmazın 4 fərzi vardır:
1. Üzü yumaq.
2. Dirsəklərlə birlikdə qolları yumaq.
3. Başın dörddə birinə məsh çəkmək.
4. Ayaqları topuqlarla birlikdə yumaq.
Sual: Qüslün fərzləri hansılardır?
Qüslün 3 fərzi var:
1. Ağıza su almaq.
2. Buruna su almaq.
3. Bütün bədəni yumaq.
Sual: Təyəmmümün fərzləri hansılardır?
Təyəmmümün 2 fərzi vardır:
1. Niyyət etmək.
2. Əlləri yerə vurub üzə və qollara məsh çəkmək.
Sual: Namazın fərzləri hansıdır?
Namazın 12 fərzi vardır. Bunlardan 6-sı namazın xaricindədir:
1. Hədəsdən təharət.
2. Nəcasətdən təharət.
3. Övrət yerin örtülməsi.
4. Qibləyə doğru dönmək.
5. Vaxt.
6. Niyyət.
Digər 6-sı isə namaz daxilindədir:
1. Başlanğıc təkbir (Allahu Əkbər) demək.
2. Qiyam (namazda ayaq üstə durmaq).
3. Qiraət (namazda Fatihə və surələr oxumaq).
4. Rüku.
5. Səcdə.
6. Son oturuş.
Bu şəkildə “32 Fərz” tamamlanmış olur.
İslamda hökm növləri
Şəriət hökmləri aşağıdakı növlərə ayrılır:
Fərz, vacib, sünnət, müstəhəb, haram, məkruh.
§ Fərz: Dinimizdə edilməsi qətiyyətlə tələb olunan və əsaslı sübutlarla isbatlanmış hökmlərə Fərz deyilir: Namaz qılmaq, Oruc tutmaq kimi. Fərzi yerinə yetirən savab və mükafat, yerinə yetirməyən isə günah və cəza qazandığı halda, onu inkar edən kafir olur.
§ Vacib: Fərz hökmlərə nisbətən bir az zəif sübutlara əsaslanan hökmlərə deyilir. Vitir və Bayram namazları kimi. Vacibi yerinə yetirməkdə savab, tərkində isə günah və cəza var. Vacibi inkar edən kafir olmasa da, günah qazanmış olar.
§ Sünnət: Peyğəmbərimizin (sav) fərz və vacibdən savayı, etdiyi digər əməlləri Sünnət adlanır. Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarının sünnətləri kimi. Bununla yanaşı Rəsulullahın (sav) hərəkətləri və kəlamları da Sünnət qisminə aid edilir. Sünnətə əməl etməkdə böyük savab, tərkində isə günah yoxdur.
§ Haram: Edilməsi qəti şəkildə qadağan olunmuş əməllər Haram əməllər adlanır. İçki, zina və qumar kimi..
§ Məkruh: Edilməsi xoş görülməyən əməllərə deyilir. Cümə günü məscidə getmədən əvvəl soğan və ya sarmısaq yemək və s.
§ Müstəhəb: Sünnətdən fərqli olaraq Peyğəmbərimizin nadir hallarda etdiyi əməllərdir. Dəstəmazda boyuna məsh çəkmək kimi.