Yer kürəsini əhatə edən hava müəyyən ağırlığa, çəkiyə malikdir. Okean səviyyəsində 1 kub metr havanın çəkisi 1033 q-dır. Yüksəklik artdıqca havanın sıxlığı və müvafiq olaraq çəkisi də azalır. Havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsi atmosfer təzyiqi adlanır.
Atmosfer təzyiqi hər bir nöqtədə, həmin nöqtədən atmosferin üst sərhədinədək olan hava sütununun çəkisinə bərabərdir. Yüksəyə doğru qalxdıqca havanın sıxlığı və hava sütununun hündürlüyü azaldığına görə atmosfer təzyiqi də azalır.
45º enlikdə okean səviyyəsində, 0ºC temperaturda 1sm² səthə havanın göstərdiyi ağırlıq qüvvəsi 760 mm civə sütununun ağırlığına bərabərdir ki, bu da normal atmosfer təzyiqi adlanır.
Yüksəkliyə doğru atmosfer təzyiqinin 1 mm c.s. azalması üçün lazım olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10 m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12 m, 15 m və daha böyük olur.
Atmosfer təzyiqini ölçən cihazlar barometr, barometr-aneroiddir. Xəritədə eyni təzyiqə malik nöqtələri birləşdirən xətlər izobarlar adlanır.
Atmosfer təzyiqi təkcə yüksəklikdən yox, həm də coğrafi enlikdən asılı olaraq dəyişir. Yer səthinin müxtəlif coğrafi enliklərdə müxtəlif cür qızması, səthin istilik tutumunun (quru və okean) müxtəlifliyi fərqli təzyiq qurşaqlarının və təzyiq sahələrinin yaranmasına səbəb olur.
Ekvatorial qurşaqda bütün ilboyu yüksək temperaturun olması qızmış havanın sürətlə yuxarı qalxmasına səbəb olur. Odur ki, burada alçaq təzyiq qurşağı (barik minimum) yaranır. Ekvator üzərindən qalxan hava troposfer daxilində şimala və cənuba doğru istiqamət alır. Lakin Yer öz oxu ətrafında fırlanması nəticəsində yaranan Koriolis qüvvəsinin təsiri ilə bu hava axınlarının bir hissəsi tropik enliklərdə aşağı enir. Tropik qurşaqda enən havanın təsiri yüksək təzyiq qurşaqlarının (barik maksimum) yaranması ilə nəticələnir. Mülayim qurşaqda qalxan hava axınları ilə bağlı alçaq təzyiq (barik minimum) qurşaqları yaranır. Qütb enliklərində aşağı temperaturla bağlı yaranan buz örtüyü və enən hava ilə bağlı yüksək təzyiq qurşaqları (barik maksimum) yaranır. Beləliklə, Yer kürəsində 7 təzyiq qurşağı formalaşır. Bunlardan 4-ü yüksək, 3-ü isə alçaq təzyiq qurşağıdır.
Atmosfer təzyiqinin belə paylanması planetar səviyyədə hava axınlarına, iqlimin formalaşmasında mühüm rol oynayan atmosferin ümumi sirkulyasiyasına (dövranına) səbəb olur.
Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsidir. Küləyin istiqaməti onun haradan əsməsi ilə təyin olunur. Hər hansı məntəqədə hakim küləklərin müəyyən vaxt ərzində (il, ay) təkrarlanmasını təyin etmək üçün "külək gülü" qrafikindən istifadə olunur. Küləyin sürəti m/san və ya km/saatla ölçülür. Küləyin sürəti iki sahə arasında təzyiq fərqindən asılıdır. Küləyin gücü küləyin hərəkət istiqamətinə perpendikulyar olan səthə göstərdiyi ağırlıq qüvvəsidir. Küləyin gücü 12 ballıq Bofort kalası ilə ölçülür. Küləyin gücü onun sürəti ilə düz mütənasibdir. Küləyin istiqaməti flügerlə, sürəti isə anemometrlə təyin olunur.
Günəş radiasiyasından sonra əsas iqlim əmələgətirici amillərdən biri hava kütlələridir. Troposferdə hava kütlələrinin üfüqi və şaquli istiqamətdə planetar miqyasda hərəkətlərinin məcmusu atmosferin ümumi sirkulyasiyası adlanır.
Yer səthinin quru və su sahəsi, relyef mürəkkəbliyi, təzyiq sahəsi və qurşaqlarının müxtəlifliyi mürəkkəb sirkulyasiya yaradır. Bunlardan asılı olaraq müxtəlif küləklər yaranır. Küləklər müvəqqəti, mövsümi və daimi olur.
Brizlər sutkada iki dəfə istiqamətini dəyişən sahil küləkləridir. Onlar, əsasən sahil zonasına təsir edir və zəif küləklərdir.
Mussonlar (ərəbcə-mövsüm) ildə iki dəfə istiqamətini dəyişən küləklər olub, yay mövsümündə rütubətli, qış mövsümündə quru olması ilə səciyyələnir.
Passatlar tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşağına doğru əsən daimi küləklərdir. Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şm yarımkürəsində sağa, C yarımkürəsində sola doğru istiqamətlənir. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Avstriya və Cənubi Amerikadır.
Qərb küləkləri tropik yüksək təzyiq qurşağından mülayim enliklərin alçaq təzyiq qurşağına doğru əsən və şərqə meyillənən daimi küləklərdir.
Şimal-şərq və cənub-şərq küləkləri qütb enliklərinin yüksək təzyiq qurşaqlarından mülayim enliklərin alçaq təzyiq qurşaqlarına doğru əsən daimi küləklərdir. Siklonlar (yunanca "fırlanan") mərkəzində alçaq, kənarlara doğru təzyiqin artması müşahidə olunan qapalı təzyiq sahəsində yaranan küləklərdir. Siklonda hava şimal yarımkürəsində saat əqrəbinin hərəkətinin əksi, cənub yarımkürəsində isə saat əqrəbi hərəkətinin istiqamətində fırlanır. Siklonun əraziyə daxil olması temperaturu aşağı salır, buludlu, yağıntılı, küləkli hava şəraiti yaradır. Mülayim qurşaqda siklonlar Qərb küləklərinin təsiri altında qərbdən şərqə doğru hərəkət edir. Tropik siklonlar daha güclü olur və fəlakətli dağıntılara səbəb olur (Şimali Amerikada tornado, Şərqi Asiyada tayfunlar).
Antisiklon ("anti"-əks) mərkəzində yüksək, kənarlara doğru alçalan qapalı təzyiq sahəsidir. Antisiklonun mərkəzində buludsuz, aydın, durğun, tam sakit hava (şələkət) olur. Arktika, Antarktida, Şərqi Sibir üzərində çox müşahidə olunur. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində fırlanır. Antisiklonda hava aydın, buludsuz, yağıntısız olur.