Coğrafiya elmi ən qədim elmlərdən biridir. “Coğrafiya” termininin yunancadan tərcüməsi “Yeri təsvir edirəm” deməkdir (geo – Yer, qrafo – çəkmək, təsvir etmək). Hazırda bu elm iki əsas hissədən ibarətdir: fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya.
Bir elm kimi fiziki coğrafiya Yer səthinin təbiətini və orada baş verən hadisələri öyrənir. İqtisadi və sosial coğrafiya isə əhali və onun təsərrüfat fəaliyyətini öyrənir. Coğrafiya bir sıra elm sahələri ilə qarşılıqlı əlaqəyə malikdir. Lakin o daha çox geologiya, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat elmləri ilə bağlıdır.
Fizifi coğrafiya geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya, landşaftşünaslıq, geoekologiya və s. sahələri özündə birləşdirir. Fiziki coğrafiyanın ən sıx əlaqədə olduğu elm sahələri geologiya, geofizika, geokimya, biologiya və s.-dir. Fiziki coğrafiya təbii şəraiti və təbii ehtiyatları tədqiq etməklə onların insan həyatında rolunu, insanların təbiətə təsirini öyrənir.
Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi prosesdir. Qədim dövrdə coğrafiya təsviri xarakter daşımışdır. Səyyahları, dənizçiləri, tacirləri ilk coğrafiyaşünaslar saymaq olar. Bu elm quldarlıq dövründə Şərqdə yaransa da, Şərqin tənəzzülündən sonra onun mərkəsi Yunanıstana və Misirə keçmişdir. Qədim dövrün çoğrafiyası haqda məlumatlar Herodot, Aristotel, Eratosfen, Strabon, Ptolomey və başqalarının əsərlərində ümumiləşdirilmişdir.
Coğrafiya elminin formalaşmasında Eratosfenin (b.e.ə II-I əsrlər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Eratosfen, həm də Yer kürəsinin bizə məlum olan ilk xəritəsinin, ilk coğrafiya kitabının müəllifi olub, Yer çevrəsinin ölçülərini ilk hesablayan alimdir. Strabon (b.e.ə I- eramızın I əsrləri) böyük həcmli “Coğrafiya” kitabının müəllifidir. (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və Azərbaycan haqqında məlumat verilir). Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır.
O, Qafqaz Albaniyası (qədim Azərbaycan) haqda geniş məlumat verib. Eratosfen və Ptolomeyin xəritəsində təqribən eyni ərazilər (Şimali Afrika, Avropa, Ön Asiya) təsvir olunsa da, nisbətən mükəmməl olan Ptolomeyin xəritəsindən XV əsrə qədər istifadə olunmuşdur. Güman olunur ki, ilk qlobusu b.e.ə III əsrdə yaşamış yunanıstanlı Krates Mallosski tərtib etmişdir.
Orta əsrlər dövründə alim və səyyahlar, tacirlər coğrafi məlumatların əldə edilməsində mühüm rol oynamışdılar. Biruni (973-1048) Şərqdə ilk qlobusu tərtib etmiş, Yerin ölçülərini daha dəqiqliklə vermişdir. N.Tusi (1201-1274) Yeri iqlimlərə bölmüş, XIII əsrdə məşhur olan 256 şəhərin koordinat cədvəlini tərtib etmişdir.
Kapitalizmin inkişafı dövründə bazarlrın genişləndirilməsi, yeni xammal mənbələrinin və ticarət yollarının axtarılması coğrafiya elminin inkişafı üçün əlverişli şərait yaratdı. XV-XVIII əsrlərdə Böyük Coğrafi kəşflər nəticəsində əksər materiklərin sahil xətləri müəyyən edilmiş, Yer kürəsinin çox hisəsi öyrənilmişdir. X.Kolumb və onun meəllimi Toskanelliyə N.Tusinin tərtib etdiyi koordinat cədvəli, Yerin kürə formasında olması haqda fərziyyələr məlum idi. Odur ki, Kolumb 1492-ci ildə Hindistan dəniz yolu ilə çatmaq məqsədilə qərbə doğru səyahətə çıxdı. İki ay üzdükdən sonra yeni torpaqlar gördü və buranı Vest-Hind, yerli əhalini isə hindu adlandırdı. Bu torpaqları Kolumb kəşf etsə də, Ameriqo de Vespuççi həmin əraziləri 1498-ci ildə tədqiq edərək, buranın yeni materik olduğunu sübut etdiyi üçün, onu Amerika adlandırmışlar. Vaski da Qama 1498-ci ildə Afrikanın cənubundan keçərək Avropadan Hindistana dəniz yolu olduğunu kəşf etdi. F.Magellan 1519-cu ildə qərb istiqamətində səyahətə çıxdı, ekspedisiya üzvlərinin bir hissəsi 1522-ci ildə şərqdən öz vətənlərinə qayıtdı. Bu ilk dünya səyahəti coğrafiya elminə iki böyük töhfə verdi: 1) Yerin kürə formasında olması əyani şəkildi sübut edildi. 2) Dünya okeanının vahidliyi sübut edildi.
XVII əsrdə hollandlar (V.Yanson, A.Tasman) Avstraliyanı kəşf etdilər. XVIII əsrdə ingilis səyyahı C.Kuk dünya səyahətinə çıxmış, bu zaman bir sıra əraziləri kəşf və tədqiq etmişdir. O, həmçinin ilk dəfə Avstraliyanın müstəqil materik olduğunu sübut etmişdir. 1819-1821-ci illərdə rus dənizçiləri F.Bellinshauzen və M.Lazarev antarktidanı kəşf etdilər.
Şimal coğrafi qütbə ilk dəfə 1909-cu ildə Robert Piri, cənub qütbə isə 1911-ci ilin dekabrında Rual Amundsen, 1912-ci ilin yanvarında isə Robert Skott çatmışlar. H.Z.Şirvani (1780-1838) 40 il ərzində Şimali Afrika, Cənub-Qərbi, Cənubi, Mərkəzi və Cənub-Şərqi Asiyanı öyrənmişdir.
Müasir dövrdə fiziki coğrafiya elminin qarşısında duran əsas məsələlər yeni metod və cihazlardan istifadə etməklə Yerin daxili quruluşunu, atmosferi, Dünya okeanını, kosmosu, geoekoloji vəziyyəti dəqiq etmək, insan və təbiət arasında qarşılıqlı təsirlə bağlı problemləri öyrənmək və proqnoz verməkdir.
Beləliklə, Yer haqqında coğrafi bilik və təsəvvürlərin inkişafını 4 mərhələyə ayırmaq olar:
1) Qədim dövr (ibtidai təsəvvürlə dövrü – V əsrə qədər) – təbiətdə hər şey miflərlə əlaqələndirilir, yerin müstəvi olduğu düşünülür.
2) Orta əsrlər dövrü (V-XIV əsrlər) – kiçik yelkənli gəmilərlə səyahətə çıxılır. Yerin daha böyük olduğu qəbul edilir.
3) Böyük Coğrafi kəşflər dövrü (XV-XVIII əsrlər) – demək olar ki, Yerin bütün hissələri kəşf edilir.
4) Müasir dövr – müasir texnikanın köməyi ilə Yer kürəsində baş verən bütün proseslər dərindən öyrənilir.