Qadin.NET / Bağlayıcı

Bağlayıcı

Bağlayıcı

Köməkçi nitq hissəsi olan bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Məsələn: Mən oxuyurdum, o isə şəhərin küçələrində gəzirdi. Akif də bu məsələni bilmişdi.

Sintaktik funksiyasına görə (cümlədəki vəziyyətinə görə) bağlayıcılar iki yerə bölünür: tabesizlik və tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri-cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümlənin tərəflərini birləşdirir. 
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri müstəqil, o biri asılı olan tərəflər arasında işlənir.
Bəzən bağlayıcılar təkcə sözləri və mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri deyil, ayrı-ayrı müstəqil cümlələri, abzasları, hətta mətnin müxtəlif hissələrini də bir-birinə bağlayır.
1. Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var:
Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə). Məs: Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu.
Qeyd: ilə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir-birinə bağlayır. Həmcins xəbərlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir.
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Məs: Mən danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.
Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, və yaxud, yaxud da, gah, 
 gah da, gah da ki, istər, istərsə də. Məs: Gah danışır, gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.

İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, hətta, habelə, həmçinin, -da (-də). Məs: Meşələrdə küknar ağacı da əkilmişdi. Hamı, hətta Cahan xala da məclisə gəlmişdi.
İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məs: Nə zəng edirdi, nə də ki, atası bir söz deyirdi.
Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Məs: bunların bizə, yəni şagirdlərə heç bir aidiyyatı yoxdur.

Bağlayıcı

Tabelilik bağlayıcılarının mənaca növləri isə bunlardır:
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məs: Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hamı narazı idi, belə ki, müdirlə dil tapa bilmirdilər.
Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs: Oxumadım, çünki vaxtım yox idi.
Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məs: Hərçənd, belə gedirsən, lakin bil ki, burada bizlik bir şey yoxdur.
Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs: Madam ki, gəlmir, demək bizi saymır.

İlə köməkçi sözü qoşma və bağlayıcı kimi

İlə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün bunları bilmək lazımdır:
1) İlə köməkçi sözü bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud "və" bağlayıcısı ilə əvəz etmək olur. Məsələn: Akif ilə Arif qonşudur.-Akif, Malik qonşudur.-Akif və Malik qonşudur.
2) İlə köməkçi sözü qoşma kimi işlənərkən, qoşulduğu sözlərlə birlikdə 
bir suala cavab verir və bir cümlə üzvü olur. Məsələn: Akif ilə (kim ilə?) gedirəm.

Amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur. 

Bağlayıcıların quruluşu

Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur. 
Sadə bağlayıcılar bir tərkib hissədən ibarət olur: amma, yəni, məsələn, ilə, əgər və s.
Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır: hərgah, halbuki, habelə və s.
Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur: yəni ki, belə ki, həm də və s.

Bağlayıcı

Bağlayıcılarda vergülün işlənmə qaydaları

Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Amma, ancaq, lakin, halbuki, ona görə ki, yəni və s. bu kimi tək işlənən bağlayıcılardan əvvəl vergül qoyulur. Məs: Mən istəyirdim, amma onlar razı qalmadılar.
Ki bağlayıcısından sonra vergül qoyulur. Məs: Evə çatırdım ki, Akif məni səslədi.
Təkrarlanan da (də) büğlayıcısından sonra (sonuncudan başqa) vergül qoyulur. Lakin da (də) bağlayıcısı tək işləndikdə ondan nə əvvəl, nə də sonra vergül qoyulmur. 
Gah, həm, nə, ya, istər bağlayıcılarından birincindən başqa qalanlarından əvvəl vergül qoyulur. Məs: Gah yağış yağır, gah külək əsirdi.

Digər nitq hissələri ilə qarışa bilən bəzi bağlayıcıların fərqləndirilməsi

Bəzən da, də iştirak bağlayıcısı ilə ismim yerlik hal şəkilçisi olan -da (-də), ki aydınlaşdırma bağlayıcısı ilə sifət düzəldən -kı (-ki, -ku, -kü) şəkilçisi qarışdırılır.Bunları fərqləndirmək lazımdı:

İsmin yerlik hal şəkilçisi vurğulu, da, də bağlayıcısı isə vurğusuz olur; hal şəkilçisi sözə bitişik yazılır, bağlayıcı isə ayrı. Məsələn: Səndə (kimdə?-yerlik hal), deyəsən təzə xəbər var. Sən də (kim?-bağlayıcı) lap ağ elədin ha!
Başqa nitq hissələrindən sifət düzəldən -kı (-ki, -ku, kü) şəkilçisi ahəng qanununa görə dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır. Məsələn: bayaqkı (hadisə), dünənki (söhbət) və s.
-kı (-ki, -ku, -kü) şəkilçisi yiyəlik halda olan əvəzliklərə artırılaraq isim düzəldir: sizinki və s.
Ki bağlayıcısı isə tabeli mürəkkəb cümləni əmələ gətirən cümləri bir-birinə bağlayır. Məsələn: İnanıram ki, Aqil Əsgərov bu işin öhdəsindən gələcək.
Ki həm də ədat kimi işlənir, bu zaman qüvvətləndirmə mənası daşıyır və ondan sonra heç vaxt vergül qoyulmur: Sən ki bunu bilirsən.

20 avqust 2014
GO BACK