Mənşəyinə görə söz qrupları
Azərbaycan dili türk dilləri ailəsinə mənsub olsa da, qədim zamanlardan bəri bir sıra başqa dillərlə də əlaqə və münasibətdə olmuşdur. Bunun nəticəsində Azərbaycan dilinin lüğət tərkibində də müəyyən dəyişikliklər əmələ gəlmişdir. Bu cəhətdən dilimizdəki sözlər mənşəyinə görə milli və alınma olaraq 2 qrupa bölünür. Amma yadda saxlamaq lazımdır ki, dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti mənşəyinə görə əsl Azərbaycan sözlərindən ibarətdir. Məsələn, su, daş, ürək, dağ, dəniz, mən, biz, altı, doqquz, yazmaq, daramaq, islanmaq, elat, dəvəquşu və s. Xüsusən əvəzliklərin, sayların (sıfır, həşdat, milyon, milyard, trilyon saylarından başqa qalan bütün müəyyən miqdar sayları), sadə fellərin, demək olar ki, hamısı əsl türk mənşəli sözlərdir. Bundan başqa, bədən üzvlərinin adları (saç, qulaq, baş, üz, göz, burun və s.), qohumluq münasibəti bildirən sözlər (ata, ana, bacı, qardaş və s. İstisna: "əmi" sözü alınma sözdür) türk mənşəli sözlər hesab olunur.
Alınma sözlər də ərəb-fars və rus-avropa dillərindən alınma olaraq iki qrupa bölünür.
Əsl Azərbaycan sözlərini alınma sözlərdən fərqləndirən xüsusiyyətlər
- Vurğusunun son hecaya düşməsi: yazıçı', ata, (ba'yaq, dü'nən, sa'nki, ya'lnız və s. sözlər istisnadır.)
- Ahəng qanununa tabe olması: ana, nənə, oğul (işıq, ildırım, elat, islanmaq, quşüzümü və s. istisnadır.)
- Sözün əvvəlində iki samitin yanaşı işlənməməsi: plan, şkaf. Bu sözlər Avropa mənşəlidir.
- Sözdə iki saitin yanaşı işlənməməsi: ailə, saat.
- Sözün r, z, f, hərfi ilə başlanmaması: razı, zərf və s. Zoğ, zoğal, fındıq sözləri isə istisnadır.
- Saitin uzun tələffüz olunmaması: bəzi, bəzən və s. İstisna: dovğa, qovurma, ovuşdurmaq.
- Fleksiyaya uğramamaq. Fleksiyaya uğrayan sözlər ərəb mənşəlidir: elm-alim-üləma və s. İstisna: bunlar türk mənşəlidir.- alçaq-alçal, sarı-saral, kiçik-kiçil, uzun-uzat, dağıl-dağıt-dağınıq.
- Sonu -at2 (cəm şəkilçisidir.) şəkilçisi ilə bitən sözlər alınmadır. Bu sözlər ərəb mənşəlidir: məlumat, həqiqət, hökumət və s. İstisna: gedişat, elat türk mənşəlidir.
- Ön şəkilçili sözlər alınmadır: bivəfa, laməkan və s. İstisna: nadinc, nakişi, natəmiz milli sözlərdir.
- Daxilində təkrar olunan qoşasamitli sözlərin bəzisi alınmadır: mədəniyyət, əvvəl və s. İstisna: əlli, yeddi-bu cür bütün saylar millidir.
- Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sirr, hədd, hiss, tibb və s.
- Tərkibində j səsi olan sözlər alınmadır: janr, müjdə və s.
Qeyd: Azərbaycan dilində sözün əvvəlində ı saiti işlənmir. Vaxtilə işıq, ilıq, ildırım sözləri yı ilə başlamışdır. Sonralar ı səsi i-yə keçdiyi üçün bu ana dili sözlərimizdə ahəng qanunu pozulmuşdur. Bugünkü ildırım, ilan sözləri əvvəllər yıldırım, yılan kimi işlənmişdir.
- Azərbaycan dilində söz sonunda o, ö, e saitləri gəlməz. Belələri alınma sözlərdir: kino, büro və s.
- Azərbaycan dilində o, ö, e saitləri ilə şəkilçi işlənməz. (-lov, -sov, -ey istisnadır.)
- Mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur: mömin, mötəbər, məşhur, motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s.
Azərbaycan dilinə ərəb, fars, rus dili vasitəsilə Avropa dillərindən sözlər keçmişdir.
- Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s.
- Sözdə "ənc", "əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fişəng və s.
- Ərəb dilindən keçən sözlərin əksəriyyəti təhsillə, tədrislə və İslam dini ilə bağlı sözlərdir: Allah, Əkbər, məktəb və s. İstisna: tanrı, inam, inanc sözləri əsl Azərbaycan sözləridir.
- Fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir: gül, dilbər, bülbül və s.
Rus dilindən keçmiş sözlər: samovar, paroxod, parovoz, vedrə və s.
Latın dilindən keçmiş sözlər: veksel, molbert, kurort, qalstuk, şayba və s.
İngilis dilindən keçmiş sözlər: mitinq, klub, rels, trolleybus, keks, futbol və s.
Başqa dillərdən sözlər alınması müəyyən səbəblərə bağlıdır
Bu və ya digər ölkədə yeni bir əmək aləti, nəqliyyat vasitəsi, silah növü və s. meydana çıxanda ona hansı dildə ad verilirsə, həmin ad başqa dillərə də keçir: buldozer, ekskavator və s.
Oxşar əşyaları, hadisələri fərqləndirmək üçün alınma sözlərdən istifadə olunur: keks-pirojna, mürəbbə-cem və s.
Alınma sözlərin bir çoxunun Azərbaycan dilində qarşılığı var. Nitqdə alınma sözlərdən elmi, qismən də bədii və publisistik üslublarda termin kimi istifadə etmək mümkündür. Lakin danışdıqca, məişət üslubunda belə terminlərdən istifadə olunmasına ehtiyac yoxdur.
Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa aparıb çıxarır. Alınma sözlərin əksəriyyəti, xüsusən ərəb-fars mənşəli sözlərin bir çoxu dilimizin ümumişlək sözlərinə elə qaynayıb-qarışmışdır ki, onları öz sözlərimizdən fərqləndirmək çətindir. Bu cür sözlərə bunları nümunə göstərmək olar: qanun, qayda, qələm, fayda, uşaq, məktəb, mələk, bədbin, bəxtəvər, dövlət, həkim, kitab, şagird, cücə, xoruz, din, məscid, namaz, çarpayı, xörək, qənd, şəkər, bahar, şirin, vətən, məclis, məşğələ, rahat, sərhəd, əsir, səliqə, şəhid, tərbiyə, vərəq, sinif, şəkil, bülbül, gül, ağıl, nəsil, çörək, əmi və s.
Fəsil adlarından payız və bahar fars mənşəlidir. Qış və yay isə milli mənşəli sözlərdir.
Azərbaycan dilinə başqa dillərdən söz keçdiyi kimi Azərbaycan dilindən də başqa dillərə söz keçmişdir. Məsələn, fars dilinə təppe (təpə), curab (corab), xanum (xanım), bey (bəy) və s., rus dilinə alça (alça), arşin (arşın), arbuz (qarpız) və s.
Bizim dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir: teatr, futbol, qol, komyuter, parlament, deputat, firma, fonetika və s. Belə sözlər beynəlmiləl sözlər adlanır.
Dilimizdə bir sıra alınma sözlər var ki, Azərbaycan dilinin fonetik xüsusiyyətlərini qəbul etmişdir: qazeta-qəzet, maşina-maşın.
Elə alınma sözlər var ki, ahəng qanununa tabe olur və vurğu son hecaya düşür: dəftə'r, raha't, həsrə't, enerji' və s.
Köhnəlmiş sözlər
Dil ictimai hadisədir. O, cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir. Tarixi hadisələr, cəmiyyətdəki dəyişikliklər dildə əks olunur, yeni sözlər meydana gəlir, digərləri isə köhnəlir. Bu baxımdan dilin lüğət fondunda fəal (aktiv) və qeyri-fəal (passiv) leksika formalaşır. Dilin lüğət fondunun aktiv hissəsinə mənası hamı tərəfindən başa düşülən ümumişlək sözlər daxildir.
Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür: köhnəlmiş sözlər və yeni sözlər.
Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür: tarixizmlər və arxaizmlər
Tarixizmlər: Tarixi inkişaf prosesində əşya və ya hadisələrin bəzilərinin ömrünü başa vurması ilə əlaqədar onların adları da qeyri-fəal leksikaya çevrilir. Belə sözlər tarixizmlər adlanır. Məsələn, darğa, çuxa, abbası, batman, koxa, dinar, qorodovoy, mədrəsə, konka, dəbilqə və s.
Tarixizmlər keçmiş həyat və məişətin aradan çıxması, dəyişməsi ilə əlaqədar olaraq fəal istifadədən qalsa da, bədii əsərlərin dilində həmin həyatı canlandırmaq üçün onlardan istifadə olunur.
Arxaizmlər: Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz olunur. Bu cür köhnəlmiş sözlərə arxaizmlər deyilir. Tarixizmlərdən fərqli olaraq, arxaizmlər elə sözlərdən ibarətdir ki, onların ifadə etdiyi əşya və ya hadisələr indinin özündə belə mövcuddur, lakin onlar başqa sözlər ifadə olunur. Məsələn, arı (təmiz), yaşınmaq (gizlənmək), yey (yaxşı), seyvan (eyvan), iraq (uzaq), ər/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), düş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq ( demək), varmaq ( getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah ( düşmənin keçə bilməyəcəyi yol, keçid), yazı (çöl), pitik (yazı), baqqal (dükançı), əllaf (taxıl, ot alverçisi) və s.
Tarixizmlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə edilir. Hər hansı bir yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya digər surəti qabarıq vermək istədikdə, dövrün müəyyən dil xüsusiyyətlərini nəzərə çatdırmaq istədikdə tarixizmlər işlədilir.
Köhnəlmiş sözlər daha çox atalar sözləri və məsəllərin tərkibində mühafizə olunub: Aydan arı, sudan durudur. Cadu-pitik eləmək. Qarı düşmən dost olmaz. və s.
Yeni sözlər
İctimai həyatda baş verən bir sıra yeniliklərlə əlaqədar olaraq elmə, texnikaya, mədəniyyətə, məişətə və s. aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadə etməyə ehtiyac yaranır. Məsələn, kosmodrom, sərinkeş, biznesmen, alışqan və s.
Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər neologizmlər adlanır.
Dil ictimai hadisə olaraq daim inkişafdadır, hərəkətdədir. Buna görə də dildə yeni yaranan sözlər-neologizmlər bir müddətdən sonra ümumişlək sözlər sırasına keçə bilər. Zaman keçdikcə köhnələrək dildən çıxa da bilər. Məsələn, komsomol, pioner, kolxoz və s. sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərində isə tarixizm olmuşdur.
Yadda saxlamaq lazımdır ki, yeni sözlər dildə hələ sınaq mərhələsindədir. Onlar dildə işlənməyə də bilər. Yeni sözlər 2 yolla yaranır: dildə əvvəlcədən mövcud olmuş söz ehtiyatı əsasında: çimərlik, duracaq, açıqca, bölgə və s., başqa dillərdən alınma yolla: spiker, investisiya və s.
Bu sözlər həm arxaik, həm də ümumişlək söz kimi işlənə bilər: ayaq, arı, yazı, ağac, uçmaq, dəli və s.
Leksik təhlil
Sözün leksik təhlili aşağıdakı ardıcıllıqla aparılır:
1. Sözün leksik mənası.
2. Sözün mənşəyi.
3. Sözün omonim, antonim, sinonimliyi.
4. Sözün təkmalı və çoxmənalılığı.
5. Sözün ümumişlək olub-olmaması.
Gəlin, bir-iki nümunəyə nəzər salaq.
Təbir - ifadə, cümlə məansındadır, təkmənalıdır, omonim və antonimliyi yoxdur. İfadə, cümlə sözləri ilə sinonimdir. Təkmənalıdır, ümumişlək sözdür.
Vəsmə - qadınların qaşlarına çəkdikləri boya, rəng mənasındadır. Omonim və antonimliyi yoxdur, boya sözü ilə sinonimdir. Təkmənalıdır. Köhnəlmiş sözdür.