Omonimlər
Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn, ət maşını, minik maşını və s.
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn, ləpə-su dalğası, ləpə-qoz ləpəsi.
Əsas nitq hissələri ilə köməkçi nitq hissələri, həmçinin köməkçi nitq hissələri arasında olan omonimlik qrammatik omonimlik sayılır. Məsələn, sonra - zərf və qoşmadır. Əsas nitq hissələri arasında olan omonimlik isə leksik omonimlik adlanır. Məsələn, buruq - isim və sifətdir.
Deyilişi və yazılışı eyni olan, amma leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur: Divan1 - oturmaq üçün vasitə. Divan2 - şeirlər külliyyatı.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir. "Balıq tutmaq" birləşməsindəki tutmaq sözü ilə "fikrini tutmaq" birləşməsindəki "tut" sözləri çoxmənalıdır, amma "tut yemək" birləşməsi ilə "topu tut" ifadələrindəki "tut" sözləri omonimdir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər həm eyni, həm də ayrı nitq hissələrinə aid olur. Məsələn, "adamın üzü", "kitabın üzü" ifadələrindəki "üz" sözləri çoxmənalı sözlərdir və isimlərdir. "Kitabın üzü" ifadəsi ilə "dənizdə üz" ifadəsindəki "üz"-lərdən birincisi isim, ikincisi isə feldir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.
Həm ümumi, həm də xüsusi olan isimlər (çiçək-gül, Çiçək-adam adı), vurğusuna görə mənaları dəyişən sözlər, yazılışı və deyilişi eyni olan, lakin kökləri müxtəlif olan sözlər (əs-ir - fel, əsir - isim), Xüsusi isimlər (Araz - çay, Araz - adam adı), səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlər (xeyr - yox, xeyir - qazanc, fayda (Belə sözlər paronim adlanır.) ) omonim kimi götürülə bilməz.
Dilimizdə elə sözlərə də rast gəlinir ki, həmin sözlər həm çoxmənalı, həm də omonim ola bilir. Məsələn, boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, yol, düz, dolu və s.
Belə sözlərin çoxmənalılığından danışarkən mütləq konkret bir nitq hissəsindən bəhs olunmalıdır. Məsələn, tut felinin çoxmənalılığından, kök sifətinin çoxmənalılığından. Omonimlərdə isə söz bütöv şəkildə götürülür, sözün mövcud fərqli mənaları məhz sonradan, zərurət yarandıqda, habelə nitq hissələrinə mənsubluğu cəhətdən fərqləndirilir.
Bu sözlər daha çox omonim olurlar: ağıl, dəf, cır, zindan, yara, tala, dava, aşıq, qaz, qır, don, balıq, qurd, boylu, boğaz, qol, lil, dolu, ay, küt, yel, dil, bel, çən, şiş, üz, tut, qat, qurum, ləpə, ox, ov, çay, bənd, qoşma, köç, kürək, kütlə, aşıq, ayrı, az, daş, düz, din, divar, yağ, biz, bağ, dağ, var, en, əqrəb, uçmaq, saç, bar, bal, tək, inci, mürəkkəb, qan, yaş, top, bit, it, min, qarış, an, çağ, çal, sap, rəng, qat, əsər, bulud, şor, gen, sal, xal, yal, bit, qazan və s.
Omonim şəkilçilər:
-lıq4: isim (dağlıq, birlik) və sifət (aylıq gəlir, illik taxta) düzəldir.
-lı4: isim (kəndli, Həsənli, məktəbli) və sifət (ağıllı adam, güllü parça) düzəldir.
-i, -vi: isim (Şirvani,Gəncəvi) və sifət (tarixi hadisə, dairəvi yol) düzəldir.
-laq: isim (qışlaq, çaylaq), sifət (otlaq yer) düzəldir.
-kı4: isim (bizimki, Əlininki), sifət (sabahkı) düzəldir.
-ış4: fel (görüşmək, deyişmək), isim ( döyüş, görüş) düzəldir.
-ıcı4: isim (satıcı, soyuducu), sifət (qırıcı təyyarə, keçici xəstəlik) düzəldir.
-qın4, -ğın4: isim (basqın, qırğın, sürgün), sifət (gərgin iş, kəskin söz) düzəldir.
-caq2: isim (oyuncaq, yelləncək) və sifət (utancaq qız) düzəldir.
-ca2: isim (əyləncə, düşüncə) və sifət (rusca, ehmalca) düzəldir.
-kəm: isim (görkəm) və sifət (ötkəm insan) düzəldir.
-gə: isim (döngə, bölgə) və zərf (birgə) düzəldir.
-ıl4: həm felin qayıdış, həm də məchul növünü düzəldir.
-ma2: fellərdən isim və sifət (qovurma', süzmə', burma (saç), alınma (söz), felin inkar şəkilçisi (qovu'rma, sü'zmə), bəzən də felin məsdər şəkilçisi (sənin bu cür demən).
-aq2: feldən isim (yataq, sancaq), feldən sifət (qorxaq, oturaq həyat), xəbərlik şəkilçisi (oxuyaq, gülək).
-ıq4: feldən isim (asqırıq, bilik), feldən sifət (açıq, əzik), zərf və sifətdən fel (gecikmək, pisikmək), xəbərlik şəkilçisi (həkimik, gəlmişik).
-dan2: ad və sifətlərdən zərf (çoxdan, astadan, birdən), çıxışlıq hal (ondan,səndən).
-dı4: feldən isim (öldü var, döndü yox.), felin keçmiş zamanı (oxudu, gəldi).
-ım4: feldən isim (aşırım,ölüm), mənsubiyyəf şəkilçisi (kitabım, gülüm), şəxs şəkilçisi (gəlim).
-am2: ad və fellərdən isim (dönəm), şəxs şəkilçisi (insanam, əminəm).
-maq2: feldən isim (çaxmaq, cırmaq), məsdər şəkilçisi (gəlmək, görmək).
-ın4: feldən isim (axı'n, əki'n), feldən fel (deyinmək, soyunmaq), xəbərlik şəkilçisi (gə'lin, ba'xın), ismin hal və mənsubiyyət şəkilçiləri (sənin qələmin, sənin yurdun)
-ar2: feldən isim (açar, çapar), feldən fel (qoparmaq, çıxarmaq), feldən sifət (gülər üz, axar su), felin gələcək zamanı ( oxuyar, deyər), adlardan fel (bozar, yaşarmaq, ağarmaq)
-ır4: feldən isim (gəlir), feldən fel (keçirmək, köçürmək), felin indiki zamanı (gedir, gəlir).
-ı4: feldən isim (ölçü, qorxu), isim və feldən sifət (armudu, palıdı), adlardan fel ( sürümək, ləngimək), ismin təsirlik halı ( kitabı ver, onu gətir), ismin mənsubiyyət şəkilçisi (onun kitabı, işin sonu)
-a2: feldən isim və sifət (yara, qoşa), adlardan fel və isim (qana, dəstə, zamanə), adlardan sifət (qəribə, viranə, əntiqə), felin arzu şəkli (gələ, oxuya), zərf düzəldən şəkilçi (marağa, acığa), yönlük hal (evə, kitaba).
-sa2: adlardan fel (susamaq, qəribsəmək), felin şərt şəklinin şəkilçisi (gəlsə, oxusa)
-dır4: felin icbar şəkilçisi: (yazdırmaq, oxutdurmaq), feldən fel düzəldən şəkilçi (güldür, dindir), xəbərlik şəkilçisi (ölüdür, oxumaqdır).
-da2: isimdən zərf düzəldən şəkilçi (yayda, gündə), ismin yerlik halı (kitabda, evdə).
-mış4: feli sifət şəkilçisi (oxumuş qız), felin keçmiş zamanı (o yatmışdır)
-malı2: feli sifət şəkilçisk (deyilməli söz), felin vacib şəklinin şəkilçisi (dərsi oxumalıyam)
-ası2: feli sifət şəkilçisi (deyiləsi söz), felin lazım şəklinin şəkilçisi (onu alasıyam).
-acaq2: feldən isim düzəldən şəkilçi ( dayanacaq, yanacaq), feli sifət şəkilçisi (gediləcək yer), feljn gələcək zaman şəkilçisi (gələcək, oxuyacaq).
-ıb4: feli bağlama şəkilçisi (oxuyub gəldi, gülüb əyləşdi), felin keçmiş zamanı (gəlibdi, oxuyubdu).
Sinonim
Bəzən eyni bir əşya, eyni bir əlamət və ya hərəkət dildə müxtəlif sözlərlə ifadə olunur. Məsələn, müharibə, dava isimləri eyni bir əşyanın adıdır; yüksək, hündür sifətləri eyni bir əlaməti bildirir; odlamaq, alışdırmaq felləri eyni bir hərəkəti ifadə edir. Belə sözlər sinonim adlanır.
Yazılışı və deyilişi müxtəlif olan lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.
Sinonimlər eyni mənanı bildirsə də, onların nitqdə işlənməsində incə fərqlər var. Məsələn, qaçmaq - yüyürmək sinonimlərindən ikincisində hərəkət daha güclüdür. Yaxud böyük, iri, yekə sinonimləri eyni əlaməti bildirsə də, bunlardan birincisini hadisə sözünə, ikincisini kompüter sözünə aid etmək mümkün deyil.
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. "Kal" və "yetişməmiş", "şəkər" və "şirin", "çiy" və "bişməmiş" tipli sözlər sinonim hesab edilmir. Çünki "kal" sifət, "yetişməmiş" feli sifətdir, "şəkər" isim, "şirin" sifətdir, "çiy" sifət, "yetişməmiş" isə feli sifətdir.
Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri yersiz təkrar etməyin qarşısını alır. Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir.
Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur.
Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək üçün onun sinonimini tapmaq əhəmiyyətlidir. Sinonimlik 2 cür olur: mütləq və nisbi.
Mütləq sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir. Onlara dubletlər də deyilir. Onlar eyni məfhumun müxtəlif adlarla adlandırılmasından yaranır: eynək-çeşmək-gözlük.
Nisbi sinonimlər yaxın mənaları ifadə edirlər. Onların nitqdə, ayrı-ayrı söz birləşmələrində və cümlələrdə bir-birini tam əvəz edə bilməsi həmişə mümkün olmur. Məsələn, qalın və sıx sözləri sinonimdir. Amma biz qalın kitab dediyimiz halda sız kitab deyə bilmərik və ya sıx meşə dediyimiz halda qalın meşə deyə bilmərik.
Aşağıdakı şəkilçilər sinonimlərdir:
-çı4 və -şünas: dilçi, dilşünas
-çı4 və -gər: kimyaçı, kimyagər
-çı4 və -ist: traktorçu, traktorist
-çı4 və -saz: saatçı, saatsaz
-çı4 və -er: milyonçu, milyoner
-lı4 və -sal: qumlu, qumsal
-çı4 və -kar: sənətçi, sənətkar
-lı4 və -ba: məzəli, baməzə
-lı4 və -lıq4: daşlı, daşlıq
-sız4 və bi: vəfasız, bivəfa
-la2 və -ca2: onlarla, onlarca
-ıb4 və -araq2: oxuyub, oxuyaraq
-bila və -sız4: bilavasitə, vasitəsiz
Antonim
Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir. Məsələn, alçaq-hündür, oyanır-yatır və s.
Kökü eyni olan sözlər antonim sayılmır: dadlı - dadsız. İnkarda olan fellər antonim deyil: getmək - getməmək. Antonimlərdən, əsasən, bədii üslubda bədii təzad yaratmaq üçün istifadə olunur. Antonimlər həmişə eyni nitq hissəsinə aid olur.
Məna taylarının hər birisas nitq hissəsi olan antonimlər leksik antonimlər adlanır. Məsələn, dost (isim) - düşmən (isim) və s.
Qrammatik antonim isə şəkilçilərin və köməkçi nitq hissələrinin antonimliyidir. Məsələn, -araq2, -madan2: sonra (qoşma) - əvvəl (qoşma)
Aşağıdakı şəkilçilər antonimdir:
-lı4 və -sız4: güllü, gülsüz.
-sız4 və -lı4: otsuz, otlu.
-bi və -lı4: bivəfa, vəfalı.
-ba və -sız4: baməzə, məzəsiz.
-aq2 və -maz2: qorxaq, qormaz.
-caq və -maz2: utancaq, utanmaz.