Hörmətli Qadın.Netlilər, Azərbaycan dilinin Leksika bölməsinə aid dərslərdə bir sıra mövzuları qeyd etməyəcəyəm. Çünki həmin mövzular artıq saytımızın Azərbaycan dili bölməsində qeyd edilibdir.
Leksika. Söz, sözün leksik və qrammatik mənası
Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.
Leksikologiya yunanca iki sözdən - lexikos (söz) və loqosdan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn, kərə-əridilmiş yağ, şit yağ və s.
Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məsələn, dəryaz sözünün ot çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır.
Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.
İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafiya lüğətində onların düzgün yazılış qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur.
Lüğətlərin növləri çoxdur: orfoqrafiya, orfoepiya, leksika, termin lüğətləri və s. Bunların hamısında sözlər əlifba sırası ilə düzülür. Bütün sözlərin leksik mənası olmur. Sözün leksik mənası onun məzmununu əks etdirir. Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə xas olan xüsusiyətləri ifadə etməsi ilə müəyyənləşir.
Bütün sözlərin qrammatik mənası olur.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olur:
1. Həmin sözə yaxın mənalı söz seçməklə (özül-təməl-bünövrə, qaçmaq-yüyürmək)
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə (şütümək-sürətlə ötüb keçmək)
3. Düzəltmə və mürəkkəb sözün hissələrinin mənasını açmaqla (sövdəgər: sövdə-ticarət, gər-şəkilçi)
4. Sözə əks mənalı sözü seçməklə. (gözəl-çirkin)
Sözün həqiqi və məcazi mənası
"Dəmir qapı" birləşməsində "dəmir" sözü qapının materialının dəmirdən olduğunu ifadə edir. "Dəmir yumruq" birləşməsində isə "dəmir" sözü "möhkəm", "güclü" mənalarını bildirir. Gördüyümüz kimi, dəmir metaldır və qapı dəmirdən hazırlanır, yumruğun isə metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı olduğu üçün söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi mənası ilə yanaşı məcazi mənası da var.
Sözlər tarixi inkişaf prosesində bəzən həqiqi mənasından başqa, yeni törəmə məna da ifadə edir. Sözün həqiqi mənasına dominant məna, yəni ilkin məna deyilir. Qazandığı yeni, törəmə məna isə məcazi məna adlanır.
Sözün məcazi mənası çox zaman insanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxır. Məsələn, Təbiət oyandı. Günəş dağların arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək felləri insanlara məxsus olan hərəkəti bildirir.
Bənzətmə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi mənalarından geniş istifadə olunur. Məsələn, coşqun dəniz - insan dənizi, uşağın yuxusu - təbiətin yuxusu və s.
Bütün əsas nitq hissələrinə aid sözlərin həqiqi mənası olur. Amma bütün sözlər məcazi mənaya malik olmur. Məcazi məna, əsasən, bədii üslubda işlədilir. Sözün məcazi mənasının olması onun çoxmənalı olması deməkdir. Bütün frazeoloji birləşmələrdəki sözlər məcazi mənada olur, amma bütün məcazi mənada olan sözlər frazeoloji birləşmə deyil: Külək yatdı.
Gözlə görünə bilməyən hərəkəti ifadə edən fellər heç vaxt məcazilik qazana bilmir: düşünmək, sevmək, xəyala dalmaq və s.
Təkmənalı və çoxmənalı sözlər
Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məsələn, moruq, böyürtkən, yaşıl və s.
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözə isə çoxmənalı söz deyilir. Məsələn, üz - adamın üzü, suyun üzü, yorğanın üzü, qatığın üzü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn, alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində dil sözü həqiqi, digərlərində isə məcazi mənada işlədilib.
Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məsələn, kağız sözü bir neçə mənada işlənir. Kağız-üzərində yazı yazılan, yazı çap edilən xüsusi bir materialdır. Kağız-hər cür rəsmi sənəddir(yaş kağızı, icazə kağızı və s.). Bu mənaların ikisində də bir-birinə yaxınlıq var.
Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər əsasən bədii üslübda işlədilir. Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. Bunların içində isimlər, fellər və sifətlər daha çoxdur.
Bu sözlər daha çox çoxmənalı söz kimi işlənir: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad, yol, yaymaq, ayaq, qaçmaq, ağ, ağır, boğaz, bişmək, çevirmək, çıxmaq, ətək, yüngül, kəsmək, getmək, yüksək, soymaq, salmaq, qalmaq, baxmaq.