Qadin.NET / Fonetika (son)

Fonetika (son)

Əlifba

 Azərbaycanlılar əsrlər boyu əvvəl ərəb (1929-cu ilədək), sonra latın (1929-1939), rus (1939-2001) əlifbalarımdan istifadə etmişlər. 2001-ci ilin avqustun 1-də Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının bütövlükdə latın qrafikasına keçirilməsi təmin edildi.

 Bizim əlifbamız hal-hazırda latın qrafikalı Azərbaycan əlifbasıdır.

 Əlifba hərflərin müəyyən sıra ilə düzülüşüdür, yəni hərflər sistemidir. Əlifbada hərflərin düzülüşü möhkəm ənənəvi sıraya malikdir. Bu düzülüşün çox mühüm praktiki əhəmiyyəti vardır. Lüğətlər də əlifba prinsipinə əsasən düzülür. Müəyyən sözlərin, adların siyahısını tərtib edərkən, adətən, onları əlifba sırası ilə düzürlər ki, lazlm olan söz tez tapılsın.

 Əlifbadakı hər bir hərfin öz adı var: [`t`] səsini bildirən hərf "te", [`s`] səsini bildirən hərf "es" adlanır.

 Əlifbamızdakı samitlərin əksəriyyətində adlanma prinsipi eynidir. Lakin "el", "em", "en", "er" hərfləri bu prinsipi pozur, yəni fərqli şəkildə adlanır. 

Fonetika (son)

Vurğu

 Azərbaycan dilində vurğunun 3 növü var: heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu.

 Heca vurğusu: Sözdə hecaların birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir. Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğulu heca vurğusuz hecadan iki əlamətə görə fərülınkr:

1. Yüksək səs tonuna malik olur.

2. Qüvvətli tələffüz olunur.

 Hər hansı sözdə vurğunu tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır. Yadda saxlamaq lazımdır ki, sözü hecalara ayıranda bütün hecalar eyni vurğu altında deyilir. Bu halda vurğunu tapmaq da olduqca çətinləşir. Vurğunu asan tapmaq üçün sözü sərbəst tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Bu cür tələffüz olunma zamanı hansı halda vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşürsə, bu zaman vurğulu heca həmin hecadır. Yazılışda vurğunu göstərmək üçün (') işarəsindən istifadə olunur. Bu işarə vurğu qəbul etmiş hecanın sait səsinin üzərinə qoyulur.

 Fonetika (son) 

 1. Türk mənşəli sözlərdə vurğu, əsasən, sözün son hecasına düşür. Məsələn, sarı', danla', danışı'q və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var: dü'nən, bi'ldir, sa'nki, ne'cə, a'ncaq, ba'yaq, ye'nə, ya'lnız və s.

 2. İlk hecasına m, p, r, s samitlərinin qoşulması ilə yaranan sifətin çoxaltma dərəcəsində olan sözlərdə də vurğu əvvələ düşür. Məsələn, qa'pqara, bo'mboz və s.

 3. Bitişik yazılan mürəkkəb sözlərdə çox zaman vurğu son hecalara düşür. Ancaq bəzi mürəkkəb sözlər var ki, vurğusu əvvələ düşür. Məsələn, A'ğdaş, A'ğdam, Gö'yçay, ta'ybatay və s.

 4. Alınma sözlərdə isə vurğu çox zaman əvvəlinci hecalara düşür.

 Vurğusu son hecaya düşən sözlərin hamısı milli sözlər deyil. Dilimizdə yetərincə vurğusu son hecaya düşən alınma sözlər var. Məsələn, defi's, dialo'q, enerji' və s.

 Dilimizdə söz kökünə şəkilçi artırılarkən vurğu da sözün sonuna doğru istiqamətlənir: ya'z, yazı', yazıçı', yazıçılı'q və s. Dilimizdə bəzi şəkilçilər də var ki, vurğu qəbul etmir.

 Uzun tələffüz olunan sait səslərlə vurğu qəbul etmiş sait səsi qarışdırmaq olmaz. Uzan tələffüz olunan sait səs, adətən, vurğu qəbul etmir: Tahi'r, laməka'n və s. Elə sözlər var ki, onlar istisna təşkil edir: bə'zi, bə'zən, so'nra, yə'ni, la'kin, bə'li və s.

 Sözlər xitab kimi işləndikdə vurğunun yeri dəyişilə bilər. Məsələn, Tahi'r sabah gələcək. Ta'hir, sabah gələrsənmi?  

Göründüyü kimi bu uzun tələffüz olunan sözlərə də aiddir. Bəzi sözlərdə vurğunun yerini dəyişməklə sözün mənası dəyişir. 

Fonetika (son) 

 Vurğu qəbul etməyən şəkilçilər bunlardır.

- İsimlərə artırılan xəbərlik (şəxs) şəkilçiləri: ata'yam, müəlli'msən və s.

- İsim düzəldən -gil şəkilçisi: əmi'mgil və s.

- Felin inkar şəkilçisi –ma2: ge'tmə, ba'xma və s.

 Qeyd: qeyri-qəti gələcək zamanda inkar şəkilçisi vurğunu özündən sonrakı hecaya ötürə bilir: getmə'rəm və s.

- Soyad əmələ gətirən -ov, -yev, -ova, -yeva: Nəcə'fov, Əli'yeva və s.

- Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən somra gələn şəxs şəkilçiləri. Nəqli keçmiş zamanda: oxumu'şam, oxumu'şdur və s. Qəti gələcək zamanda: gələcə'yəm, gələcə'ksiniz və s. Qeyri-qəti gələcək zamanda: gələ'rəm, gələ'rsən və s.

- İdi, imiş, isə hissəcikləri və onların –dı4, mış4, sa2 formaları: yaza idi, gedə'rdi, ana imiş, baxa'rmış, getdi'sə və s.

- Feli bağlamanın -arkən2, -araq2, -ınca2, -dıqca4 şəkilçilərinin ilk hecası: baxa'rkən, baxa'raq, gəli'ncə, yazdıq'ca və s. -madan2 şəkilçisi isə bütünlükdə vurğu qəbul etmir: ba'xmadan, gö'rmədən və s.

- Felin əmr şəkli ll şəxs cəminin şəxs şəkilçisi -ın4: ba'xın, a'lın, qa'lın və s.

- Fellərə artırılan -lar2 şəxs-kəmiyyət şəkilçisi: gəli'rlər, baxı'rlar və s. Qeyd 1: Şühudi keçmiş zamanda, əmr, şərt şəkillərində -lar2 şəkilçisi vurğu qəbul edir: oxudula'r, gəlsinlə'r, gəlsələ'r və s. Qeyd 2: İsimlərə artırılan -lar2 şəkilçisi vurğu qəbul edir: ağacla'r, maşınla'r və s.

- Zərf düzəldən -la2, -casına2 şəkilçiləri: igi'dcəsinə, cəsarə'tlə və s.

 -la2 (-ilə) qoşması: qardaşı'mla, səni'nlə və s.

 -ca2 qoşması: mə'ncə və s.

 -mı2 sual ədatı: qalaca'qmı, oxudu'mu və s.

- Fikrin mənbəyini bildirən modal sözlərdəki -ca2: bi'zcə, sə'ncə və s.

- Birhecalı qoşmalar vurğu qəbul etmir: qu'ştək, evə'dək, məni'mlə və s.

- Zərf düzəldən -ən şəkilçisi: qə'sdən, qə'flətən və s. 

Fonetika (son) 

 Vurğusuna görə mənasını dəyişən sözlər aşağıdakılardır.

 A'lma (fel) - alma' (isim)

 Akade'mik (isim) - akademi'k (sifət)

 Baş'la (zərf) - başla' (fel)

 Bi'ldir (zərf) - bildi'r (fel)

 Bö'lmə (fel) - bölmə' (isim)

 Bu'run (fel) - buru'n (isim)

 De'yin (fel) - deyi'n (fel)

 Di'mdik (zərf) - dimdi'k (isim)

 Di'ndir (ismi xəbər) - dindi'r (fel)

 Ə'kin (fel) - əki'n (isim)

 Gə'lin (fel) - gəli'n (isim)

 Gü'ldür (ismi xəbər) - güldü'r (fel)

 Kla'ssik (isim) - klassi'k (sifət)

 Keçi'rdi (fel) - keçirdi' (fel)

 Ma'dam (bağlayıcı) - mada'm (isim)

 Qo'yun (fel) - qoyu'n (isim)

 Qopa'rdı (fel) - qopardı' (fel)

 Qı'zdır ( ismi xəbər) - qızdı'r (fel)

 Şa'xta (zərf) - şaxta' (isim)

 Vu'rma (fel) - vurma' (isim)

 Xü'lasə (modal söz) - xülasə' (isim)

 Ya'zdır (ismi xəbər) - yazdı'r (fel)

 Ye'yin (fel) - yeyi'n (zərf)

 Romanti'k (sifət) - roma'ntik (isim)

 Bəzi sözlərin qarşısında ismi xəbər yazılıb. Xəbər nitq hissəsi deyil. O sözlət nitq hissəsi olaraq isimdir. Amma xəbərlik şəkilçisi qəbul etdiyinə görə mənaları daha yaxşı anlaşılsın deyə onların qarşısına ismi xəbər yazmışam. 

Fonetika (son)

İntonasiya

 Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s. kimi hadisələri  məcmusuna intonasiya deyilir.

 İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin formalaşmasına xidmət edir. Həmçinin, məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır.

 İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqəli olduğu üçün modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər. Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlidir.

Fonetika (son)

Fonetik təhlil

 Fonetik təhlil zamanı sözün əsas səs və hərf tərkibi, heca, vurğu, ahəng qanunu və s. göstərilir. Təhlil bu qayda ilə aparılır.

1. Sözün hərf və səs tərkibi;

2. Sait səslərin təhlili;

3. Samit səslərin təhlili;

4. Ahəng qanununa tabe olub-olmaması;

5. Sözün hecaları və vurğusu.

 Sözün fometik təhlilində səs tərkibi (1, 2, 3-cü variantlar) tələffüzə əsasən, ahəng qanunu, hərf tərkibi, vurğu və heca isə sözün yazılışına görə aparılmalıdır. Gəlin, fonetik təhlilə aid bir neçə nümunəyə baxaq:

- Səcdə [səjdə]

 Sözdə 5 hərf (se, ə, je, de, ə) və 5 səs [s, ə, j, d, ə] var.

 Sözün vurğusu sonuncu - ikinci hecanın üzərinə düşür.

 Söz hecalara səc-də şəklində ayrılır.

 Sözdə ahəng qanunu pozulmamışdır.

 [`s`] - samitdir, kardır, qarşılığı [z]-dır.

 [`ə`] - saitdir, incədir, açıqdır, dodaqlanmayandır.

 [`j`] - samitdir, cingiltilidir, kar qarşılığı [ş]-dır.

 [d] - samitdir, cingiltilidir, kar qarşılığı [t]-dır.

 

Fonetika (son) 

- Teorem [tiyarem]

 Sözdə 6 hərf (te, e, o, re, e, em) və 7 səs (t,i,y,a,r,e,m) var.

 Sözün vurğusu sonuncu - üçüncü hecanın üzərinə düşür.

 Söz hecalara te-o-rem şəklində ayrılır.

 Sözdə ahəng qanunu pozulmuşdur.

 [`t`] - samitdir, kardır, qarşılığı [d]-dır.

 [`i`] - saitdir, incədir, qapalıdır, dodaqlanmayandır.

 [`y`] - samitdir, cingiltilidir, qarşılığı [x`]-dır.

 [`a`] - saitdir, qalındır, açıqdır, dodaqlanmayandır.

 [`r`] - samitdir, cingiltilidir, kar qarşılığı yoxdur.

 [`e`] - saitdir, incədir, açıqdır, dodaqlanmayandır.

 [`m`] - samitdir, cingiltilidir, kar qarşılığı yoxdur.

29 iyun 2014
GO BACK