Ahəng qanunu
Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, "qaranlıqdakılar" sözündə qalın, "bizimkilərdir" sözündə isə incə saitlər bir-birini izləmişdir. Buna dilçilikdə damaq ahəngi deyilir. Dodaq ahəngi dedikdə isə dodaqlanan və dodaqlanmayan saitlərin ahəngi nəzərdə tutulur.
Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansısa bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır. Məsələn, şi-ka-yət-çi-lər-dən, sa-hib-kar-la-rı-mız-dan-dır və s.
Bu xüsusiyyətinə görə ahəng qanunu morjoloji hadisə sayılır. Sözdəki saitlərin bir-birini izləməsinə görə isə fonetik hadisə sayılır. Bu ikisini də birləşdirərək deyirik ki, ahəng qanunu morfonoloji hadisə adlanır.
Ahəng qanununun pozulduğu sözlər milli sözlərimiz deyil. Alınma sözlər də ahəng qanununa tabe ola bilərlər. Məsələn, məktəb, təhsil, karbon, namaz və s.
Milli sözlərimiz içində ahəng qanununa tabe olmayan istisna sözlər də var. Məsələn, ilan, işıq, inam, elat, ilğım, ildırım, ilıq, işartı, ilxı, tikan, sanki, islaq, gedişat, quzey, islanmaq, inanc, işıldamaq, inan, sevda və s.
Milli şəkilçilərimiz ahəng qanununun tələbinə görə iki və dörd cür yazılır.
Milli mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya bilər. Məsələn, Aygün, Elnur, taxtabiti, dəvədabanı və s.
Sözün sətirdən-sətrə keçirilməsi
Sözlər sətirdən-sətrə hecalara bölünməklə keçirilir. Ancaq sözün hər bir hecasını sətirdən-sətrə keçirmək olmaz. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin əvvəlinə keçirmək olmaz. Məsələn, a-na, i-lan, tə-bi-i və s. Əgər sözün əvvəlində iki sait yanaşı gələrsə, onu sətirdən sətrə belə keçirmək lazımdır: ai-lə-li, ae-ro-port.
Birhecalı sözlır sətirdən sətrə keçirilmir: akt, tort və s.
Sözdə iki sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s.
Rəqəmlə verilən ixtisarlar, əlamətlər və sıra bildirən şəkilçi rəqəmdən ayrı sətirdən-sətrə keçirilmir: 159 sm, 2014-cü il, 78%, 6 sot və s.
Mürəkkəb adların ixtisarları da sətirdən sətrə keçirilmir: ABŞ, MTN və s.
Mürəkkəb sözlərin tərkib hissələri ayrı-ayrılıqda hecalara bölünür. Tərkib sözlərin səsləri birləşib bir heca yarada bilmir.
Keçirmək olmaz: ya-rı-ma-da, mün-as-ib-ət, te-leq-raf və s.
Keçirmək olar: ya-rım-a-da, mü-na-si-bət, te-le-qraf və s.
Sözün daxilində qoşa samit varsa, hecalara bölünərkən samitlərin hərəsi bir hecada qalır: ad-dım, sək-kiz və s.
Heca
Tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Məsələn, ot, a-ta, mək-təb-li, mə-ət-təl və s.
Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Məsələn, əv-vəl və s.
Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur. Məsələn, kitaB, ki-ta-BIN, ki-ta-BI-NI və s.
Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn, gənc-lik, xalq-lar və s.
Sözün hecaya bölünməsi həmin sözün yazılışı əsasında aparılır. Sözün fonetik təhlilində buna fikir vermək lazımdır. Hecanın quruluşunu göstərmək üçün samit səs C, sait səs isə V işarəsi ilə göstərilir.
Söz ortasında dörd samitin yanaşı gəldiyi sözlərin çoxu alınma sözlərdir.
Aşağıdakı şəkilçilər qoşulduğu sözdə deyiliş və yazılış fərqi yaradır.
-lar2: oğlanlar [oğlannar], qızlar [qızdar] (Bu hal adətən n, d, t, r, z, s samitlərindən sonra baş verir.)
-lıq4: çəmənlik [çəmənnix`], daşlıq [daşdıx] və s.
Zərf düzəldən -la2: inadla [inadnan] və s.
-dıqca4: oxuduqca [oxuduxca], gəzdikcə [gəzdix`cə] və s.
M və n samitlərindən sonra çıxışlıq hal şəkilçisi -dan2 [-nan2] kimi tələffüz olunur: səndən [sənnən], yerindən [yerinnən] və s.
Sonu a və ə saitləri ilə bitən sözlərə qoşulan yönlük hal şəkilçiso olan -a2: kölgəyə [kölgüyə], tövləyə [tö:lüyə] və s.
Şəxs sonluğu olan -ıq4: oxuyuruq [oxuyurux]və s.
-kı4 isim düzəldən şəkilçisi: seçki [seçgi] və s.
-qın4 sifət və isim düzəldən şəkilçi: coşqun [coşğun], kəskin [kəsgin] və s.
-la2 fel düzəldən şəkilçi: gözlə [gözdə] və s.
-lı4: dadlı [daddı], şəhərli [şəhərri] və s.
-ılda: tıqqıldamaq [tık`qıllamax] və s.
-sınız4: gəlirsiniz [gəlirsiz] və s.
-dır4: anadır [anadı] və s.