Azərbaycan dili Azərbaycan Konstitusiyasının 21-ci maddəsi ilə Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur.
Azərbaycan dilinin ilkin bölməsi fonetikadır. Fonetika yunan sözüdür, “fone” – səs və “tika” – elm sözlərinin birləşməsindən yaranıb. Fonetikada danışıq səsləri, hərflər, vurğu, ahəng qanunu və heca öyrənilir.
Səs və hərflər dilin ən kiçik dil vahidləridir.
Danışıq zamanı istifadə edilən səslər danışıq səsləri adlanır. Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan əlavə ağ ciyər, nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi bədən üzvlərimiz də danışıq səslərinin yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü isə dildir. İnsanın dili olmasa, o danışa bilməz. Danışıq səsləri şifahi nitqin vahidləridir. Yazılı nitqdə isə onlar müəyəyn işarələrlə qeyd edilir ki, bu işarələr də hərf deyilir. Demək, hərf danışıq səsinin yazıdakı qrafik şərti işarəsidir.
Səslərlə hərflər arasında müəyyən fərqlər var.
Səslər tələffüz olunur və eşidilir.
Hərflər isə yazılır və görülür (oxunur).
Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan [] istifadə edilir.
Tələffüz zamanı səslər hava axınının maneəyə rast gəlib-gəlmədiyinə görə 2 yerə bölünürlər: sait səslər və samit səslər.
Sait səslər: Bu səsləri tələffüz edərkən ağız boşluğu heç bir maneəyə rast gəlmir. Onlar avazlı olur və heca yaradır. Bir sıra hallarda isə uzun tələffüz olunurlar. Bundan əlavə sait səslər musiqili səslərdir.
Əlifbamızda 9 sait səs var və onlar əmələgəlmə yerinə görə 3 qrupa bölünürlər.
Dilin üfüqi vəziyyətinə görə yaranan sait səslər: (Bunlara dilin arxa və ön tərəfində yaranan sait səslər də deyirlər).
İncə saitlər (dilönü saitlər): [`e`], [`ə`], [`i`], [`ö`], [`ü`].
Qalın saitlər (dilarxası saitlər): [`a`], [`ı`], [`o`], [`u`].
Dilin şaquli vəziyyətinə görə yaranan sait səslər: (Bunlara alt çənənin vəziyyətinə görə yaranan sait səslər də deyirlər).
Açıq saitlər: [`a`], [`ə`], [`o`], [`ö`], [`e`].
Qapalı saitlər: [`ı`], [`i`], [`u`], [`ü`].
Açıq saitləri tələffüz edərkən alt çənə və dil nisbətən aşağı enir, ağız boşluğu nisbətən genəlir.
Qapalı saitləri tələffüz edərkən isə alt çənə və dil nisbətən yuxarı qalxır və ağız boşluğu daralır.
Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə yaranan saitlər:
Dodaqlanan saitlər: [`o`], [`ö`], [`u`], [`ü`].
Dodaqlanmayan saitlər: [`a`], [`e`], [`ə`], [`ı`], [`i`].
Dodaqlanan saitləri tələffüz edərkən dodaqlar dairəvi vəziyyət alır.
Dodaqlanmayan saitləri tələffüz edərkən isə dodaqlar sərbəst qalır.
Samit səslər: Əlifbamızda 23 samit səs var. Bu səsləri tələffüz edərkən ağız boşluğu maneəyə
rast gəlir və həmin səslər o maneəni dəf edərək yaranır. Samit səslər küylü və avazlı olurlar. Onlar heca əmələ gətirmirlər, sadəcə olaraq hecanın formalaşmasında böyük rol oynayırlar. Eləcə də onlarda uzun tələffüz olunma kimi bir xüsusiyyət də yoxdur.
Samit səslərin yaranmasında səs telləri fərqli cür iştirak edir. Bu xüsusiyyətinə görə samit səslər kar və cingiltili olmaqla iki yerə ayrılırlar.
Kar samitlər küydən, cingiltili samitlər isə həm küydən, həm də avazdan ibarət olur. Bəzi dərsliklərdə kar samitlərin yaranmasında səs tellərinin iştirak edilmədiyi yazılır. Amma bu tamamilə yanlış bir düşüncədir. Çünki səs teli olmasa ümumiyyətlə, ağzımızdan heç bir səs çıxa bilməz. Təsəvvür edin ki, simi olmadan bir saz çalmalısınız. Bu da eynilə bu hala bənzəyir.
Kar samitlər: 11 kar samit var: [`ç`], [`f`], [`h`], [`x`], [`k`], [`p`], [`s`], [`ş`], [`t`], [`k``] [`x`].
Cingiltili samitlər: 14 cingiltili samit var: [`c`], [`v`], [`ğ`], [`g`], [`b`], [`z`], [`j`], [`d`], [`q`], [`y`], [`l`], [`m`], [`n`], [`r`].
Kar və cingiltili samitlər bir biri ilə müəyyən bir qarşılıqlılıq təşkil edirlər. Bunu belə göstərmək də olar:
Cing: [`j`], [`v`], [`ğ`], [`g`], [`b`], [`z`], [`c`], [`d`], [`-`], [`q`], [`l`], [`m`], [`n`], [`r`], [`y`].
Kar: [`ş`], [`f`], [`x`], [`k`], [`p`], [`s`], [`ç`], [`t`], [`h`], [`k``], [`-`], [`-`], [`-`], [`-`], [`x`].
Gördüyünüz kimi [`x``] və [`k``] səslərinin yazıda xüsusi bir işarəsi yoxdur. Bunlar sözlərdəki yerinə görə asanlıqla tapıla bilir. Məsələn, kartof – [`k`artof`], çörək – [`çörəx``]
[`h`] kar samitinin cingiltili qarşılığı yoxdur. Fikir versəniz, görərsiniz ki, bu samit tələffüz zamanı ağız boşluğunda heç bi maneəyə rast gəlinmir. Amma sırf heca yarada bilmədiyinə görə o samitlər cərgəsindədir. Axı qeyd edildi ki, hecanı sait səslər yaradır.
[`l`], [`m`], [`n`], [`r`] samitlərinin kar qarşılığı olmadığından onlar sonor samitlər adlanır. Sonor samitlərin özü də 2 yerə ayrılır:
- Burun sonoru: [`m`], [`n`].
- Ağız sonoru: [`l`], [`r`].