Qadin.NET / Azərbaycan dili - XXI dərs

Azərbaycan dili - XXI dərs

Azərbaycan dili - XXI dərs

Feilin quruluşca növləri

 Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə feillər

     Sadə, yəni əsli feillərdə ikinci bir morfem ayırmaq mümkün deyil. Belə feillər yalnız söz kökündən ibarət olur. Məsələn:

Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək,

Ayılma, haqqını qanma, xəbərdar olma insan tək. (M.Ə.Sabir)

     Bu misralardakı, çalış, ək, biç, aparsın, qalsın, ayılma, qanma sözləri sadə feildir. Xəbərdar olma feli quruluşça mürəkkəbdir. Xəbərdar (sifət) + olmaq (feil)

     Misaldakı çalış, apar, ayıl sözlərini kök və şəkilçiyə ayırmaq olmaz. Çünki –ış, -ar, -ıl şəkilçilərini bu sözlərdən ayırdıqda çal, ap, ay hissələri ya heç bir məna ifadə etmir, ya da ki, feilin ümumu mənası ilə heç bir əlaqəsi olmur.

     Sadə feillər haqqında bu cəhətləri yadda saxlamaq lazımdır:

1. Olmaq, etmək, eləmək feilləri az hallarda sadə, müstəqil feil kimi işlənir. Ol sözü əsasən iki halda sadə müstəqil feil kimi çıxış edir.

A) yaşamaq mənasında işləndikdə. Məsələn: Dostumgil rayonda olurlar.

B) Bir şeyin mövcud olduğunu bildirdikdə. Məsələn: Sözümün keçməsi üçün gərək saqqalım ola? Artıq aramızda varlı- kasıb söhbəti olmayacaq.

     Qalan hallarda ol feili adlarla ( isimlərlə)  birləşərək mürəkkəb feil əmələ gətirir. Məsələn: dost olmaq, qonşu olmaq, yaxşı olmaq, pis olmaq və s.

     Et, elə feilləri də çox az hallarda sadə müstəqil feil kimi işlənir. Sadə feil kimi işləndikdə təsirlik halda təsirlik halda müstəqil obyekt tələb edir. Məsələn: Bu işi kim etdi? De görüm, niyə etdin? Bizə son məqamda köməyi onlar elədi. və s.

Qalan hallarda et, elə feiləri də adlarla ( isimlərlə) birləşərək mürəkkəb feil əmələ gətirir. Məsələn: göz eləmək, fikir eləmək, söhbət etmək və s.

2. Feillər say etibarilə isimlər qədər çox olmasa da, məcaziləşmə imkanlarına görə bütün nitq hissələrindən üstündür. Odur ki, əksər feillər həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işləndikdə müstəqil sadə feil kimi çıxış edir. Məcaziləşdikdə başqa bir sözlə, xüsusən də isimlərlə birləşərək frazeoloji vahid əmələ gətirir. Dilin frazeoloji fondu daha çox belə feillərdən ibarətdir.  İdiom şəkildə olan frazeoloji vahidlər mürəkkəb feil hesab olunur. Məsələn: Maşın getdi. Əsgər fikrə getdi. O, maşıdan düşdü. O, hörmətdən düşdü. və s.  

     Bu misallardakı getdi, düşdü sözləri sadə feil, fikrə getdi, hörmətdən düşdü feilləri isə mürəkkəb feillərdir.

3. Müasir Azərbaycan dilində elə feillər var ki onları zahirən asanlıqla kök və şəkilçiyə ayırmaq olur. Məsələn: ağlamaq, inləmək, barışmaq, yarışmaq və s. Əslində isə belə feilləri kök və şəkilçilərə ayırmaq düzgün deyil.

Azərbaycan dili - XXI dərs

     Düzəltmə sözün əsas xüsusiyyətindən biri odur ki, belə sözlərin kökü ilə ondan düzələn söz arasında məna əlaqəsi olur. Məsələn: diş-dişləmək, ağ- ağarmaq, boz-bozarmaq, ayaq-ayaqlamaq, təəccüb-təəccüblənmək və s.

     Tarixən fellər çox dəyişmişdir. Onların bəziləri yeni formaya düşdükcə, köhnə forması arxaikləşmişdir. Ona görə də arxaikləşmiş feillərdən düzələn feillər sadə feillər hesab olunur. Gəlin bu sadə feillərin bəzilərinə birlikdə nəzər salaq:

     Bacarmaq, aşılamaq, bəsləmək, gizləmək, usanmaq, tanımaq və s. Bu sözləri kök və şəkiçiyə ayırdıqda kök heç bir məna vermir. Buna görə də bu sözlər sadə feillərdir.

Anqırmaq, asqırmaq, böyürmək, qışqırmaq, hıçqırmaq, öskürmək və s. Bu tipli sözlər də sadə feillərdir. Bu sözlər də kök və şəkilçilərə ayrıla bilməyən təqlidi feillərdir.

Kök, saç, düz, qoxu və s. Bu kimi feillər isimlərlə omonimdir. Bunlar həm isim kimi hal, mənsubiyyət, xəbərlik şəkilçiləri, həm də feil kimi məsdər, təsirlik, növ, inkarlıq, zaman, şəxs şəkilçiləri qəbul edərək dəyişir. 

Düzəltmə feillər

      Sözdüzəldici şəkilçilərin müxtəlif nitq hissələrinə, xüsusilə adlara artırılması ilə düzəltmə feillər əmələ gəlir. Hal və hərəkət məzmunlu yeni sözlərin yaranması üçün sözdüzəldici şəkilçilərdən istifadə edilir.

     Düzəltmə feillər isim, sifət, say və təqlidi sözlərdən, bəzən də əvəzlik və zərflərdən yaranır. Təqlidi söz düzəltmə feil üçün daha çox material verir. Feillərdən feil düzəldən bir sıra şəkilçilər də var.

Feil düzəldən şəkilçilər bunlardır:

-la2 şəkilçisi: Bu şəkilçi məhsuldardır. İsim, sifət, say, əvəzlik, zərf, nida və təqlidi sözlərdən feil düzəldir. Artırıldığı sözün mənasındab asılı olaraq düzəltdiyi sözlər təsirli və təsirsiz olur. Məsələn: ov-ovla; güllə-güllələ; bağ-bağla və s. Bu sözlərdə özündən sonra obyekt tələb edir. Buna görə də təsirli feillərdir. Arıq-arıqlamaq; xəstə-xəstələnmək- bu sözlərdən sonra obyekt tələb olunmur. Bunlar təsirsiz feillərdir.

İsimlərdən: başlamaq, gözləmək, işləmək, daşlamaq və s.

Sifətlərdən: pisləmək, murdarlamaq, zəifləmək və s.

Saylardan: ikiləmək, üçləmək, beşləmək və s.

Əvəzlikdən: özləmək

Zərflərdən: irəliləmək, geriləmək

Nidalardan: bəhbəhləmək, afərinləmək

Vokativlərdən: mələmək, gurlamaq və s.

-lan2 şəkilçisi: İsim və sifətlərdən əşyanın müəyyən vəziyyət kəsb etdiyini bildirən feillər düzəldir.

İsimlərdən: alovlanmaq, odlanmaq, şölələnmək, işıqlanmaq, güclənmək, maariflənmək və s.

Sifətlərdən: genişlənmək, avaralanmaq və s.

Bu şəkilçi –la2 şəkilçisinin qayıdış növünün daşlaşması ilə yaranmışdır. Bu şəkilçi ilə yaranan feillər təsirsiz olur.

Azərbaycan dili - XXI dərs

Qeyd: Bəzən –la2 şəkilçisi –n hərfini qəbul edərək –lan2 şəkilçisinə bənzəyir. Bunları qarışdırmamaq üçün inkarlıq və məsdər şəkilçilərindən istifadə etmək lazımdır. İnkarlıq və məsdər şəkilçiləri –n ünsüründən əvvəl gələrsə sözdə iki şəkilçi yaranır. İşlənə bilmədikdə bir şəkilçi olur. Məsələn: alovlanmaq sözünü alovlamaq, alovlamamaq kimi işlətmək olmaz. Demək bu sözdə -lan2 şəkilçisidir. Amma başlandı sözünü başlamamaq, başlamaq kimi işlətmək olur. Demək bu feildə -la2 şəkilçisi işlənmişdir. –n isə növ bildirir.

-laş2 şəkilçisi: İsim, sifət, say və zərfdən feil düzəldir.

İsimlərdən: daşlaşmaq, sözləşmək, dərdləşmək və s.

Sifətlərdən: yaxşılaşmaq, fəallaşmaq,adiləşmək və s.

Saylardan: birləşmək, çoxlaşmaq

Zərflərdən: tezləşmək, gecləşmək,

Bu şəkilçi ilə düzələn feillər təsirsiz olur.

-al2; -l şəkilçiləri: Bu şəkilçi əksərən sifətlərdən, bəzən də isim və saylardan əşyanın müəyyən əlamət, keyfiyyət, kəmiyyət kəsb etdiyini göstərən feillər düzəldir. Məhsuldar şəkilçidir.

İsimlərdən: yönəlmək

Sifətlərdən: gicəlmək, kökəlmək, dikəlmək

Saylardan: azalmaq, çoxalmaq

-ar2 şəkilçisi: İsim və sifətlərdən feil düzəldir.

İsimlərdən: otarmaq, suvarmaq, közərmək

Sifətlərdən: ağarmaq, bozarmaq, yaşarmaq

-a2 şəklçisi: Bu şəkilçi ilə yaranan feillər obyektdə dəyişiklik yaradan hərəkəti bildirir.

İsimlərdən: ələmək, qanamaq, sanamaq, diləmək

Sifətlərdən: boşamaq

4 şəkilçisi: Məhsuldar şəkilçidir.

Sifətdən: turşumaq, bərkimək, ləngimək, yavaşımaq

İsimlərdən: dadımaq, yerimək, iyimək

-ılda4 şəkilçisi: Bu şəkilçi təqlidi sözlərdən feil düzəldir. Pıçıldamaq, nərildəmək, guruldamaq, civildəmək , nidalardan isə ufuldamaq, vayıldamaq və s.

-sa2; -sı4; -sın4 şəkilçiləri: susamaq, qəribsəmək, tamsınmaq, diksinmək və s.

-imsə; -ümsə şəkilçiləri: Qeyri-məhsuldardır. Əvəzlik və feillərdən feil düzəldir. Mənimsəmək, gülümsəmək.

-ıq, -ik, -uq, -ük şəkilçiəri: İsim, sifət, zərf, say və feildən feil düzəldir. Yoluxmaq, darıxmaq, gecikmək, birikmək və s.

-an2 şəkilçisi: İsimlərdən və təqlidi sözlərdən feil düzəldir. Dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq və s.

-xa; -xala; -ğa; -ğala şəkilçiləri: çalxamaq-çalxalamaq, ovxamaq-ovxalamaq və s.

-aş2 şəkilçisi: yanaşmaq

-ırğa4 şəkilçisi: yadırğamaq

-na; -nə şəkilçisi: kişnəmək, qısnamaq

Azərbaycan dili - XXI dərs

Sadəcə feillərdən feil düzəldən şəkilçilər

Aşağıdakı şəkilçilər təsirsiz feillərdən təsirli feillər düzəldir.

-t: oxşamaq-oxşatmaq, oynamaq-oynatmaq və s.

-ıt4: axmaq-axıtmaq, qorxmaq-qorxutmaq və s.

-ır4: birtmək-bitirmək, qaçmaq-qaçırmaq və s.

-ar2: qopmaq-qoparmaq,

-dır4: gülmək-güldürmək, ölmək-öldürmək,

-dar2: qonmaq-qondarmaq, dönmək- döndərmək

-uz: udmaq-uduzmaq

Aşağıdakı şəkilçilər təsirli feillərdən təsirsiz feillər düzəldir.

-ıl4: -bu şəkilçi məchul və qayıdış növ feillər düzəldir.məsələn: sərmək-sərilmək, açmaq-açılmaq

-ın4: döymək-döyünmək, almaq-alınmaq, çırpmaq-çırpınmaq

-ış; aş: Əksərən təsirli, bəzən də təsizsiz feillərdən təsizsiz feil düzəldir. Məsələn: salamlamaq-salamlaşmaq, qarşılamaq-qarşılaşmaq, vurmaq-vuruşmaq

-xul: burmaq-burxulmaq

Növbəti dərs mürəkkəb feillərdən bəhs edəcək. Öyrənmək istəyən hər kəsə uğurlar!

22 may 2013
GO BACK