Qadin.NET / Azərbaycan dili - XVI dərs

Azərbaycan dili - XVI dərs

 

Sayların orfoqrafiyası

1. Miqdar sayları həm hərflərlə, həm də rəqəmlərlə yazılır. Məs: on beş-15, səksən yeddi - 87 və s.

2. Tərkibi sayların tərəfləri ayrı yazılır. Məs: on üç, iyirmi iki, əlli dörd və s.

3. Şəkilçilər miqdar saylarını son sözünə artırılır. Məs: on ikini dördə böl, on səkkizə iki artır, onu beşə vur və s.

4. Saylar müasir Azərbaycan dilində iki cür- həm ərəb rəqəmləri, həm də rum rəqəmləri ilə yazılır.

5. Ərəb rəqəmləri daha çox miqdar sayını bildirir. Sıra sayı kimi işləndikdə ondan sonra –cı4 şəkilçisi işlənir.

Bu cür yazılışda –ıncı4 şəkilçisinin –ın hissəsi nəzərə alınmır. Məsələn: 6-cı, 5-ci və s.

   Ərəb rəqəmləri aşağıdakı hallarda sıra sayı kimi işlənə bilir.

  Rəqəm yazılır, nöqtə qoyulur.Sıra ilə gələn sözlərin baş hərfi böyüklə yazılır.

Məsələn:

1. Mən

2. Sən

3. O və s.

 

   Rəqəmlər yazılır, tire (-) çəkilir, sıralanan söz xüsusi isim deyilsə kiçik hərflə yazılır. Məsələn:

1-mən

2- sən

3-o və s.

 

   Rəqəmlər mötərizədə yazılır, sıralanan söz xüsusi isim deyilsə kiçik hərflə yazılır.

Məsələn:

 

1) mən

2) sən

3) o və s.

 

   Tərkibi sayların bir hissəsi rəqəmlə, bir hissəsi sözlə yazıla bilər. Məsələn: 100 min, 5 milyon və s.

 

6. Rum rəqəmləri sıra saylarını bildirir. Onlardan sonra heç bir şəkilçi işlənməz. Rum rəqəmləri bunlardır.

I- 1

V – 5

X - 10

L – 50

C - 100

D – 500

M – 1000 

Azərbaycan dili - XVI dərs

     Bu rəqəmləri müxtəlif şəkildə birləşdirməklə hər cür kəmiyyəti ifadə etmək olur.

     Kiçik rəqəm böyük rəqəmdən sonra işləndikdə toplanır:

VI - 6 , VII- 7 , VIII – 8 , XV – 15 , XVI – 16 , XVII – 17, XVIII – 18, LX – 60, LXX – 70, LXXX – 80, CX – 110, CXX -120, CXXX - 130, CL – 150, CLX – 160, CLXX – 170, CLXXX – 180, DC – 600, DCCC – 800, MD – 1500, MDCCC – 1800

     Misallardan da göründüyü kimi bir rəqəm 3 dəfədən artıq istifadə edilə bilməz.

     Kiçik rəqəm böyükdən əvvəl işləndikdə böyükdən çıxılır.

IV – 4 (5-1=4)

IX – 9 (10-1=9)

XL – 40 (50-10)

XC – 90 ( 100-10=90)

CD – 400 ( 500-100= 400)

CM – 900 ( 1000-100=900) və s.

     Böyük sayların bu üsulla yazılışı o qədər də istifadə olunmur. Əsasən kiçik sayları bildirmək üçün rum rəqəmlərinə müraciət olunur.

Tapşırıq.

 Aşağıdakı sayları rum rəqəmləri ilə ifadə edin.

39-cu

45-ci

83-cü

158-ci

1214-cü

884-cü

1111-ci

26 mart 2013
GO BACK