Qadin.NET / Azərbaycan dili - XV dərs

Azərbaycan dili - XV dərs

Qeyri-müəyyənlik bildirən miqdar sayları.

Miqdar saylarının bu növü əşyanın qeyri-müəyyən miqdarını bildirir.

Əşyanın miqdarını bildirən bu saylar xüsusi lüğəvi vahidlərdir. Bunlar başlıca olaraq, az, çox, xeyli, bir az, bir qədər, o qədər, filan qədər sözlərindən ibarətdir.

Bəzən sayın bu növü ədatların iştirakı ilə düzəlir.Ədatlar qeyri-müəyyən miqdarı artırır və ya azaldır: lap az, lap çox, daha az, daha çox, olduqca az və s.

Qeyri-müəyyən miqdar saylarından az, çox, xeyli sözləri daha intensiv işlənməkdədir.

Miqdar sayının bu növü sadə, düzəltmə və mürəkkəb olur. Az, çox, xeyli sözləri sadədir.

Düzəltmə miqdar sayları konkret miqdar saylarının üzərinə -larla2, -larca2 şəlkilçiləri artırmaqla düzəlir. Məs: yüzlərcə insan, onlarla fabrik, minlərcə tələbə və s.

Mürəkkəb qeyri-müəyyən miqdar sayları bir sözünün az, çoz, xeyli, neçə sözlərilə, o, bu, filan,bir sözlərinə isə qədər qoşmasının artırılması ilə düzəlir. Məs: bir az, bir qədər, bir xeyli, filan qədər və s.

Qeyri-müəyyənlik bildirən miqdar saylarından az, çox, xeyli, bir az, bir xeyli, bu qədər, o qədər, filan qədər sözləri hal, hərəkət, iş bildirən sözlərdən, fellərdən də əvvəl işlənə bilir. Məs: Bir qədər dincələk, sonra yenə işləyərik.

Bu zaman həmin sözlər adverbiallaşmış olur və cümlə üzvü kimi zərflik vəzifəsində çıxış edir.

Azərbaycan dili - XV dərs

Kəsr sayları

Miqdar sayının bu növü tamın, ədədin hissəsinin bildirir. Müəyyənlik, konkretlik bildirən miqdar saylarından düzəlir. Kəsr sayları hər hansı bir çoxluq bildirən sayın -da2  yerlik hal şəkilçisini qəbul edərək azlıq bildirən və heç bir dəyişikliyə uğramayan bir sayla birgə işlənməsi yolu ilə yaranır. Məs: onda iki , dörddə üç və s.

Çoxluq bildirən say əvvəl işlənir.

Əslində tarixən –dan2 şəkilçisi daha düzgündür. Beşdən bir- yəni beş hissədən biri. Lakin –da2 şəkilçili forma ədəbi dilimizdə sabitləşmişdir.

Kəsr sayları mürəkkəb quruluşa malikdir və substantiv saydır. Odur ki, daha çox başqa sözlərlə işlənərək cümlədə mübtəda, tamamlıq və xəbər vəzifəsində iştirak edir.

Azərbaycan dili - XV dərs

Sıra sayları

Sıra sayı şəxsin, hadisənin, əşyanın sırasını bildirir və neçənci? hansı? suallarına cavab olur. Sıra sayı miqdar saylarına –ıncı4 şəkilçisi əlavə etməklə düzəlir. Məs: altıncı, birinci və s.

Bu şəkilçi saitlə qurtaran saylara əlavə edildikdə ilk saitini itirir. Məs: altı-ncı, iki-nci və s.

Sııra sayları isimlərə və sifətlərə miqdar saylarından daha yaxındır. İsim kimi cümlədə mübtəda, xəbər, tamamlıq ola bilir. Sifət kimi cümlədə təyin olub hansı? Sualına cavab verir.

Sıra sayını düzəldən şəkilçilər əvvəl, axır, orta, son sözlərinə də qoşularaq sıra bildirir. Məs: axırıncı, sonuncu, ortancı, əvvəlinci.

Sıra sayları düzəltmə saylardır. Sadə saylardan düzəldiyi kimi tərkibi saylardan da düzəlir.

Azərbaycan dili - XV dərs
11 mart 2013
GO BACK