Qadin.NET / Azərbaycan dili - XIII Dərs

Azərbaycan dili - XIII Dərs

Azərbaycan dili - XIII Dərs

Say

Əşyanın miqdarını və ya sırasını bildirən sözlərə say deyilir.

Saylar əşyanın miqdar və sırasını bildirir. Sıra sayları miqdar saylarından şəkilçilər vasitəsilə yaranır.

Miqdar sayları sadə, düzəltmə və tərkibi olur. Miqdar sayları sayıla bilən maddi varlığın bir əlaməti kimi yaranmışdır. Saylar substantivləşmə yolu ilə mücərədləşdiyi üçün hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cəm şəkilçisi ilə qeyri-müəyyən çoxluq ifadə edir. Cümlədə əsas sintaktik vəzifəsi təyindir. Substantiv və mücərrəd formada cümlədə mübtəda, tamamlıq və xəbər ola bilir. Adverbiallaşdıqda zərf rolunda da çıxış edə bilir.

Sayın həm ismə, həm də sifətə oxşar cəhətləri vardır. İsimlər əşya adı bildirdiyi kimi, saylar da müəyyən kəmiyyət adları bildirir. Sifət kimi cümlədə təyin olur, isimdən əvvəl işlənir. Sifətlər əşyanı əlamət, kefiyyət cəhətdən təyin etdiyi halda, say kəmiyyət, miqdar və sıra cəhədən təyin edir.

Konkret miqdar bildirən saydan sonra işlənən isimlər cəmlənə bilmir. Məsələn: 2 adamlar, 3 nəfərlər və s. demək düzgün deyil.

Sayın əsas morfoloji əlaməti sıra sayı düzəldən –incı şəkilçisidir. Məsələn: Beşinci sinifdəkilər çox savadlıdır.

İsimləşərək mənsubiyyət, hal, xəbərlik şəkilçiləri qəbul edə bilir. Tərkib daxilində olmadıqda cümlədə mübtəda, tamamlıq, xəbər vəzifəsində işlənə bilir. Məsələn: İkimiz də sevinirdik.20 cücədən cəmi yeddisi qalmışdı. -Neçənci kursdasan, a bacı? –dördüncüdəyəm. və s.

Say isimdən əvvəl gəldikdə dəyişməz, hallanmaz. Isim dəyişərək hallana bilər.

Sayın iki məna novü var: 1. Miqdar sayları. 2. Sıra sayları.

Hələlik bu qədər. Növbəti dərsdə miqdar sayları haqqında geniş məlumatımız olacaq.

Bu videoda say haqqında videodərslik var. Buyurun, izləyin!

    

 


31 yanvar 2013
GO BACK