Maddi varlığın əlamətini, keyfiyyətini bildirən sözlərə sifət deyilir.
Sifət yanaşma yolu ilə əşya adı bildirən sözlərlə bağlı olur. Dərəcə əlamətləri var, isimləşərək kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edir.Əlamət, keyfiyyət məzmunu ilə yanaşı maddi varlıq və əşya məzmunu da qazana bilir, cümlənin mübtəda və tamamlığı olur. Fellərlə əlaqələnərək zərfləşir və zərflik vəzifəsində işlənir. Əsas sintaktik vəzifəsi təyindir. Sifətin əsas xüsusiyyəti onun cümlə daxilində bir isimlə yanaşı işlənməsidir.
Əlamət və keyfiyyət anlayışlarını da ayırmaq lazımdır. Əlamət əşyanın zahiri görünüşü, forması ilə bağlıdır: uzun, qısa, hündür, böyük, balaca, qara, sarı və s.
Keyfiyyət əşyanın məzmunu, mahiyyəti, daxili aləmi ilə bağlıdır: acı, şirin, turş, dadsız və s. Qara gavalı dedikdə gavalının əlaməti, turş gavalı dedikdə isə keyfiyyəti nəzərdə tutulur.
Əlamət bildirən sifətləri üç qrupa ayırmaq olar.
1) Rəng bildirənlər: sarı, qırmızı, qara və s.
2) İnsanın və başqa canlı-cansız əşyaların zahiri, cismani xüsusiyyətlərini bildirənlər: lal, kor, çolaq, əlil və s.
3) Həcm, ölçü bildirənlər: böyük, balaca, qısa, uzun və s.
Keyfiyyət bildirən sifətləri bir neçə qrupa ayırmaq olar.
1) Dadbilmə, eşitmə, duyğu, lamisə duyğuları ilə hiss edilə bilən keyfiyyətlər: acı, şirin, ist,soyuq, ağır və s.
2) Xasiyyət, psixoloji vərdiş və vəziyət bildirənlər: ağıllı, dəli, başıxarab, axmaq, əsəbi, acıqlı və s.
3) Ümumi keyfiyyət, hal-vəziyyət bildirənlər: yaxşı, pis, yaman, xoşbəxt, bədbəxt və s.
Morfoloji əlamətinə görə sifətlər sadə, düzəltmə, mürəkkəb olur. Dərəcə kateqotiyasına malik olur.
Sintaktik vəzifəsinə görə sifətlər cümlədə əsasən təyin olur: Sanki qaranlıq dünyanın açarları onun əlindədir.
Sifət xəbər vəzifəsində işlənir: Bu kitab maraqlıdır.
Sifətlər necə? nə cür? Hansı? suallarına cavab verir.
Sifətin quruluşca növləri.
Sifətlər sadə, düzəltmə, mürəkkəb olur.
Sadə sifətlər. Dilimizin lüğət tərkibinə daxil olan sifətlərin böyük əksəriyyəti sadə olur. Sadə sifətlər vahid morfemdən ibarət olur. Məsələn: ağ, qara, hündür, uca, şirin, acı və s.
Düzəltmə sifətlər. Düzəltmə sifətlər sözlərin kökünə və ya əsasına şəkilçilər artırmaqla düzəlir. Əsasən isim və feldən əmələ gəlir.
Sifət düzəldən şəkilçilər bunlardır:
-lı4 : ordenli, duzlu, məzəli və s.
-sız4 : duzsuz, gülsüz, şübhəsiz, qorxusuz və s.
-kı4 : Bu sifətlər zaman zərflərinə artırılaraq zaman mənalı sifətlər düzəldir. Dünənki, bugünkü, sabahkı, bayaqkı və s. Bu şəkilçi yerlik halın şəkilçisi ilə birlikdə yer və zaman mənalı sifətlər düzəldir.: şəhərdəki, kənddəki, ocaqdakı və s.
-cıl4 : ölümcül, yuxucul, siyasətcil və s.
-lıq4 : aylıq, illik, rüblük, mənlik, sənlik, həftəlik və s.
-ı4 : narıncı, badımcanı, limoni, gümüşü və s.
Qeyri-məhsuldar şəkilçilər:
-sal4 : qumsal, duyğusal, rəqəmsal
-sul : yoxsul
-c : anac (toyuq)
-man : qocaman
-lam : sağlam
-ş : geniş, eniş, yoxuş
-ca : balaca, yaxşıca, gözəlcə
Fellərdən sifət düzəldən şəkilçilər.
-ıcı4 : qırıcı, qovucu, verici və s.
-qın ,-kin, -qun, -kün ; -ğın, -gin, ğun, gün : I qrup şəkilçilər kar, II qrup şəkilçilər isə cingiltili samitlə bitən fellərə artırılaraq hal-vəziyət, keyfiyyət düzəldən şəkilçilər düzəldir. Məsələn: tutqun, kəskin, yorğun, dolğun və s.
-ıq, -k : açıq, sönük, yanıq, qırıq və s.
-aq: bu şəkilçi –ıq şəkilçisinin açıqsaitli variantıdır.ürkək, kövrək və s.
-ağan, -əyən : ağlağan, güləyən, qaçağan, və s.
-ınc4 : qorxunc, ürkünc, gülünc və s. Qısqanc, iyrənc sözlərindəki –c şəkilçisi də -ınc şəkilçisinin qalığıdır.
-caq, -cək : utancaq, ərincək, yelləncək və s.
-ar2 : yanar, ağlar, gülər, axar və s.
-maz2 : axmaz, ağlamaz, gülməz, yanmaz
-ma2 : yanma, donma, axma, burma və s.
Daha az məhsuldarlığı olan şəkilçilər:
-əri : gedəri, köçəri
-qan : çalışqan
- ri : əyri
- ım : qıvrım.
Ön şəkilçilər bunlardır: bi, na, ba, la. Bu şəkilçilər ba şəkilçisindən başqa hamısı –sız şəkilçisinə uyğun gəlir. Binamus-namussuz, nainsaf-insafsız, laməkan-məkansız
Ba şəkilçisi isə -lı şəkilçisinə uyğun gəlir: baməzə-məzəli, basəfa-səfalı və s.
Alınma –i şəkilçisi sözlərə qoşulduqda bir əşyaya hadisəyə və s. məxsuslusq bildirən sifət yaradır. Məsələn: inqilabi, mənəvi, elmi, mülki, zahiri, daxili və s.
Qeyd: həqiqət, təbiət sözlərindəki -ət düşür. Həqiqət-həqiqi, təbiət-təbii
Ərəb dilindən alınmış –dar, fars dilindən alınmış –kar, -baz, -pərvər, -pəsənd şəkilçiləri də sözlərə qoşularaq sifət düzəldir.
Rus və avropa xalqlaının dlindən alınmış bir sıra sifət düzəldən şəkilçilər də var. Bir neçəsi ön şəkilçilərdir.
anti: antifaşist
a: anormal
Son şəkilçilər:
-iv : obyektiv
-loji: bioloji
-tik: sistematik
-ist : idealist, materialist