Qadin.NET / Azərbaycan dili - I dərs

Azərbaycan dili - I dərs

Əziz xanımlar! Baş redaktorumuz Ceylan xanım və adminlərin də razılığı ilə saytımızda Azərbaycan dili dərsləri bu gündən xidmətinizdədir.Bacardığım qədər öz biliklərimi sizlərlə bölüşməyə çalışacağam.Neçə gündür ki,proqram üzərində çalışıram.İnşallah hər şey layiqincə olar. Gəlin  birlikdə dilimizi daha gözəl öyrənək!

Azərbaycan dili - I dərs

Azərbaycan dili türk dilləri ailəsinin oğuz dil qrupuna aiddir.4000 ildən artıq tarixə malik Azərbaycan dili Oğuz türk dilləri qrupuna aid olan doqquz dil arasında işlədilmə sayına görə Türkiyə türkcəsindən sonra ikinci yeri tutur.Bu dil Azərbaycan respublikasının və Dağıstan respublikasının rəsmi dövlət dilidir.2001-ci ildən etibarən hər il 1avqust Azərbaycan dili və əlifbası günü kimi qeyd olunur.

Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir. Yəni,sözlər arasındakı əlaqələrdə şəkilçilərdən çox geniş istifadə olunur.

Dilçilik elminin beynəlmiləl adı linqivistikadır.Bu söz latıncadan lingua (dil) sözündən əmələ gəlmişdir.Dilçilik dilin qanunauyğunluqlarını , inkişaf tarixini öyrənən elmdir.Bu elmin bir çox sahələri var: fonetika,leksikologiya,dialektologiya,üslubiyyat və s.

Dilçilik elminin ən geniş və böyük bölməsi qrammatikadır. Qrammatika sözü yunan sözü olub, “qramma” hərf,”tike” elm kimi tərcümə olunur və ümumilikdə “hərf haqqında elm” və ya “yazı sənəti” deməkdir. Qrammatika sözlərin dəyişməsi və birləşməsi qaydalarından bəhs edən elmdir.Qrammatikanın bir sıra növləri vardır.

1.Tarixi qrammatika –sözlər, söz birləşmələri, cümlələrin quruluşu,dəyişmə və inkişaf tarixini öyrənir.

2.Müqayisəli qrammatika -dilin dialekt və şivələri ilə ədəbi formasını müqayisəli şəkildə öyrənir.

3.Tarixi-müqayisəli qrammatika –Qohum dillərin bir-biri ilə tarixi əlaqələrini öyrənir.

4.Təsviri-elmi qrammatika –dilin hazırkı inkişaf vəziyyətini, müasir səviyyədə dilin qrammatik quruluşunu elmi şəkildə tədqiq edir.

5.Məktəb qrammatikası –Ənənəvi tədqiqatlara əsaslanan, ümumtəhsil məktəblərində öyrənilən qrammatikadır.

6.Məntiqi qrammatika

7.Nəzəri qrammatika

8.Fəlsəfi qrammatika

9.Akademik qrammatika

Qrammatika özü də iki böyük, bərabərhüquqlu şöbədən ibarətdir: morfologiya və sintaksis.

Morfologiya yunanca morfos (forma) və logos (söz) sözlərinin birləşməsindən əmələ gəlib. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir.

Sintaksis də yunan sözüdür.Syntaxis (tərtib) deməkdir. Bu sahədə sözlərin söz birləşmələri və cümlə daxilində əlaqələnməsindən bəhs olunur.

Hələlik bu qədər. Növbəti dərsdə, İnşallah morfologiya haqqında geniş şəkildə öyrənəcəyik.Bu şəkil təsadüfən qarşıma çıxdı,çox xoşum gəldi.Sizinlə bölüşmək istədim.

Azərbaycan dili - I dərs
9 oktyabr 2012
GO BACK