“Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində “Bakcell”in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə yekun vurub.
İki ay davam edən layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist-aparıcı Kənan Hakimov isə Böyük Britaniyanın Mançester şəhərində bir həftəlik səyahət paketi ilə mükafatlandırılıb.
Layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaq idi. Xüsusi təlim proqramı sayəsində iştirakçılar futbol xəbərlərinin auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın üstünlükləri barəsində məlumatlandırılıb və praktik məşğələlər vasitəsilə yeni biliklər əldə ediblər.
Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni media üzrə ixtisaslaşmış britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən keçirilib.
15-dən çox futbol reportyorunun qatıldığı təlimlərdə iştirakçılara “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi digər önəmli mövzular haqqında danışılıb. Birinci təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki, Millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşərək təlimə xüsusi maraq qatıblar.