Qadin.NET / Şəkidə festival keçiriləcək!

Şəkidə festival keçiriləcək!

KANAL S /REGION TV xəbər verir ki, 9 may 2014-cü ildə “Kanal S” və Şəki şəhər İcra Hakimiyyətinin təşkil etdiyi konsert əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi 70 nəfərdən ibarət qrupun yürüşü ilə başlamışdı. 10 mayda isə Şəkinin Qala divarlarının yaxınlığında yerləşən Yaşıl Teatrda “Natiq” ritm qrupunun konserti keçirilmişdi. Konsertin sonunda qrup rəhbəri xoş xəbər alır. O, bu xəbəri özü üçün evdən, avtomobildən qiymətli hədiyyə kimi dəyərləndirir. "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov: “Şad bir xəbər gəldi. Bu xəbəri elə indi "Kanal S"in əməkdaşı Həyat xanım mənə çatdırdı. O, mənə mənim həyatda ən çox arzuladığım bir "hədiyyə"nin xəbərini verdi. Düzdür, bu, ev deyil, maşın deyil, pul da deyil. Onlar hamısı bunun yanında boş şeydir. Bu hədiyyə bizə hörmətli icra başçısı cənab Elxan Usubov tərəfindən verilib. Belə ki, gələn il Şəkidə festival keçiriləcək.” 
Bəli, Şəki Şəhər İcra Hakimiyyəti və "Kanal S"in təşkilatçılığı ilə keçirilən möhtəşəm konsertdən sonra şəhər rəhbərliyi Şəkidə nağara festivalının keçirilməsinə qərar verdi.
Bir il keçdi... Sabah, yəni 22/08/2015 tarixindən Şəkidə nağara festivalına start veriləcək. Festivalının açılışından əvvəl möhtəşəm yürüş gerçəkləşdiriləcək. Hansı ki, ilk yürüş də məhz Şəkidə keçirilmişdi. Bu dəfəki yürüşdə xarici ölkələrdən qatılan qrupların nümayəndələrinin də yürüşdə iştirak edəcəyi gözlənilir. Ötən dəfəki yürüşdən fərqli olaraq, bu dəfə marşrut dəyişdirilib. Belə ki, bu dəfə "Natiq" ritm qrupu və könüllər Şəkinin Axundov kinoteatrının qarşısından "Yaşıl Teatr"a doğru hərəkət edəcəklər.
Şəki Şəhər İcra Hakimiyyəti və "Kanal S"in təşkilatçılığı ilə keçirilən ilk  yürüşdə olduğu kimi, bu dəfə də ritm qrupunu yol boyu könüllülər müşayiət edəcək. Eləcə də, yürüş zamanı yenə də Qafqazın ən böyük nağarasının sədaları eşidiləcək. Nakam adına kitabxananın qarşısından "9 mərtəbə" istiqamətində hərəkət edən qrup daha sonra Axundov prospekti ilə "Yaşıl Teatr"a istiqamətlənəcək.
Yürüş "Yaşıl Teatr"da başa çatacaq və bu, axşam saatlarına təsadüf edəcək ki, həm yürüşə qatılanlar istidən əziyyət çəkməsin, həm də ritmlə işıq efektlərinin ahəngi tamaşaçılara unudulmaz anlar yaşatsın. Təbii ki, açılış mərasimi də təşkil olunacaq. Açılış mərasimində isə festivala qatılan ölkələrin nümayəndələri öz çıxışları ilə tamaşaçıları sevindircək. Ümumiyyətlə isə 22-26 avqust tarixlərində keçiriləcək festivalda bir-birində maraqlı sürprizlər olacaq.

21 avqust 2015
GO BACK